İyulun 11-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində Ağsu arxeoloji ekspedisiyasının aşkar etdiyi qızıl dəfinəyə həsr olunmuş brifinq keçrilmişdir.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı brifinqi açaraq son dövrlərdə tarix, mədəniyyət, arxeologiya sahəsinə ölkə rəhbərliyi səviyyəsində diqqətin artdığını xüsusi olaraq qeyd etdi. O, bildirdi ki, hazırda Azərbaycanda onlarla arxeoloji ekspedisiya işləyir. Ağsu arxeoloji ekspedisiyası da bunlardan biridir. N.Vəlixanlı iyunun 22-də tapılan qızıl dəfinəsinin Azərbaycan tarixinin müəyyən mərhələsinin öyrənilməsində müstəsna rola malik olduğunu qeyd etdi və bildirdi ki, həmin qızıl sikkələr qanunvericiliyə uyğun olaraq muzeyin qızıl fonduna təhvil verilib.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitunun direktoru Maisə Rəhimova brifinqdə çıxış edərək bildirdi ki, Ağsu şəhər yerində aşkarlanan dəfinə Azərbaycanın ən qədim insan məskəni və sivilizasiya mərkəzlərindən biri olduğunu bir daha sübut edir. Onun sözlərinə görə, Ağsuda tədqiqatlar hələ davam edir və ümid edirik ki, tariximizin öyrənilməsində mühüm rol oynayan yeni-yeni nadir tapıntılar aşkarlanacaq.
Ağsu arxeoloji ekspedisiyanın rəisi, tarix elmləri doktoru Qafar Cəbiyev Ağsuda geniş miqyaslı arxeoloji tədqiqatların gerçəkləşməsinə görə ölkə başçısına, AMEA-nın, AMEA Tarix Muzeyi və Arxeologiya və Etnoqrafiya İnstitutu, habelə Ağsu rayonu rəhbərliyinə, eləcə də ekspedisiyanı maliyyələşdirən “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinə təşəkkürünü bildirdi. Qafar Cəbiyev daha bir təzə xəbəri KİV təmsilçilərinin diqqətinə çatdırdı. Onun verdiyi məlumata görə, bu il iyulun 9-da Ağsu şəhər yerində arxeoloqlar daha bir qızıl əşya aşkar ediblər. Belə ki, qazıntı torpağı yenidən ələnərkən bir ədəd qızıl bəzək əşyası tapılıb. Həmin qızıl bəzək əşyası da AMEA Milli Azərbaycan Tarixi Muzeyinə təhvil veriləcək.
Ekspedisiyanın rəhbəri qeyd edib ki, indiyə kimi tədqiqatlar nəticəsində qızıldan çox-çox dəyərli tapıntılar olub. Onun sözlərinə görə, yaxşı arxeoloq yalnız çox qazan və çox tapan deyil, qazdıqlarını yazandır. O, Ağsu arxeoloji ekspedisiyanın tapıntılarına həsr olunmuş artıq 4-cü kitabın çapa hazırlandığını KİV təmsilçilərinin diqqətinə çatdırıb. Numizmat alim Əli Rəcəbli Ağsu dəfinəsinin arxeoloqlar tərəfindən aşkarlanmış ilk belə dəfinə olduğunu deyib. Onun sölərinə görə, təsadüfi adamlar dəfinələr tapırlar, amma onların hamısı tam olaraq gəlib muzeyə çatmır.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı KİV təmsilçilərini oxucuları maarifləndirməyə çağırıb, tapılan dəfinələrin maddi dəyərindən çox tarixi və elmi əhəmiyyətini insanların diqqətinə çatdırmağı tövsiyə edib. Onun sözlərinə görə, bu həm də dəfinəni tapan adamın adının tarixə düşməsi deməkdir.N. Vəlixanlı sonda qeyd edib ki, AMEA Rəyasət Heyətinin sərəncamı ilə Ağsu arxeoloji ekspedisiyasının rəhbəri və üzvlərinə təşəkkür elan olunub və onlara pul mükafatı verilib.
|