AZE ENG
Facebook
Twitter Google Myspace
MİRAS Soyqırım qurbanlarını Qubada andı
31-3-2013

 MİRAS Mədəni İrsin Öyrınilməsinə Kömək Ictimai Birliyi 2013-cü il martın 29-da Quba Özəl Türk Liseyində “Tarixin bir günü“ mövzusunda seminar keçirib. Seminarın keçirilməsində məqsəd 1918-ci ilin 31 martında baş verən soyqırım hadisələri haqqında iştirakçılara, xüsusilə də liseyin şagirdlərinə, yeniyetmə və gənclərə məlumat vermək olub.
Seminarı Çağ Öyrətim İşlətmələri Şirkəti Quba Özəl Türk Liseyinin müdiri Mustafa Alagözoğlu açıb, qonaqlara rəhbərlik etdiyi tədris ocağı və gördüyü işlər barədə qısa məlumat verib.
MİRAS İB-nin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli çıxış edərək seminar iştirakçılarına 1918-ci ildə Azərbaycan türklərinə qarşı törədilmiş hadisələrin tarixçəsindən danışıb. Bakı, Quba, Şamaxı, Lənkəran, Qarabağ, Naxçıvan, İrəvan, Cənubi Azərbaycan və azərbaycanlıların məskunlaşdıqları digər bölgələrdə kütləvi qırğınların törədilməsindən, Cümhuriyyət dövründə soyqırımı təsdiq sənədləri üzə çıxaran Fövqəladə Təhqiqat Komissiyasının işindən, Qafqaz İslam Ordusuna dair sənədlərdə soyqırım faktlarının qeyd edilməsindən, 1998-ci ildə 31 mart Azərbaycanlıların Soyqırımı günü elan edilməsi haqqında sərəncamdan, son zamanlar Qubada üzə çıxan kütləvi məzarlıqda soyqırım izlərindən bəhs edilib.
Daha sonra MİRAS İB sədrinin müavini Arzu Soltan çıxış edərək MİRAS İB-nin tariximizin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirdiyi fəaliyyət və gerçəkləşdirdiyi layihələr haqqında məlumat verib.
Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb.
Daha sonra seminar iştirakçıları Quba soyqırım məzarlığını ziyarət ediblər.

Oxunub : 2733