AZE ENG
Facebook
Twitter Google Myspace
“Azərbaycan arxeologiyası məktəblilərin gözü ilə" Seminarı
7-10-2012

Oktyabrın 8-də saat 14.00-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində bu muzeyin, Ağsu arxeоlоji ekspedisiyasının, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının, “Yeni istedadlar” uşaq və gənclər təşkilatının və N.Nərimanov adına kütləvi kitabxananın birgə təşkilatçılığı ilə “Azərbaycan arxeologiyası məktəblilərin gözü ilə” mövzusunda tədbirlər silsiləsindən sonuncu seminar keçiriləcək.
Tədbirin keçirilməsinin əsas məqsədi məktəblilərin dünyagörüşünün hərtərəfli inkişafına dəstək olmaq, onların mədəniyyət ocaqlarımıza olan marağını artırmaq, onların gözü ilə bu sahədəki problemləri müəyyən etməkdən ibarətdir. Tədbir iştirakçıları bir sıra məktəblərin müəllim və şagird kollektivi olacaq.
14.00-da tədbir iştirakçıları Milli Azərbaycan Tarixi Muzeyinin sərgi zalında nümayiş etdirilən “Ağsu möcüzəsi”adlı sərgiyə baxacaq və Ağsu оrta əsr şəhər yerində aparılmış qazıntılar zamanı aşkar olumuş arxeoloji materiallarla tanış оlacaqlar.
Sonra AMEA-nın vitse-prezidenti, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı “Muzeylərdə mədəni irsin mühafizəsi və təbliği”, Ağsu ekspedisiyasının rəisi, tarix elmləri doktoru Qafar Cəbiyev “2010-ci ildə Ağsuda arxeoloji tədqiqatların nəticələri”, bu ekspedisiyanın rəis müavini, Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli “Miras Mədəni irsin öyrənilməsinə kömək ictimai birliyi”, “İrəli” İctimai Birliyi Tarix Mərkəzinin rəhbəri Aliyə Qurbanova “Mədəni irsin qorunması və təbliğində Azərbaycan gənclərinin rolu”, “Müasir İnkişaf” İctimai Birliyinin sədr müavini Tariyel Vəliyev “Cəmiyyətin müasir inkişafında mədəni irsə münasibət və qayğı”, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov “Tələbə Gənclər Təşkilatları və mədəniyyət ocaqlarımız” mövzusunda çıxışlar edəcəklər.
Çıxışlardan sonra iştirakçılar arasında açıq diskussiya aparılacaq. Diskussiyada fərqlənən şagirdlər mükafatlandırılacaq.
Saat 15.00-da Məcnun Kərimovun rəhbərliyi ilə Qədim Musiqi Alətləri Ansamblının ifasında tədbirin bədii hissəsi başlayacaq.
Maraqlananlar və KİV nümayəndələri tədbirdə iştirak edə bilərlər.

Oxunub : 2764