Milli Tarix Muzeyi, Ağsu arxeoloji ekspedisiyası, "Miras" mədəni irsin öyrənilməsinə kömək ictimai birliyi, "Yeni istedadlar" uşaq və gənclər təşkilatı, eləcə də N.Nərimanov adına kütləvi kitabxananın birgə təşkilatçılığı ilə Milli Azərbaycan Tarixi Muzeyində "Məktəblilərin gözü ilə Azərbaycan arxeologiyası" mövzusunda seminar keçirildi.
Tədbirdə 91 saylı məktəbin şagirdləri də iştirak edirdilər. İştirakçılar muzeydə təşkil olunmuş "Ağsu möcüzəsi" sərgisinə baxış keçirdilər. Tədbiri giriş sözü ilə açan "Yeni istedadlar"ın sədri Cəfər Mənsimi ilk olaraq tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, bu tədbirin təşkil edilməsində əsas məqsəd məktəblilərin dünyagörüşlərinin hərtərəfli inkişafına, onlarda mədəniyyət ocaqlarımıza qarşı maraq artırmaq və istedadlıları üzə çıxarmaqdan ibarətdir: "Bununla yanaşı, biz istəyirik ki, hazırda Ağsu rayonunda gedən qazıntı işləri ilə bağlı gəncləri də məlumatlandıraq və gənclərimizdə tariximizə bir daha maraq yaratmış olaq". |