AZE ENG
Facebook
Twitter Google Myspace
BOSNİYA VƏ HERSOQOVİNADA II BEYNƏLXALQ TÜRK SƏNƏTLƏRİ, TARİXİ VƏ FOLKLORU KONFRANSI KEÇİRİLİB
8-4-2014

6-8 aprel 2014-cü il tarixdə Bosniya və Hersoqovina Respublikasının paytaxtı Sarayevo şəhərində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi (Azərbaycan), Səlcuq Universiteti Türk Əl Sənətləri Araşdırma və Tətbiqetmə Mərkəzi (Türkiyə) və Beynəlxalq Sarayevo Universtetinin (Bosniya və Hersoqovina) təşkilatçılığı ilə II Beynəlxalq Türk Sənətləri, Tarixi və Folkloru Konfransı keçirilib. Konfransda Türkiyə, Azərbaycan, Bosniya və Hersoqovina, Makedoniya, İranın müxtəlif elmi müəssisələrini təmsil edən 50-dən çox elm adamı maraqlı məruzələrlə çıxış edib.
Konfransı giriş sözü ilə Təşklat komitəsinin rəhbəri Ahmet Aytaç açıb. Beynəlxalq Sarayevo Universtetinin rektoru, professor Yücel Oğurlu iştirakçıları salamlayaraq konfransın işinə uğurlar arzulayıb. Təşkilat Komitəsinin həmsədrləri Dr. Fariz Xəlilli (Azərbaycan), Dos.Dr. Osman Kunduracı (Türkiyə) və Dos.Dr. Muhiddin Mulaliç (Bosniya və Hersoqovina) öz çıxışlarında konfransın hazırlanması və yüksək elmi-təşkilati səviyyədə keçirilməsi ilə bağlı məsələlər üzərində dayanıblar.
AMEA-nın müxbir üzvü, tanınmış memar Cəfər Qiyasi "Memarbaşı Əcəm Əli Ağanın yaradıcılığı haqqında", AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, professor Qafar Cəbiyev və Azərbaycan Müəllimlər İnstitutunun prorektoru, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli "Orta əsr Ağsu şəhəri və ətrafında Türk-İslam abidələri (Xanəgah, türbə və qəbirlər)", Azərbaycan İqtisad Universitetinin professoru Abbas Seyidov "Qədim türk mənəviyyatına bir baxış", İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin şöbə müdiri, professor Kamil İbrahimov "Bakıdan aşkar olunmuş dulus məmulatı üzərindəki insan, heyvan, quş təsvirləri və onların toxuculuq sənəti ilə əlaqəsi", İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi rəisinin köməkçisi, professor Vəfa Quliyeva "Məhəmməd məscidi", AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktor müavini, tarix üzrə fəlsəfə doktoru Həbibə Əliyeva "Azərbaycanda qədim türk izləri arxeoloji və epiqrafik abidələrdə", MİRAS İctimai Birliyinin sədr müavini Arzu Soltan "Füzulinin mənsur əsərləri", AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun doktorantı Elmira Abasova "Folklor qaynaqlarında təbiət kultlarının bədii tərənnümü" mövzularında məruzələri konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
Konfransda Türkiyənin Selçuk Universiteti, Kocaeli Universiteti, Van Yüzüncü Yıl Universiteti, Uşak Universiteti, Celal Bayar Universiteti, Erzurum Atatürk Universiteti, Topqapı Sarayı Muzeyi və digər elm ocaqlarını təmsil edən alimlərin məruzələri böyük marağa səbəb olmuşdur.
Professor Qafar Cəbiyevin sədrliyi ilə keçən yekun iclasda Universitetin rektoru, professor Yücel Oğurlu, professor Özer Kanburoğlu, dosent Yaşar Erdemir, dosent Osman Kunduraçı, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli və Ahmet Aytaç çıxış edərək konfransla bağlı təəssüratlarını bildirmişlər.
Konfransın gedişi ərzində Beynəlxalq Sarayevo Universitetinin foyesində "Türk əl sənətləri sərgisi" və konfransa təqdim olunmuş posterlər nümayiş olunub. Azərbaycandan da qatılmış elm adamlarının posterləri yer almışdır.
Professor Qafar Cəbiyev Səlcuq Universitetinin ənənəvi olaraq hər il təqdim olunan "Bilime, Sanata Katkı Ödülü" ilə mükafatlandırılıb. Konfrans təşkilatçıları bir-birinə qarşılıqlı olaraq plaketlər və hədiyyələr təqdim ediblər.
Konfransın son günü iştirakçılar Bosniya və Hersoqovinanın tarixi və görməli yerləri ilə tanış olublar.
 

Oxunub : 4182