“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi (www.miras.az) 2013-cü il iyunun 13-də Gəncə şəhərində ictimaiyyətin müxtəlif təbəqələrini əhatə edən seminar keçirdi.
Seminar birliyin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyi “Azərbaycanda tarix və mədəniyyət abidələrinin mühafizəsi və təbliği: mövcud vəziyyətin monitorinqi və qarşıda duran vəzifələr” layihəsi çərçivəsində baş tutdu.
Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyilə Nizami Gəncəvi adına Kitabxanada keçirilən tədbirdə müəllimlər, tarixçilər, mədəniyyət və turizm işçiləri, QHT təmsilçiləri, gənclər iştirak etdi. Əvvəlcə, tədbir iştirakçılarını salamlayan və MİRAS-ın layihəsini yüksək qiymətləndirdiyini vurğulayan Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin baş inspektoru Bəxtiyar Muradov çıxış etdi. Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin tarixindən söz açan B.Muradov onu abidələr diyarı adlandırdı.
Layihənin eksperti - birliyin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli ”Mədəni irsin mühafizəsində MİRAS İB-nin rolu” mövzusunda çıxış etdi və seminar iştirakçılarını mədəni irsə qayğının nümunəsi olaraq orta əsr Ağsu turizm kompleksində aparılan işlərlə tanış etdi.
Layihənin koordinatoru, MİRAS İB sədrinin müavini Arzu Soltan isə, “Mədəni irsə ictimai münasibət: monitorinqin nəticələri” mövzusunda çıxış edərək layihə çərçivəsində görülən işlərdən danışdı. Xüsusilə, orta əsr Gəncə şəhər yerində aparılan monitorinqin nəticələri haqqında seminar iştirakçılarına məlumat verdi. Xüsusilə, orta əsr Gəncə şəhərinin ictimaiyyətin diqqətindən kənarda qaldığını vurğuladı.
Seminarda iştirak edənlər, xüsusilə gənc nəslin nümayəndələri həmin abidənin tanınması üçün bundan sonra daha fəal olacaqlarını bildirdilər. Abidənin turizm marşrutlarına daxil edilməsinin həqiqətən bölgənin inkişafına və burada yaşayan insanların həyat səviyyəsinin yüksəlməsinə səbəb olacağı fikri ilə razılaşdıqlarını bildirdilər.
Seminar iştirakçıları, Mədəniyyət və Turizm İdarəsinin baş inspektoru Bəxtiyar Muradovun müşaiyətilə Gəncə şəhər Tarix-Diyarşünaslıq Muzeyini, Gəncə qalasını, Comərd Qəssab türbəsini, eləcə də Nizami Gəncəvi məqbərəsini ziyarət etdilər. |