Bu ildən başlayaraq 10 Mart Azərbaycanda rəsmi olaraq Milli Teatr Günü kimi qeyd olunur. MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Bakı Uşaq Teatrı da məhz həmin gündə, yəni 10 mart 2013-cü ildə birlikdə ərsəyə gətirdikləri teatr layihəsini tamaşaçılara təqdim etdilər.
Belə ki, hazırda Bakı Uşaq Teatrının yerləşdiyi H.Sarabski adına Mədəniyyət Evində baş tutan tədbirdə Azərbaycanın ədəbi-ictimai fikir tarixində maarif və mədəniyyət xadimi, şair, nasir, dramaturq, ədəbiyyatşünas, tərcüməçi kimi tanınan Abdulla Şaiq Talıbzadənin “Əşxas” pyesinin təqdimatı oldu.
Əvvəlcə, teatrın bədii rəhbəri və direktoru, tamaşanın rejissoru İntiqam Soltan “Mirasla əl-ələ” layihəsi haqqında tamaşaçılara məlumat verdi. Tamaşanın hazırlanmasında teatrın kollektivi ilə yanaşı, MİRAS üzvlərinin fəal iştirakını vurğuladı. Miras Musiqi qrupunun üzvü Nazir Əsədov, rəssam Vüsal Rahim, videoqrupun rəhbəri Teymur Nəcəfzadə ilə həqiqətən əl-ələ çalışdıqlarını bildirdi.
MİRAS İB sədrinin müavini Arzu Soltan çıxışında Abdulla Şaiqin “Əşxas” pyesinin ilk dəfə 1917-ci ildə Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti tərəfindən nəşr olunmuş «Qardaş Köməyi» məcmuəsində nəşr olunduğunu qeyd etdi. Bildirdi ki, bu yaxınlarda“Keçmişdən günümüzə Azərbaycan və Türkiyədə xeyriyyəçilik ənənəsi “Qardaş köməyi” layihəsi çərçivəsində adı çəkilən məcmuə transliterasiya edilərək, Türkiyə türkcəsinə uyğunlaşdırılıb və daha sonra kitab şəklində nəşr olunub.
Onun sözlərinə görə, yüksək insani dəyərlərdən bəhs olunan, insanlığın öz idealına çatmaq üçün ədalətə,vicdana, mərhəmətə söykənib zülmə, fəlakətə, şeytana qalib gəlməli olduğunu bəyan edən “Əşxas” əsərini gündəmə gətirməklə Birlik bu həqiqəti gənclərə aşılamaq niyyətindədir. Arzu Soltan layihənin gerçəkləşməsində və tamaşanın ərsəyə gəlməsində zəhməti olan hər kəsə, xüsusilə tamaşanın quruluşçu rejissorları İntiqam Soltana və Hacıbaba Məmmədova, teatrın aktyorlarına və bütün yaradıcı heyətinə, eləcə də MİRAS İB-nin rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirdi.
MİRAS İB-nin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli Azərbaycanın mədəni irsini öyrənən və təbliğ edən qurumun teatr sahəsinə də öz diqqətini yönəltməsini qanunauyğun hesab etdiyini bildirdi və bu layihənin perspektivinə inandığını vurğuladı.
Sonra tamaşaçılar plastika və musiqi, işıq effektləri və videogörüntülər, eksperimental səhnə quruluşu və geyimlərlə tamaşaçıları heyrətə gətirən “Əşxas” tamaşasını seyr etdilər.
Tamaşanın müxtəlif təhsil ocaqlarında və mədəniyyət mərkəzlərində, eləcə də Azərbaycandan kənarda da nümayiş olunması nəzərdə tutulur. |