AZE ENG
Facebook
Twitter Google Myspace
Təmiz kənd layihəsinə yekun vuruldu
5-9-2014

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə 2014-cü il mart-avqust aylarında “Təmiz kənd - yerli icmaların iştirakı ilə ekoloji və etnoqrafik identikliyin qorunması və davamlı inkişafı” adlı layihə həyata keçirmişdir. Layihənin məqsədi sosial, iqtisadi və mədəni səviyyəsi eyni olmayan üç kəndin - Ağsu rayonunun Çiyni, Ülgüc və Gəgəli kəndləri timsalında ekoloji təmiz və etnoqrafik baxımdan cəlbedici kənd mühitinin yaradılmasına və bu kəndlərin başqa kənd yerlərinə nümunə olmasına yönəlib.
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi 19-20 aprel 2014-cü il tarixlərində layihə çərçivəsində Ağsu rayonunun Çiyni, Gəgəli və Ülgüc kəndlərində monitorinq və əhali arasında sorğu keçirib. Ümumilikdə sorğuda 67 nəfər iştirak edib. Onlar müxtəlif yaş qruplarına, peşə ixtisasına malik insanlar olublar. Çiyni kəndində 20, Gəgəli kəndində 22, Ülgüc kəndində isə 23 nəfər sorğuda iştirak edib. Rəyi soruşulanların 20-si qadın (Çiyni və Gəgəli kəndlərində hərəsində 6 nəfər, Ülgüc kəndində isə 8 nəfər olmaqla), 47-i isə kişi olub. Ekspertlər monitorinqin nəticələrini analiz ediblər və hesabat hazırlayıblar. Hesabat nəşr edilib və bu gün təqdim edilir. Eləcə layihə rəhbərləri və ekspertlər müxtəlif yerlərdə hesabatla bağlı məruzələr ediblər.
Kəndlərdə uyğun maarifləndirici təlimlərin keçilməsi üçün plan hazırlanıb. Plan əsasında 17-19 iyul 2014-cü il tarixlərində Ağsu rayonunun Çiyni, Gəgəli və Ülgüc kəndlərində bələdiyyə üzvləri və yerli icmaların nümayəndələri üçün maarifləndirici təlimlər də keçirilib. Ekologiya, mədəni irs, turizm və şəhərsalma üzrə mütəxəssislərin cəlb olunduğu təlimlərdə məişət tullantılarının ətraf mühitə, insan sağlamlığına, eləcə də bölgənin ümumi inkişafına mənfi təsirləri və onların aradan qaldırılması yollarından bəhs olunub, iştirakçılara bu istiqamətlərdə müvafiq tövsiyələr verilib. “Təmiz kənd” layihəsi çərçivəsində keçirilən təlimlər Çiyni, Ülgüc və Gəgəli kəndləri icmalarının nümayəndələri tərəfindən maraqla qarşılanıb.
Avqust ayının 23-də Ağsu rayonu Çiyni kənd stadionunda "Təmiz Kənd" I Mini Futbol turniri keçirilib. Bu maraqlı futbol yarışmasına "Təmiz kənd" layihəsi ilə əlaqəli olan Miras İctimai Birliyi, Ağsu-Ülgüc bələdiyyəsi, Çiyni bələdiyyəsi, Gəgəli bələdiyyəsinin futbol komandaları qatılıb. "Təmiz Kənd" I Mini Futbol turnirinin əsas məqsədi kənd gəncləri arasında zəif vəziyyətdə olan icma həmrəyliyini inkişaf etdirmək, eləcə də təmiz kənd mövzusunda gəncləri maarifləndirməkdən ibarət olub.
“Təmiz kənd - yerli icmaların iştirakı ilə ekoloji və etnoqrafik identikliyin qorunması və davamlı inkişafı” layihəsinin yekunlarına həsr olunmuş mətbuat konfransı 04 sentyabr 2014-cü il saat 16.00-da World Busiuness Center-də (Səməd Vurgun 43, Dünya Biznes Mərkəzi) baş tutub. Burada həmçinin layihə çərçivəsində məktəblilər arasında təşkil olunmuş “Təbiət inciləri” fotomüsabiqəsinin sərgisi və hesabat-kitabçanın təqdimatı da keçirilib.
Layihənin rəhbəri MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli “Təmiz kənd” layihəsi haqqında ətraflı məlumat verərək bu layihənin müsbət tərəflərindən və Ağsu rayonunun Çiyni, Gəgəli və Ülgüc kəndlərində keçirilən monitorinq, sorğu, ekspert analizləri, təlimlər, beynəlxalq konfranslarda məruzələr barədə danışıb. Həmçinin "Təmiz Kənd" I Mini Futbol turniri haqqında da məlumat verməklə, turnirin əsas məqsədinin kənd gəncləri arasında zəif vəziyyətdə olan icma həmrəyliyini inkişaf etdirmək, eləcə də təmiz kənd mövzusunda gəncləri maarifləndirməkdən ibarət olduğunu vurğulayıb.
Daha sonra ekoloq-ekspert Gülşən Hüseynova layihədə ekspert kimi iştirakından, layihə çərçivəsində qaldırdığı problemlərdən və onların həlli yollarından, xüsusilə içməli su problemindən, onu yaradan səbəblərdən və bütün problemlərə rəğmən onların həlli yolları barədə fikirlərini bildirib. Layihə iştirakçılarından ekspert-təlimçi Elmira Abasova layihə haqqında fikirlərini söyləyərək, ekoloji maariflənmənin, ekoloji şüur və mədəniyyətin zəif olmasını vurğulayıb. “Təmiz kənd” layihəsində ekspert, şəhərsalma üzrə mütəxəssis, memarlıq üzrə fəlsəfə doktoru Ağasəlim Əzizov da həmçinin layihə haqqında fikirlərini bildirib. Layihə haqqında ekspertlərin çıxışları və “Təmiz kənd - yerli icmaların iştirakı ilə ekoloji və etnoqrafik identikliyin qorunması və davamlı inkişafı, araşdırma, təklif və tövsiyələr” kitabçasının təqdimatından sonra tədbir iştirakçıları layihə ilə bağlı fikir və təkliflərini irəli sürüblər. Tədbir iştirakçılarından Kənan Zabitzadə orta məktəblərdə əsasən uşaq və yeniyetmələr arasında ekoloji maarifləndirmə və təlimlərin aparılması, hədiyyələr verilməklə ekoloji ekskursiyaların və müxtəlif müsabiqələrin aparılması barədə təklifini bildirib. Eyni zamanda iştirakçılardan Fərman Abdullayev ekoloji problemleri aradan qaldırma yolları barədə aksiyaların keçirilməsi, ekologiyanı çirkləndirənlərə xüsusi cəza və cərimələrin tətbiq olunması haqqında təkliflərini layihə iştirakçılarına bildirib.
Sonda layihə çərçivəsində “Təbiət inciləri" sərgisinə baxış keçirilib. Sərgidə iştirak edən məktəblilərə diplom, sertifikat və hədiyyələr verilib.
 

Oxunub : 3032