AZE ENG
Facebook
Twitter Google Myspace
I YOCOCU Ağsu Məktəbi fəaliyyətə başlayıb
6-10-2014

Oktyabrın 6-da Orta Əsr Ağsu Şəhəri Arxeoloji Turizm Kompleksində “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), Ağsu Rayon İcra Hakimiyyətinin və İtaliyanın YOCOCU Assosiasiyasının birgə dəstəyi ilə arxeoloji sahələrin konservasiyası, bərpası və idarə olunması üzrə tələbə və gənc mütəxəssislər üçün 5 günlük birinci YOCOCU (Mədəni İrsin Konservasiyasında Gənclər) Ağsu Məktəbi fəaliyyətə başlayıb.
Azərbaycanda bərpa və konservasiya sahəsində ilk dəfə açılan məktəbdəki kurslara seçim əsasında 40 nəfər gənc dəvət olunub. İştirakçılar 7 qrupda olmaqla, müxtəlif ixtisaslar üzrə kurs keçəcəklər.
Kurslara “Miras” İctimai Birliyinin tarixçi, rəssam və turizm sahəsindəki üzvləri, Bakı Dövlət Universitetinin, Qafqaz Universitetinin, Xəzər Universitetinin tələbələri, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun, “Şabran Şəhəri” Tarix-Mədəniyyət Qoruğunun, “Çıraqqala” Tarix və Memarlıq Qoruğunun, “Atəşgah” məbədinin, Zaqatala Dövlət Təbiət Qoruğunun nümayəndələri və AMEA Milli Azərbaycan Tarixi Muzeyinin, Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyinin və Ağsu məktəblərindən olan müəllim heyəti qoşulublar.
Təlimlər Azərbaycandan tarix üzrə fəlsəfə doktoru, “Miras” İctimai Birliyinin sədri Fariz Xəlilli, tarix elmləri doktoru Qafar Cəbiyev; İtaliyadan olan konservasiyaçı alim, mədəni irs və ətraf mühitin qorunması üzrə fəlsəfə doktoru Andrea Macchia, Kalabria Universitetinin kimya və Yer elmləri üzrə fəlsəfə doktoru Silvestro Ruffolo, Perudan olan antropoloq və mədəni turizm üzrə ekspert Alvaro Higueras, İtaliyanın Parma Modena və Reggio Universitetinin rəsm və daşların bərpaçısı Marta Caroselli, Türkiyə Bərpa və Konservasiya Mərkəzləşdirilmiş Laboratoriyasında metal üzrə ekspert Uğur Genç tərəfindən aparılır.
İştirakçılar əvvəlcə Orta Əsr Ağsu Şəhəri Arxeoloji Turizm Kompleksinin bazasında qurulmuş, hər cür lazımi avadanlıqlarla təmin olunmuş xüsusi çadırlarda yerləşdiriliblər.
Orta əsr Ağsu şəhəri ilə tanışlıqdan sonra Ağsu Arxeoloji Ekspedisiyasının sədr müavini, “Miras” İctimai Birliyinin sədri Fariz Xəlilli və ekspedisiyanın üzvü, arxeoloq Elmira Abbasova kurs iştirakçılarını rayonun Bəyimli kəndində, Mehravan qalasında və ətrafında aparılmış qazıntılar nəticəsində aşkar olunmuş tapıntılarla tanış ediblər. Təlimçi Laura Rivaroli iştirakçılara tapıntıların qablaşdırılması, sənədləşdirilməsi və asan konservasiyası üsulları barədə ətraflı bilgilər verib.
Kursda nəzəri biliklərlə yanaşı, praktik işlər də həyata keçirilib.
Fariz Xəlilli qazıntı işləri zamanı stratiqrafik üsullar, artefaktların sənədləşdirilməsi və onların arxeoloji aspektdən bərpasını kurs iştirakçılarına əyani şəkildə çatdırıb.
Daha sonra İtaliyadan gəlmiş müəllimlər Laura Rivaroli, Marta Caroselli, Silvio Ruffolo və Andrea Macchia tapıntılar haqqında məlumatların toplanması, onların şəkillərinin çəkilməsi və saxlanması məsələləri haqqında geniş məlumat verib, kurs iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.
Kurslarda iştirakçıların ən səmərəli konservasiya üsulundan yararlanmaları üçün müxtəlif ixtisaslarda kollektiv təcrübələrin bir araya gətirməsi nəzərdə tutulub. Məzmun və struktur cəhətdən kurslar Ağsu arxeoloji sahəsinin konservasiya və qiymətləndirilməsinə interdisiplinar yanaşmalara aid olduğundan müxtəlif mövzuları və bacarıqları əhatə edəcəkdir.

Oxunub : 3467