21-23 fevral tarixində Goranboy rayonunda yerləşən Xocalı şəhər 1 və 4 saylı məktəbinin şagirdləri fizika müəllimi Kənan Quliyev və ibtidai sinif müəlliməsi Sədaqət İbrahimovanın rəhbərliyi ilə Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksinin qonağı olublar.
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü ilə başlanan, eləcə də Ağsu və Xocalı rayonlarının İcra hakimiyyətləri, Az-Granata Şirə və Şərab İstehsalı Müəssisəsi tərəfindən dəstəklənən layihə məktəblilər arasında vətənpərvərlik duyğusunun tərbiyəsi, ölkə tarixinin, mədəni irsinin tanıdılması məqsədi daşıyır. Bu dəfə əsas hədəf doğma yurd-yuvalarından didərgin düşən, qaçqın həyatı yaşayan, valideynlərinin, babalarının doğulduqları torpaqların üzünü belə görməyən, cəbhə xəttində düşmən gülləsi altında yaşayaraq yurd həsrəti çəkən Qarabağ məktəblilərinə Ağsu və onun mədəni irsini tanıtmaqdır.
Başqa cəbhəyanı məktəbləri də əhatə edəcək layihə çərçivəsində ilkin olaraq Xocalı şəhər məktəbliləri yerləşdikləri məkandan avtobusla götürülərək, Ağsu şəhərinə gətirilib, Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksində yerləşdiriliblər.
Fevralın 22-də səhər ekskursiya Heydər Əliyev seyrangahından başlanıb, burada məktəblilərə Ağsu haqqında geniş məlumat verilib. Sonra məktəblilər Ağsu Tarix və Diyarşünaslıq Muzeyinə gəlib, burada nümayiş olunan qədim dövrdən müasir çağımıza qədər dövrü əhatə edən maddi-mədəniyyət nümunələri ilə tanış olublar. Xocalıdan olan müəllimlər muzeydəki Xocalı bölməsinin gələcəkdə daha da zənginləşdirilməsi üçün köməklik göstərəcəklərini bildiriblər.
Xocalı məktəbliləri Heydər Əliyev Mərkəzi ilə tanış olub, burada bir qrup Ağsu məktəblisi və müəllimlərlə görüşüblər. Mərkəzdə baş tutan "Azərbaycanın mədəni irsi - Xocalı və Ağsu abidələri" mövzusunda seminarı MİRAS İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli açıq elan edib, Ağsu rayonu İcra Hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva, Mərkəzin rəhbəri Reyhanə Tacızadə, Xocalı və Ağsu məktəbliləri adından müəllimlər Sədaqət İbrahimova və Sənan Nemətov çıxış ediblər. MİRAS İctimai Birliyinin istehsalı olan "Xocalı vaxtı" filmi nümayiş olunduqdan sonra Fariz Xəlilli Xocalı soyqırımının baş verməsini onun tarixi və əhatə etdiyi mədəni irsi ilə əlaqələndirib, mədəni irsimizə sahib çıxacağımız təqdirdə hər zaman güclü olacağımızı qeyd edib.
Məktəblilər Az-Granata Şirə və Şərab İstehsalı Müəssisəsinin də qonağı olublar. Müəssisənin texnoloqu Qürbət Səfərov məktəbliləri Ağsunun dünya şöhrətli şirələrinin istehsal prosesi ilə tanış edib. Buradakı təmiz və sürətli istehsal prosesi məktəblilərin marağına səbəb olub.
Günün sonunda Ağsu ekspedisiyasının hal-hazırda arxeoloji tədqiqat apardığı Orta əsr Şıxməzid yaşayış yerində olan məktəblilər qazıntıların gedişini izləyərək, yeni aşkar olunmuş ictimai binanı və Şıxməzid türbəsini ziyarət ediblər. AMEA-nın müxbir üzvü Cəfər Qiyasi və professor Qafar Cəbiyev ilə görüş məktəblilərə maraqlı olub. Elmira Abbasovanın timsalında isə qadın arxeoloqu görən məktəblilərdə tarixə və arxeologiyaya maraq artıb.
Fevralın 23-də Xocalı məktəbliləri Orta əsr Ağsu şəhəri Arxeolji turizm Kompleksini gəzərək, buradakı qala divarları, Cümə məscidi, hamam, buzxana, sənətkar emalatxanaları və yaşayış evlərinin qalıqları ilə tanış olublar.
Sonda tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli məktəblilərin çoxsaylı suallarına cavab verib, eləcə də məktəblilər təəssüratlarını bölüşüb, əvvəllər Ağsunu tanımadıqlarını, indi isə daha çox məlumatlı olduqlarını, bu bilgilərini öz məktəbli yoldaşları ilə bölüşəcəklərini ifadə etmişlər. Daha sonra Xocalı məktəblilərinə MİRAS İctimai Birliyinin nəşri olan kitab, broşür və jurnallar hədiyyə edilib. |