Avqust ayının 23-də Ağsu rayonu Çiyni kənd stadionunda MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin 2014-cü ilin mart ayından Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Təmiz kənd - yerli icmaların iştirakı ilə ekoloji və etnoqrafik identikliyin qorunması və davamlı inkişafı” adlı layihəsi çərçivəsində "Təmiz Kənd" I Mini Futbol turniri baş tutacaq. Bu maraqlı futbol yarışmasına "Təmiz kənd" layihəsi ilə əlaqəli olan Miras İctimai Birliyi, Ağsu-Ülgüc bələdiyyəsi, Çiyni bələdiyyəsi, Gəgəli bələdiyyəsinin futbol komandaları qatılacaq. Əvvəlcə püşkatma nəticəsində 4 komanda yarımfinal oyunlarında qarşılaşacaq. Qalib gələn komandalar finalda, uduzan komandalar 3-cü yer uğrunda oynayacaq. Hər dörd yer üçün xüsusi mükafatlar nəzərdə tutulub.
"Təmiz Kənd" I Mini Futbol turnirinin əsas məqsədi kənd gəncləri arasında zəif vəziyyətdə olan icma həmrəyliyini inkişaf etdirmək, eləcə də təmiz kənd mövzusunda gəncləri maarifləndirməkdir.
"Təmiz Kənd" I Mini Futbol turnirinə Ağsu rayonu İcra hakimiyyəti, Ağsu şəhər bələdiyyəsi, Gəgəli kənd bələdiyyəsi, Çiyni kənd bələdiyyəsi ilə yanaşı, Az-Granata Şirə və Şərab Emalı Müəssisəsi də dəstək verir.
|