Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu Ağsu arxeoloji ekspedisiyası MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin dəstəyi ilə 2010-cu ilin mart ayından başlayaraq Orta əsr Ağsu şəhər yerində tədqiqat aparır. Tarix elmləri doktoru Qafar Cəbiyevin rəhbərlik etdiyi ekspedisiya bu günədək 15000 kv.m.-ə qədər sahəni arxeoloji cəhətdən öyrənməklə, Azərbaycanın son orta əsrlər tarixinə dair çoxsaylı nadir maddi-mədəniyyət nümunələri aşkara çıxarmışdır.
22 iyun 2012-ci il tarixdə saat 08.30 radələrində şərti olaraq VII qazıntı sahəsi adlandırılan ərazidə qazıntı işləri davam etdirərkən bir-birinin yaxınlığında səpələnmiş vəziyyətdə olan qızıl sikkə nümunələrindən ibarət dəfinə aşkara çıxmışdır. Elmi heyətin nəzarəti altında sahə diqqətlə tör-töküntüdən təmizləndikdən və fotosu çəkildikdən sonra sikkələr ekspedisiya rəhbərliyi tərəfindən yerindəcə aktlaşdırılaraq götürülmüşdür. Sikkələrin ümumi sayı 37 (otuz yeddi) ədəddir. Onlardan bir ədədi 1781, bir ədədi 1786, üç ədədi 1787, bir ədədi 1796, otuz bir ədədi isə 1800-cü ildə zərb olunmuşdur. Aşkar olunmuş qızıl sikkələrin demək olar ki, hamısı yaxşı vəziyyətdədir.
Məlumat üçün bildirək ki, dəfinəyə daxil olan sikkələr Holland istehsalı olan qızıl dukatlardır. Sikkələrin əyarı 986, diametri 21,8 mm, qalınlığı 1,3 mm, leqal çəkisi 3,49 qr., forması dairəvi, kənarı döyülmüş, üzəri zərb olunmuşdur.
Sikkələrin aversində latın dilində yazısı olan ornamentli kvadrat lövhə vardır. Üzərində qısa olaraq “MO.ORD.PROVIN.FOEDER.BELG.AD.LEG.IMP.” yazılmışdır. Yazının latın dilində açılışı belədir: “MOneta ORDinum PROVINciarum FOEDERatorum BELGicarum AD LEGem IMPerii”. Yazı belə tərcümə olunur: “İmperiya qanununa uyğun olaraq Belçika Əyalət Federasiyası hökümətinin sikkəsidir".
Sikkələrin reversində mərkəzdə zirehli cəngavər təsvir olunmuşdur. Cəngavərin sağ əlində çiyninə qaldırdığı qılınc, sol əlində ox dəstəsi vardır. Cəngavərin sağ tərəfində dördrəqəmli miladi tarixin ilk iki rəqəmi, sol tərəfində isə son iki rəqəmi zərb olunmuşdur. Üzərində qısa olaraq latın dilində “CONCORDIA.RES.PAR.CRES.HOL.” yazılmışdır. Yazının latın dilində tam açılışı belədir: “CONCORDIA RES PARvae CREScunt HOLlandiae”. Yazı hərfi mənada belə tərcümə olunur: “Uzlaşmış kiçik əşyaların çoxalması ilə - Hollandiya". Yəni, “Güc birlikdədir”.
Analoji sikkə nümunələri XVIII əsrdə dünyanın ən müxtəlif ölkələrində geniş yayılmışdır. Mütəxəssislərin fikrincə, o dönəmdə Holland qızıl dukatları öz əhəmiyyəti etibarilə bugünkü ABŞ dolları mahiyyətində idi.
Ekspedisiya rəhbərliyi iki gün ərzində ilkin zəruri tədqiqat işlərini başa çatdıraraq, 25 iyun 2012-ci il tarixdə dəfinəni Arxeolgiya və Etnoqrafiya İnstitutu rəhbərliyinin tövsiyyəsi ilə Milli Azərbaycan Tarixi Muzeyinə təhvil vermişdir. Muzeyin direktoru, akademik Nailə Vəlixanlının dediyinə görə Ağsu dəfinəsi tariximiz üçün sensasiya əhəmiyyətli bir tapıntıdır. Təbiidir ki, bu tip tapıntılar orta əsrlər dövründə Azərbaycan şəhərlərinin Avropa və dünya ticarətində iştirakı ilə bağlı bir çox məsələləri elmi cəhətdən daha müfəssəl öyrənməyə imkan yaradacaqdır.
Ağsu Arxeoloji Ekspedisiyası dəfinə ilə bağlı tədqiqatları davam etdirir.
|