AZE ENG
Facebook
Twitter Google Myspace
Avropa Parlamentinin prezidenti Martin Şultsun 26 noyabr 2014-cü ildə Avropa Parlamentinin plenar iclasındakı çıxışı ilə bağlı MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin BƏYANATI
5-12-2014

Hər sahədə dünya birliyində öz yerini tutan və möhkəmlədən Azərbaycan Respublikasına qarşı müxtəlif ölkə və qurumların tez-tez təzyiq xarakterli qərəzli münasibəti başqa QHT-lər kimi MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyini də narahat edir. Hər zaman belə çıxışlara qarşı öz narazılığını bildirən MİRAS İctimai Birliyi Avropa Parlamentinin prezidenti Martin Şultsun noyabrın 26-da Avropa Parlamentinin plenar iclasında ölkəmizə qarşı növbəti qərəzli çıxışını Azərbaycanın daxili işlərinə qarışmaq cəhdi kimi qəbul edir və buna öz qəti etirazını bildirir.
Cənab Martin Şults Avropa Parlamentinin prezidenti kimi bütün Avropa ölkələrinə bərabər və ədalətli münasibət sərgiləmək əvəzinə Azərbaycan haqqında həqiqətə uyğun olmayan fikirlər səsləndirməklə diqqəti çəkir. O, noyabrın 26-da Avropa Parlamentinin Strasburqda keçirilən plenar iclasında guya Azərbaycanda ictimai fəaliyyətinə görə həbs edilmiş Leyla Yunusovanın hüquqlarının pozulması haqqında fikirlər söyləməklə birmənalı olaraq ölkəmizin daxili işlərinə qarışmışdır. Bildirmək istəyirik ki, konkret cinayət əməllərində, o cümlədən vətənə xəyanətdə ittiham olunan şəxsləri söz, mətbuat və fikir azadlığının pozulması bəhanəsi ilə müdafiə etməyə çalışmaq Avropa Parlamenti kimi nüfuzlu bir təşkilatın obyektivliyinə kölgə salır.
Avropada bilmirlərmi ki, mövcud sərhədləri ilə tanıdıqları Azərbaycanın ərazisinin böyük bir hissəsi Ermənistan tərəfindən işğal olunub, insanlar yerlərindən-yurdlarından didərgin düşüb, dünya mədəni irsinin nümunələrinə çevrilə biləcək yüzlərlə abidələrimiz yerlə-yeksan edilib, bu vəhşət hələ də davam etməkdədir. İndiyə qədər cənab Martin Şults çıxışlarında halımıza yanaraq hansısa fikir səsləndiribmi, minlərlə insanın öz torpaqlarında yaşamaq, övladlarına təhsil vermək, cəmiyyətə yarasız inteqrasiya olunmaq hüququnu xatırladıbmı? Təəssüf edirik. Təəssüf edirik ki, çoxillik ənənələri olan sizlərdən ancaq ikili standartlar, şəxsi mənafe və ölkə çıxarları görmək məcburiyyətində qalmışıq. MİRAS İctimai Birliyi olaraq çox istərdik ki, həssas bir dönəmdə və coğrafiyada yerləşən ölkəmizi öz qərəzli və həqiqətə uyğun olmayan fikirlərinizlə deyil, reallığı əks etdirən, səmimi etiraflarınızla yad edəsiniz.
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birlyi cənab Martin Şultsun ölkəmizlə bağlı söylədiyi qərəzli və qeyri-obyektiv fikirləri birmənalı şəkildə rədd edir və Avropa ictimaiyyətini ikili standartlara xidmət edən bu siyasətə qarşı etiraz bildirməyə səsləyir.

 

Dinləyicilər üçün qeydiyyat forması

Məruzəçilər üçün qeydiyyat forması
 

Oxunub : 3294