2013-cü il yanvarın 18-20-də Makedoniyanın turizm şəhəri Ohriddə I Beynəlxalq Mədəni İrs, Media və Turizm konfransı keçirilib. Konfrans Makedoniya Sosio-mədəni Antropologiya İnstitutu, Audio-vizual İncəsənət Universiteti və Avrasiya Televiziya və Radio Akademiyasının təşkilatçılığı ilə baş tutub. Konfransda 12 ölkədən, o cümlədən Makedoniya, Böyük Britaniya, Albaniya, Bolqarıstan, Türkiyə, Çernoqoriya, Ukrayna, Litva, Yunanıstan və digər ölkələrdən 60-a qədər məruzəçi iştirak edib. Azərbaycan AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Azərbaycan Müəllimlər İnstitutu və MİRAS İctimai Birliyindən 9 nəfərlik heyətlə təmsil olunub.
Konfransın açılış mərasimi Ohrid şəhərindəki Apostol Müqəddəs Pavel Universitetində olub. Konfransı Təşkilat Komitəsinin sədri, professor Rubin Zemon açıb. O, mədəni irsin təbliğində informasiya texnologiyalarının yeri, turizmin xalqlar arasında geniş əlaqələrin yaranmasına verdiyi töhfədən bəhs edərək, konfransın bu mənada əhəmiyyətli olduğunu vurğulayıb. Ohrid şəhərinin meri Aleksandar Petreski Ohrid şəhərinın turizm baxımından inkişaf etdiyini, daha çox turistin qəbul edilməsi üçün çalışdıqlarını qeyd edərək, bu konfransın onların işinə yeniliklər gətirəcəyinə inandığını bildirib.
Xarici ölkə təmsilçiləri adından Avropa Audiovizual Komunikasiyalar Assosiasiyasının sədri, professor Dimitar Dimitrov və Azərbaycan Milli Televiziya və Radio Şurasının və MİRAS İctimai Birliyi İdarə Heyətinin üzvü, professor Qafar Cəbiyev çıxış edib. Qafar Cəbiyev Azərbaycanın qədim tarixi, zəngin mədəni irsi, ölkəmizdə mədəni irsin qorunması, tədqiqi və təbliğinə, turizm sektorunun inkişafına göstərilən dövlət qayğısı barədə ətraflı məlumat verib. O, Azərbaycanda 2013-cü ilin informasiya texnologiyaları ili elan olduğunu, bu sahədə daha iri layihələrin həyata keçiriləcəyini vurğulayıb.
Günün ikinci yarısı konfrans ayrı-ayrı bölmələrdə işini davam etdirib. Bölmə iclaslarında MİRAS İctimai Birliyi İdarə Heyətinin üzvü Qədrəddin Nemətzadə Azərbaycanda arxeoloji turizmin inkişaf perspektivləri və təbliği istiqamətində görülən işlər barəsində məruzə edib. MİRAS İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırladığı arxeoloji turizmə dair “Azərbaycan abidələr diyarıdır” filminin ingilisdilli versiyası nümayiş etdirilib.
MİRAS İctimai Birliyi Sərgi və dizayn şöbəsinin müdiri, bərpaçı-rəssam Vüqar Quliyev Azərbaycanda orta əsr metal məmulatının tədqiqi və konservasiyası təcrübəsinə dair məruzə edib.
Professor Qafar Cəbiyev, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, MİRAS İctimai Birliyinin şöbə müdiri Şölə Bayramovanın Azərbaycanda Qeyri-Hökumət Təşkilatlarının mədəni irsin qorunması, tədqiqi və təbliğinə həsr olunmuş məruzələri konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Məruzədə Heydər Əliyev Fondunun çoxsaylı mədəni irs layihələri, həmçinin SEBA Koreya Azərbaycan Mədəniyyət Mübadiləsi Asossasiyasının Qəbələ, Regionların İnkişafı İctimai Birliyinin Şəmkir, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin Orta əsr Ağsu şəhəri layihələri barədə ətraflı bəhs olunub. |