MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi mədəni irsimizin öyrənilməsi, tədqiqi və təşviqi ilə yanaşı, onun bilavasitə istifadəçisi olan insanların tələblərini də nəzərə alır. Onların arzu və istəklərinə uyğun imkan daxilində aksiyalar, layihələr həyata keçirir, nəşrlər hazırlayır, “Miras” jurnalında oxuculara təqdim edir.
İctimai Birliyin il ərzində həyata keçirdiyi aksiyalardan biri də 2013-cü ildən başladığı və hər il davam etdirdiyi “Xeyirxah oxucu”dur. MİRAS görmə imkanları məhdud olsa da, oxumağa, işləməyə, siyasi-iqtisadi, elm və texnika, ədəbiyyat və mədəniyyət sahəsində baş verən hadisələrə sonsuz maraq göstərən, daim öz üzərində işləmək, bu tədqiqatlara töhfə vermək məqsədilə bu enişli-yoxuşlu, bəzən isə obyektiv və daha çox subyektiv səbəblərdən keçilməz olan bu yollarda maneələri dəf etməyə çalışan müxtəlif yaşlı insanlara, balacalara, məktəblilərə, gənclərə, ahıllara MİRAS üzvlərindən ibarət könüllülərin səsi ilə dəstək olmağa çalışdı və bu işi davamlı surətdə həyata keçirmək niyyətindədir.
Bu məqsədlə “Gənclik” metro stansiyasının yaxınlığında, beş mərtəbəli binanın zirzəmisində yerləşən, lakin orada çalışanların əzmkarlığı və ürəyiyanan şəxslərin hədiyyə etdikləri kitablar sayəsində zəngin fonda, səsyazma studiyasına malik Gözdən Əlillər üçün Respublika Kitabxanası, müdir müavini Tofiq müəllim Balayevlə əməkdaşlığı 2014-cü ildə də davam etdirərək görmə məhdudiyyəti olan həmvətənlərimizin tələbatına uyğun 10 kitabı (abituriyentlər üçün 3 ədəd test kitabını, Çingiz Abdullayevin “Ölümü özün seç”, Seyfəddin Dağlının “Şirin duz”, Antuan de Sent Ekzüperinin “Balaca şahzadə”, Mahmud İsmayılovun “Sənin ulu baban”, Elçinin “Mahmud və Məryəm”, Əminə Özkan Şənlikoğlunun “Mariya”, Çingiz Abdullayevin “Unudulmuş röya” kitablarını) səsləndirərək montaj edib, audiokitab şəklində dinləyicilərə təqdim edir.
Səsləri ilə dinləyicilərinin kitaba olan tələbatını ödəmək istəyən, onlara yardımçı olmaqdan zövq alan və bunu könüllü surətdə böyük həvəslə edən könüllülər isə “Xeyirxah oxucular” MİRAS üzvləri – Gülşən Hüseynova, Nailə Həsənova, Ülviyyə İsmayılova, Vüsalə Bəşirova, Orxan Qəmbərov və Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistri Kürsümxanım Tahirlidir.
Əslində “Xeyirxah oxucu” aksiyası həm oxucularımız, həm də dinləyicilərimiz üçün biliklər aləminə baş vurmaq, müxtəlif dövrdə və janrda yazılmış kitabları həm özləri üçün oxumaq, həm də onu yüzlərlə insana təqdim etmək imkanı qazandırdı. Beləliklə MİRAS üzvləri və könüllülər öyrənib öyrətməklə yanaşı, həmin kitabların xüsusi əlifba ilə çapına da şərait yaradırlar.
Bu gün “Xeyirxah oxucular”ın ən böyük arzusu aksiyanın 2015-ci ildə artıq vaxt məhdudiyyəti olmayan müstəqil studiyada davam etdirilməsi və kitabxananın fondunda olan bütün kitabların peşəkar səsləndirilməsinə şəraitin yaradılmasıdır. Biz eyni zamanda, görmə imkanları məhdud insanlara xüsusi İnternet radionun açılmasını və bazasına dərsliklər, monoqrafiyalar, bədii, elmi, elmi-kütləvi ədəbiyyat toplanmış audiokitablardan ibarət İnternet portalın açılmasını arzulayırıq və son illər Dövlətimizin fiziki imkanları məhdud insanlara göstərdiyi qayğını nəzərə alaraq əlaqədar qurumlara, imkanlı şəxslərə, bəzən sosial məsuliyyət layihələrini həyata keçirmək üçün istiqamətləri müəyyənləşdirə bilməyən şirkətlərə müraciət edərək, gözünün nurunu itirsə də ziyalı kimi cəmiyyətə böyük fayda verə biləcək bu insanların potensialından istifadə edib, onların istəklərini inkişaf etdirməyə diqqət yetirmələrini xahiş edirik.
KİV və QHT nümayəndələrini, eləcə də bu mövzuya həssas yanaşan insanları 15 dekabr 2014-ci il tarixində saat 15.00-da World Business Center-in konfrans zalında keçiriləcək “Xeyirxah oxucu” aksiyasının yekunlaşması ilə bağlı tədbirə dəvət edirik.
|