MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi yaranmasının 3 ili münasibətilə MİRAS üzvlərinin, ictimaiyyət və media nümayəndələrinin iştirakı ilə tədbir keçirmişdir. Tədbir MİRAS İctimai Birliyinin 2012-ci ildə gördüyü işlərin hesabatı və 2013-cü il üçün iş planının təqdimatı ilə başlanmışdır. MİRAS İctimai Birliyinin sədr müavini, jurnalist və ssenarist Arzu Soltan tədbiri açmış, tədbirə gələnlərə minnətdarlıq etmişdir. MİRASın məramı və ideyası haqqında İdarə Heyətinin üzvü, tarix elmləri doktoru Qafar Cəbiyev məlumat vermiş, geriyə dönüb baxdıqda 3 illik gərgin əməyin bəhrəsindən sevinc hissi keçirdiyini diqqətə çatdırmışdır. MİRASın 2012-ci il üçün hesabatını əhatə edən videorolik təqdim olunduqdan sonra birliyin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin geniş məruzəsi dinlənilmişdir.
Fariz Xəlilli Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Şirvanşahlar Sarayı Muzey Kompleksi və Qərb Universitetində keçirilən mədəni irs seminarlarını, Amasiya (Türkiyə), Milan (İtaliya) və Ağsu (Azərbaycan) şəhərlərində keçirilən beynəlxalq və respublika konfranslarını, Bakı Creative Center-də “Keçmişdən Gələcəyə Mədəni İrs”, Şirvanşahlar Sarayı Muzey Kompleksində “Dədə Qorqud yurdu - Bayburt”, Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksində “Kərpic memarlığı”, Türkiyənin Muğla, Uşak və Bayburt şəhərlərində “Ağsu möcüzəsi” sərgilərini, Tbilisi Dövlət Universitetinin Qafqazşünaslıq fakultəsi tələbələri üçün “Azərbaycan mədəniyyəti və mədəni irsi” seminarlarını, Qazimağusa şəhərində keçirilən Şimali Kipr və Azərbaycan Gənclərinin Forumunu, Belçikanın Antverpen şəhərində keçirilən III Beynəlxalq Mədni İrsin Konservasiyasında Gənclər konfransında gənc mirasçıların fəal iştirakını, Bakının 71, 167, 129, 214 saylı məktəbləri və Ombudsmanın Uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) Liderlik məktəbində Azərbaycan tarixi seminarları və arxeoloji materialların sərgisini, Cavanşir və Buğurt qalaları, Orta əsr Ağsu şəhəri, Lahıc və Basqal qəsəbələri, Dövlət Bayrağı Muzeyinə təşkil olunan turları, MİRAS jurnalının 3 sayını, “39-cu pillədə qırılan ömür”, eləcə də beynəlxalq konfransların tezislər kitablarını, ebru, rəssamlıq, xalçaçılıq, ərəb, fars, ingilis və rus dili kurslarını, Orta əsr Ağsu şəhərində aparılan arxeoloji qazıntı və konservasiya işlərini, o cümlədən 37 ədəd qızıl sikkə dəfinəsini xatırladaraq MİRASın bu işləri görməsində dəstək vermiş bütün insanlara, qurumlara və birliklərə minnətdarlıq etmişdir. MİRASın ixtisaslı və gənc üzvlər şəbəkəsinin olduğunu nəzərə çatdıran Fariz Xəlilli daha iddialı olduqlarını və 2013-cü il planını hazırlayarkən bunu əsas götürdüklərini diqqətə çatdırmışdır. O, dövlətin mədəni irs siyasətini dəstəklədiklərini və daha yaxşı nəticələrin əldə olunması üçün yerli və beynəlxalq qurumlarla əməkdaşlıqları genişləndirmək niyyətində olduqlarını bildirmişdir.
Azərbaycan Turizm İnstitutunun rektoru, professor Cəfər Cəfərov MİRAS İctimai Birliyinin turizm sahəsinə də yeniliklər gətirdiyini, ictimaiyyəti arxeoloji turizmin inkişafına təşviq etmək üçün layihələr həyata keçirdiyini xatırlatmışdır.
AMEA-nın müxbir üzvü Vəli Əliyev MİRASın fəaliyyətini təqdir etmiş, tələbəsi Fariz Xəlillinin Azərbaycanda başlatdığı mədəni irs fəaliyyətinin artıq Azərbaycanı aşdığını, Türkiyənin Bayburt şəhərində Dədə Qorqudun yurdunda arxeoloji qazıntılar aparmaq üçün təşəbbüslərin yaranmasında birliyin rolunu xüsusi vurğulamışdır.
Professor Hidayət Cəfərov MİRASın Xocalının qədim tarixinə, xüsusilə kurqanların öyrənilməsinə maraq göstərməsinə münasibət bildirmiş, “Xocalı vaxtı” filmində olduğu kimi kurqanlarla bağlı görüləcək işlərdə də yaxından dəstək verəcəyini qeyd etmişdir.
Ombudsman Aparatının əməkdaşı Faiq Ağayev Azərbaycan Respublikasının Ombudsmanı Elmira xanım Süleymanovanın təbriklərini çatdıraraq, MİRAS İctimai Birliyinə Azərbaycan tarixinin, mədəni irsinin öyrənilməsi, mühafizəsi, xüsusilə də uşaq və gənclər arasında təbliği sahəsində xidmətlərinə və Ombudsman təsisatı ilə səmərəli əməkdaşlığına görə təşəkkürnamə təqdim etmişdir.
Professor Minəxanım Təkləli Nuriyeva Qafqaz Universiteti Qafqaz Araşdırmaları İnstitutu ilə MİRAS İctimai Birliyinin tərəfdaş olduğunu vurğulamış, birgə seminar və simpoziumların keçirildiyini xatırlatmışdır. O, UNESCO-nun 2013-cü ili Seyid Yəhya Şirvaninin vəfatının 550 illiyi ilə əlaqədar olaraq Seyid Yəhya ili elan etdiyini və MİRASla Qafqaz Araşdırmaları İnsitutunun bu sahədə illik plan hazırladıqlarını nəzərə çatdırmışdır.
MİRASı təbrik edən digər natiqlər də MİRAS və onun fəaliyyəti haqqında təssüratlarını bölüşdülər, təklif və tövsiyyələrini vermişlər.
Tədbirdə MİRAS Musiqi Qrupunun üzvləri tarzən Mehman Mikayılovun rəhbərliyi ilə geniş konsert proqramı ilə çıxış etmişlər. |