AZE ENG
Facebook
Twitter Google Myspace
Diplomatik Korpus nümayəndələri üçün Mədəni İrs Turu davam edir
29-5-2013

 Məlum olduğu kimi, Azərbaycanın bölgələrinin qorunub saxlanmış tarixi və mədəni dəyərlərini, abidələrinin zənginliklərini və mədəni irsimizi təqdim etmək məqsədilə, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi 2013-cü ilin may ayından ölkəmizdə fəaliyyət göstərən diplomatik koprus nümayəndələrinin Ağsu şəhərinə, Ağsudakı arxeoloji turizm kompleksinə mədəni irs turu layihəsinə başlamışdır. Tur çərçivəsində səfirlik nümayəndələri Qobustanda Diri Baba türbəsi, Şamaxıda Tarix Diyarşünaslıq Muzeyi, Ağsuda Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksi, o cümlədən Azərbaycan etnoqrafiyasının zənginlik meyarlarından olan mətbəximizlə tanış olurlar. İlk mədəni irs turuna Özbəkistan səfiri Şirzod Fayziyev və Tacikistan səfiri Zohir Saidov səfirlik nümayəndələri və ailə üzvləri ilə qoşulmuşdu.
Mayın 26-da Hindistan Respublikasının Bakıdakı səfiri cənab Vinod Kumar ailəsi ilə mədəni irs turunda iştirak etmişdir. İlk öncə qonaqlar Qobustan rayonundakı Diri Baba türbəsi ilə tanış oldu, türbənin tarixçəsi və onunla bağlı rəvayətlər haqqında məlumat verildi. Söhbət əsnasında eyni zamanda Hindistanda mövcud təsəvvüf məktəbləri və ələlxüsus Delhi şəhərindəki Nizaməddin türbəsi barədə ətraflı bəhs olundu.
Səfir Vinod Kumar və ailəsi Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksində Hindistan tarixi ilə bilavasitə bağlı olan Nadir şah Əfşarın inşa etdirdiyi şəhər haqqında maraqlı məlumat əldə etdilər. MİRAS İctimai Birliyinin sədri Fariz Xəlilli orta əsr Ağsu şəhərində aparılmış arxeoloji qazıntılar, əldə olunan nəticələr və aşkarlanmış tapıntılar haqqında səfirə məlumat verdi. Turda eyni zamanda MİRAS İctimai Birliyi və Ağsu arxeoloji ekspedisiyanın üzvləri iştirak edirdi. Sonda səfir Vinod Kumar xatirə kitabına ürək sözlərini yazdı. Səfirə MİRAS İctimai Birliyinin nəşrləri hədiyyə olundu.
Orta əsr Ağsu şəhərindən sonra qonaqlar Şamaxı Tarix-diyarşünaslıq muzeyi ilə tanış olmuşlar. Səfir Vinod Kumar Orta əsr Ağsu şəhərinə edilmiş səfərdən məmnunluq hissini bildirmiş və bir daha geri dönmək, əməkdaşlıq etmək istəyini bildirmişdir.
Qeyd etmək məqsədəuygun olardı ki, Hindistan respublikası ilə Azərbaycan Respublikasını olduqca dərin tarixi-mədəni, iqtisadi münasibətlər birləşdirir. Hindistan özü qədim tarixi keçmişə mədəniyyətə malik olmaqla hər zaman dövrün iri dövlətləri ilə əlaqələr qurmuş, qarşılıqlı mədəni mənimsəmələr yaşanılmışdı. Bu ilk bağlar Səfəvi dövləti zamanında daha da inkişaf etdirilmiş və Səfəvi sarayından olan ustaların Hindistanda türk-islam mədəniyyətinin və miniatür məktəbin yaradılmasında əvəzsiz xidmətləri olmuşdur. Son orta əsrlərdə bu mədəni bağlar iqtisadi münasibətlərlə dərinləşmiş və Azərbaycan ərazisi daim hind tacirlərinin gəlişləri üçün diqqət mərkəzində olan yerlərdən olmuşdur. Bu gün də əhəmiyyətini itirmədən minlərlə turistin, xüsusilə hind turistlərin diqqətində olan Atəşgah həmin dövrün ən bariz nümunələrindən biridir. Hindistan Respublikası və Azərbaycan Respublikası siyasi cəhətdən də bənzər dövrlər yaşamış, hər iki dövlət müstəmləkə əsarətinin təsirini öz üzərində hiss etmiş və dözümlü mübarizə nəticəsində müstəqillik əldə etmişlər. Hindistan Respublikasının ölkəmizdəki səfirinin də məhz 28 may, Respublika günü ərəfəsində Orta əsr Ağsu şəhərinə ziyarəti bu baxımdan xüsusi önəm kəsb edir.
Bu gün də hər iki dövlət arasında mədəni, iqtisadi əlaqələr inkişaf etməkdədir və biz bu baxımdan arxeoloji tədqiqatlar sahəsində qarşılıqlı təcrübələrin tətbiq edilməsinə ümid edirik.

Oxunub : 2934