Orta əsr Beyləqan şəhərində bir zamanlar aparılmış arxeoloji tədqiqatların davam etdirilməsi və konservasiya işlərinin görülməsi tariximizin öyrənilməsi və təbliği, bu bölgədə mədəni turizmin inkişafı istiqamətində çox mühüm addım olardı. Bu fikir 2013-cü il martın 28-də MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı İctimai Birliyinin keçirdiyi “Orta əsr şəhər mədəniyyəti və Beyləqan” mövzusunda seminarda səslənib.
Beyləqan rayonu İcra Hakimiyyəti və Beyləqan rayonu Mədəniyyət və Turizm şöbəsinin də dəstəyi ilə keçirilən tədbirin məqsədi son zamanlar Azərbaycanın orta əsr şəhərlərində, eləcə də Beyləqanda əvvəllər aparılan tədqiqatların tariximizi öyrənmək baxımından əhəmiyyətini seminar iştirakçıları ilə, xüsusilə də gənclərlə bölüşmək olub.
Seminarı Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı İctimai Birliyinin sədri Zaur Quliyev açıb. Daha sonra MİRAS İB-nin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli “Azərbaycanda arxeoloji turizmin inkişafında Orta əsr Ağsu şəhəri təcrübəsi”, MİRAS İB-nin sədr müavini Arzu Soltan “MİRAS İctimai Birliyinin mədəni irsin təbliğində əsas fəaliyyətləri”, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Aidə İsmayılova “Azərbaycanda orta əsr şəhər mədəniyyətinin öyrənilməsində Beyləqan şəhərinin rolu”, AMEA-nın dissertantı, Beyləqan rayonu 1 saylı orta məktəbinin direktoru Vüqar Abbasov “ Orta əsr Beyləqan şəhəri tarixinin orta məktəblərdə tədrisi”, tarixçi Asif Cəfərli “Beyləqan rayonunun tarixi bölgə tarixçilərinin gözü ilə”, folklorşünas Səmədxan Beyləqanlı “Beyləqan folkloru” movzusunda çıxış ediblər.
Beyləqan şəhərində Heydər Əliyev mərkəzində keçirilən tədbir MİRAS Musiqi qrupunun çıxışı ilə yekunlaşıb.
Seminar iştirakçıları Beyləqan Tarix Diyarşunaslıq Muzeyini, Örənqala Dövlət Qoruğunu ziyarət ediblər.
|