AZE ENG
Facebook
Twitter Google Myspace
Mədəni İrsin Konservasiyasında Gənclər Beynəlxalq Şəbəkəsinin IV Beynəlxalq Simpoziumu keçiriləcəkdir
26-5-2014

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziriyi, “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, İtaliya Konservasiya Alimləri Assosiasiyası, Mədəni Mülkiyyətin Öyrənilməsi və Bərpası üzrə Beynəlxalq Mərkəz (İCCROM), İtaliya Respublikasının Sapienza və Belçika Krallığının Antverpen Universitetlərinin təşkilatçılığı və Azərbaycan Milli Elmlər Akademiyası, Prezident yanın da Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Ağsu Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Mədəni İrsin Konservasiyasında Gənclər Beynəlxalq Şəbəkəsinin IV Beynəlxalq Simpoziumu keçiriləcəkir. Dünyanın 25-dən artıq ölkəsindən mədəni irsin tədqiqi və qorunması sahəsində ixtisaslaşan 100-dən artıq gənc mütəxəssisinin iştirak edəcəyi tədbir 28-30 may 2014-cü il tarixində keçiriləcəkdir. 

Məlumat üçün bildirək ki, Mədəni İrsin Konservasiyasında Gənclər Beynəlxalq Şəbəkəsi (YOCOCU) 2008-ci ildə təsis edilmişdir. YOCOCU mədəni irsin inkişafının təmin edilməsi üzrə müxtəlif sahələrdə çalışan tələbələr, magistrlər, doktorantlar, gənc tədqiqatçılar və konservasiyaçılar üçün geniş imkanların yaradılmasına, onların beynəlxalq şəbəkəsinin arealının genişləndirilməsinə və irsin mühafizəsində gənclərin rolunun daha da artırılmasına xidmət edən beynəlxalq qeyri-hökumət təşkilatıdır. Şəbəkənin bundan öncəki Simpoziumları Roma, Palermo və Antverpen şəhərlərində keçirilmişdir. 2012-ci ildə Belçikanın Antverpen şəhərində keçirilən III YOCOCU Simpoziumunda Azərbaycan nümayəndə heyəti iştirak edərək, növbəti tədbirin Azərbaycanda keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir.
Tədbirin açılış mərasimi 28 may 2014-cü il tarixində saat 10.00-da Ağsu rayonunda “Orta əsr Ağsu şəhəri” Arxeoloji Turizm Kompleksində başlayacaq və saat 14.30-da Şamaxı Palace Platinum by Rixos Hotelinin konfrans zalında plenar iclasla davam etdiriləcəkdir. Açılış mərasimində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının və İtaliya Konservasiya Alimləri Assosiasiyasının rəhbər şəxslərinin iştirakı nəzərdə tutulmuşdur.
Simpoziumun bölmə iclasları 28-29 may 2014-cü il tarixində mədəni irsin tədqiqi və qorunması üzrə müxtəlif problemlərə həsr olunmuş təqdimatların nümayişi ilə davam etdiriləcəkdir. Bölmə iclaslarının ətraflı proqramı ilə http://www.yococu.com/ elektron ünvanından tanış olmaq mümkündür. Tədbirlər çərçivəsində Beynəlxalq Simpozium iştirakçıları üçün Lahıc tarix-mədəniyyət qoruğu və Basqal Dövlət tarix-mədəniyyət qoruğuna informativ turların da təşkil edilməsi nəzərdə tutulmuşdur.

Oxunub : 3568