AZE ENG
Facebook
Twitter Google Myspace
MİRAS “Təmiz kənd” layihəsinə start verir
27-3-2014

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin həyata keçirməyə başladığı yeni layihənin tam adı belədir: “Təmiz kənd - yerli icmaların iştirakı ilə ekoloji və etnoqrafik identikliyin qorunması və davamlı inkişafı”.
Layihə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə gerçəkləşdirilir.
Məqsəd kənd yerlərində sakinlərin ekoloji və etnoqrafik identikliyinin öyrənilməsi, qorunması yollarının müəyyən edilməsi, problemlərin bələdiyyələrlə müzakirə olunması, yerli əhaliyə təlimlərin keçilməsi və maarifləndirmə işlərinin aparılması ilə davamlı inkişafa nail olunmasıdır. Belə ki, Azərbaycanın bölgələrində, xüsusilə kənd yerlərində tarixdən və kökdən gələn təmizkarlıq, ekoloji və bioloji identikliyin mühafizəsi üçün görülən işlər, etnoqrafik yanaşmalar diqqətdən kənarda qalmaqdadır. Əfsuslar olsun ki, bir sıra hallarda problemlər kitab üzərində araşdırılır, hesabatlar yazılır, tədqiqatlar aparılır, amma bütün bunlara rəğmən hər sahədə kənd sakinlərinin maarifləndirilməsinə böyük ehtiyac duyulur. Xalqımıza xas qədim və zəngin milli adət ənənələrin real ünvanı olan kəndlərimiz müasir ekoloji və etnoqrafik yanaşmalardan kənarda qalır, çox zaman bu sahədə ölkədə əldə olunan nailiyyyətlərdən xəbərsiz olurlar. Kəndlərdə məişət və təsərrüfat tullantıları üçün xüsusi yerlər ayrılmır, tullantıların daşınması və təkrar emalı istiqamətində demək olar ki, heç bir iş görülmür. Beləliklə, kənd sakinləri evlərində və həyətlərində toplanmış məişət və təsərrüfat tullantılarını xaotik şəkildə hara gəldi tullayırlar, münasib olmayan yerdə və şəraitdə yandırılır və havaya zəhərli qazlar sovrulur. Bütün bunların nəticəsi olaraq təhlükəli epidemiya ocaqları yaranır, az qala hər addımda ziyanlı və zəhərli tullantıların ərzaq və içməli su mənbələrinə qarışması təhlükəsi yaranır, ekologiya çirklənir, flora və faunaya ciddi ziyan dəyir, kənd təsərrüfatı məhsullarının təmiz, sanitar şəraitdə istehsalı sual altında qalır, insanların sağlamlığı təhlükə ilə üzləşir.
Kənd yerlərində məişət tullantılarının planlı, operativ və mütəşəkkil qaydada toplanmaması, ərazilərin çirkli olması həmin yerlərdəki tarix və mədəniyyət abidələrinin aşkara çıxarılıb tədqiq edilməsinə mane olur, bölgəyə turistlərin cəlbi ilə bağlı problemlər yaradır.

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi həyata keçirdiyi layihə çərçivəsində məqsədi sosial, iqtisadi və mədəni səviyyəsi eyni olmayan üç kəndin - Ağsu rayonunun Çiyni, Ülgüc və Gəgəli kəndləri timsalında ekoloji təmiz və etnoqrafik baxımdan cəlbedici kənd mühitinin yaradılmasına və bu kəndlərin başqa kənd yerlərinə nümunə olmasına nail olmağa çalışacaq. Bundan ötrü həmin kəndlərin bələdiyyələri ilə əməkdaşlıqda orada ekspertlərin iştirakı ilə mövcud ekoloji və etnoqrafik vəziyyəti öyrənmək üçün monitorinq aparılacaq. Artıq monitorinq və sorğuların aparılması üçün işçi qrup yaradılıb və layihə üzrə işlər aparılmağa başlayıb.
Növbəti mərhələdə ekspertlər vəziyyəti qiymətləndirdikdən sonra həmin kəndlərin bələdiyyə işçiləri, yerli icmaların nümayəndələri üçün maarifləndirici təlimlər keçiriləcək. Təlimlərdə məişət tullantılarının ətraf mühitə, insan sağlamlığına, eləcə də bölgənin ümumi inkişafına mənfi təsirləri və onların aradan qaldırılması yollarından bəhs olunacaq, bu istiqamətdə müvafiq tövsiyyələr işlənib hazırlanacaq. Daha sonra kənd ictimaiyyətinin nümayəndələrindən ibarət könüllü qrupları yaradılacaq. Ekspertlərin təlimatları əsasında kəndlərdə təmizlik işləri aparılacaq və gələcəkdə ekoloji təmiz kənd mühitinin saxlanması yolları axtarıb tapılacaq. Layihə çərçivəsində görüləcək işlərə MİRAS İB-nin üzvlərindən ibarət könüllülər də cəlb olunacaq.
Tədbirlərə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, eləcə də başqa aidiyyatı qurumların mütəxəssisləri də dəvət olunacaq.
Layihə müddətində əldə olunan məlumatlar, rəy və tövsiyələr əsasında kitabçanın nəşr olunması da nəzərdə tutulur.
Layihənin rəhbəri MİRAS İB-nin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillidir.

Oxunub : 3039