AZE ENG
Facebook
Twitter Google Myspace
Avropalı qonaqlar Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksində
27-9-2011

İsveçin “İntercult” təşkilatı 2011-ci il sentyabrın 27-dən oktyabrın 13-dək “CORNERS/Ucqarlar” adlı Qafqaz Ekspedisiyası təşkil etmişdir. Avropanın 9 ölkəsindən olan 28 rəssam, tədqiqatçı və mədəniyyət sahəsində müxtəlif layihələrin prodüserləri bu regionun adamları ilə görüşmək, onlardan maraqlı əhvalatlar eşitmək, özlərinin yeni bədii əsərləri üçün yeni ideyalar tapmaq məqsədilə Hopadan (Türkiyə) avtobusla Gürcüstana, oradan da Azərbaycana səyahət ediblər.
“CORNERS/Ucqarlar” layihəsinin məqsədi Avropanın ucqarlarından (tinlərindən) toplanmış ideyalara əsaslanan yeni incəsənət əsərlərinin yaradılması və yayılmasıdır. Küçənin bir tinində eşidilmiş əhvalatları başqa tində başqa şəkildə danışırlar. Ekspedisiyanın iştirakçıları yolda olduqları iki həftə ərzində yerli sənətkarlar, qaçqınlar, siyasətçilər, mədəniyyət təşkilatlarının nümayəndələri və sadəcə – şəhər sakinləri ilə görüşüblər. Ekspedisiyanın iştirakçıları rəssamların və tədqiqatçıların məhz hansı əhvalatları toplaması məhz bu görüşlərdə müəyyən edilib.
Ekspedisiyanın Azərbaycanın Ağsu rayonundan keçən hissəsi Ağsu rayonu İcra Hakimiyyəti və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi ilə əməkdaşlıqda gerçəkləşmişdir. Azərbaycana səfəri Şəkidən başlayan qonaqlar oktyabrın 9-da Ağsuda olmuşlar. Onlar əvvəlcə Qəhrəmanlar abidəsini ziyarət etmişlər. Oradan MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü və maliyyə dəstəyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsuda apardığı arxeoloji qazıntı sahəsinə gedərək oradakı komplekslə tanış olmuşlar. Qonaqlara Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ili tədbirləri haqqında məlumat verən Ağsu rayonu İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev Ağsuda müstəqillik illərində görülmüş işlər və insanların təsərrüfat fəaliyyəti haqqında danışmışdır. Qonaqlar sonra Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksini gəzmiş, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli onları arxeoloji qazıntı sahələri və tapıntılarla tanış etmişdir.
Daha sonra avropalı qonaqlar Ağsu rayonunun Çiyni kəndinə getmiş, orada yerli adət-ənənələr, milli mətbəximiz, el sənətkarları ilə tanış olmuşlar. Çiyni kənd sakinlərinin hazırladığı yeməkdən sonra qonaqlar Bakıya yola salınmışdır. 

Oxunub : 2654