MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi 2010-2013-cü illərdə həyata keçirdiyi “Orta əsr Ağsu şəhəri Arxeoloji turizm kompleksi layihəsi”nin davamı olaraq “Elmin, mədəniyyətin və iqtisadiyyatın dialoq mərkəzi - Ağsu” layihəsinə başlamışdır. Bu layihə bir neçə mərhələdən ibarətdir ki, həmin mərhələlərdən biri Ülgüc Etnoqrafik məhəlləsinin yaradılmasıdır. Məqsəd Orta əsr Ağsu şəhərində aşkar olunmuş sənətkarlıq sahələrinin Ağsuda yenidən canlandırmaq və inkişafına nail olmaqdır. 2014-cü ilin Sənaye ili elan olunması MİRAS İctimai Birliyini bu layihəni həyata keçirməyə daha da ruhlandırmış və regionda daha bir mədəniyyət sənayesi obyektinin yaradılmasına stimul vermişdir.
Fevral ayının 12-də dulusçuluq sənətinin inkişaf etdirilməsi məqsədilə Türkiyə Cümhuriyyətinin REF-SAN İzolasyon Sənaye və Ticarət Ltd. Şirkətinin müdiri Gökhan Karaaslan və yardımçısı Uğur Polatla Ağsuda görüş keçirilmişdir. Qonaqlar əvvəlcə Orta əsr Ağsu şəhəri Arxeoloji turizm kompleksində nümayiş etdirilən saxsı, farfor, fayans və şüşə məmulatı ilə tanış olmuş, qazıntı sahələrindəki dulusçuluq sobaları və iri təndirlərə baxış keçirmişlər.
Daha sonra qonaqlar Ülgüc Etnoqrafik məhəlləsində qurulacaq dulusçuluq emalatxanası ətrafında fikir və düşüncələrini bölüşmüşlər. İndiyə qədər Türkiyə və dünyanın müxtəlif yerlərində oxşar emalatxanalar quran REF-SAN Şirkətinin nümayəndələri yaxın zamanlarda dulusçuluq emalatxanası ilə bağlı müxtəlif təkliflər təqdim edəcəklərini bildirmişlər.
Məlumat üçün bildirək ki, REF-SAN Şirkəti 1992-ci ildə Türkiyə Cümhuriyyətinin Kütahya şəhərində qurulmuş, dulusçuluq və onun texnikası sahəsində ixtisaslaşmışdır. Şirkət keramika və şüşə istehsalı ilə bağlı texnika və avadanlıqlar hazırlayır, habelə emalatxanalar qurur.
|