Şimali Kiprin Doğu Akdeniz Universitetində “Xocalı –acı gerçək” adlı beynəlxalq elmi- praktik konfrans keçirilib.
Konfransdan əvvəl Doğu Akdeniz Universiteti Azərbaycan Cəmiyyəti və eyniadlı Universitetin Tələbə Şurasının təşkilatçılığı ilə yürüs-mitinqi həyata keçirilib. Mitinqə universitetdə təhsil alan azərbaycanlı tələblərlə yanaşı , digər xarici tələbələr də qatılıb. Doğu Akdeniz Universitetinin rektoru, professor, Abdullah Öztoprak, eyniadlı universitetin Tələbə Şurasının sədri Ekrem Soyşen və universitetin Azərbaycan Cəmiyyətinin rəhbəri Elşin Süleymanov Atatürk heykəlinin önünə əklil qoyaraq, çıxış ediblər.
Daha sonra MIRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin həyata keçirdiyi “Dünyada mənim Vətənim” layihəsi çərçivəsində reallaşan, “Xocalı-acı gerçək” adlı beynəlxalq elmi-praktik konfrans öz isinə başlayıb. Layihənin rəhbəri, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin Şimali Kipr üzrə təmsilçisi Cəfər Mənsimi çıxış edərək “Dünyada mənim vətənim” layihəsi barəsində ətraflı məlumat verib. Bildirib ki, layihənin məqsədi gənclərə ölkəmizin keçmiş və bu günkü tarixini, mədəniyyətini aşılamaq, onların dünyagörüşlərinin, həyata baxış tərzlərinin artmasına yardımçı olmaqdır. Bundan başqa, layihə çərçivəsində gənclərin mədəniyyət ocaqlarına, teatr və kitabxanalara qarşı maraqlarının artırılmasına çalışılacağını söyləyən Cəfər Mənsimi “Dünyada mənim Vətənim” layihəsinin bir sıra dünya universitetleri ilə əməkdaşlıq nəticəsində reallaşacağını vurğulayıb.
Doğu Akdeniz Universitetinin Azərbaycan Cəmiyyətinin rəhbəri Elçin Süleymanov öz çıxışında, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdiklərini vurğulayıb.
Konfransda iştirak edən Şimali Kipr Türk Cümhuriyyətinin Milli Məclisinin üzvü Əjdər Aslan Baba Xocalı soyqırımının dünya ictimaiyyətinin nəzərinə çatdırılmasında gənclərin üzərinə böyük yük düşdüyünü söyləyib.
Konfransda bir sıra maraqlı çıxışlar dinlənilib.
Sonda MİRAS İctimai Birliyinin istehsal etdiyi “Xocalı vaxtı” adlı film və tələbələrin hazırladıqları video-süjet konfrans iştirakçılarına təqdim olunub.
|