Oktyabrın 20-də Amasiya Universiteti, Amasiya Azərbaycan Türkləri Kültür, Sənət və Dayanışma Dərnəyi, Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə Modern Hoteldə II Həmzə Nigari Simpoziumunun açılış mərasimi olub.
Simpoziumu giriş sözü ilə MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlilli açıb. O, Həmzə Nigari irsini araşdıran və ona maraq göstərən bütün Simpozium iştirakçılarını salamlayıb, Simpoziumun yaranma məqsədləri və tarixçəsi haqqında məlumat verib. Həmzə Nigari nəslinin Azərbaycandakı təmsilçisi Siracəddin Həmidov sufi şairin yaradıcıllığına verdiyi qiymətə və dəyərə görə Simpozium iştirakçılarına minnətdarlığını bildirib. Amasiya Azərbaycan Türkləri Kültür, Sənət və Dayanışma Dərnəyinin sədri Muttalip Ulutanrıverdi Həmzə Nigari irsinin araşdırılması istiqamətində yeniliklərdən, Amasiyadakı Şirvanlı məscidi və Nigari türbəsinin Azərbaycandan olan xeyriyyəçilər tərəfindən yenidən bərpa edilməsini əlamətdar hadisə adlandırıb. III Həmzə Nigari Simpoziumunun 2016-cı ildə İstanbulda keçirilməsini qərarlaşdırdıqlarını elan edib. Türkiyə Cümhuriyyətinin keçmiş millət vəkili, hüquqşünas Orhan Kayıhan Amasiya azərbaycanlıları adından öz oğlu olduğu Azərbaycana salamlar gətirdiyini, bu cür simpoziumların, toplantıların yaddaşları təzələmək olduğunu, davamlılığını istədiklərini vurğulayıb. Azərbaycanın xalq şairi Nəriman Həsənzadə Həmzə Nigari türbəsinə poema həsr etdiyini bildirib, poemadan bəzi hissələri səsləndirib. Daha sonra Amasiyanın Azərbaycan türklərinin toplu halda yaşadığı Suluova ilçəsinin kaymakamı Hayati Taştan, Amasya Universitetinin dosenti Metin Hakverdioğlu, Amasiya bələdiyyəsinin katibi Hüseyin Menç, Dərsəadət Təsəvvüf Yolu Federasiyasının fəxri sədri Fatih Nurullah Simpozium iştirakçılarını salamlayıblar.
Simpoziumun bədii hissəsində MİRAS Musiqi qrupunun müşaiyyəti ilə Həmzə Əzizbəyli, Güllü Muradova, Zeynal Əhmədov və Ruslan Adıgözəlov Həmzə Nigarinin qəzəllərindən ibarət muğam dəstgahı ifa ediblər. Məktəbli Rumi Həmidov şairin "Əlhəmdülillah" şeirini səsləndirib.
Simpoziumun ayrı-ayrı bölmələrində “Mir Həmzə Nigari ilə əlaqədar yanlış rəvayətlər və əsl gerçəkliklər”, “Mir Həmzə Seyid Nigarinin Fars Divanı”, “Nigari Divanında Əhli-Beyt sevgisi”, “Seyid Həmzə Nigarinin həyatı və yaradıcılığının öyrənilməsi tarixi”, “Seyyid Mir Hamza Nigârî ve Türbesi”, “Mir Həmzə Nigarinin məktubları”, “Mir Həmzə Nigarinin oğlu Siraci”, “Nigari şeiriyyətinin ritm və intonasiya qaynaqları” və digər mövzularında məruzələr olmuşdur. Azərbaycan, Türkiyə və Rusiyadan 80 alim və tədqiqatçı simpoziumda iştirak edib.
Simpozium çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsi (COMCEC) və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin dəstəyi ilə tanınmış fotoqraf Məmməd Rəhimovun "Sufinin xatirəsinə" fotosərgisi açılıb.
|