AZE ENG
Facebook
Twitter Google Myspace
MİRAS “Xeyirxah oxucu” aksiyasına böyük ruh yüksəkliyi və yeni ideyalarla yekun vurdu
15-12-2014

Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi 15 dekabr 2014-cü il tarixində World Business Center-də Gözdən Əlillər üçün Respublika Kitabxanası ilə birlikdə 2014-cü ildə həyata keçirdiyi “Xeyirxah oxucu” aksiyasına yekun vurdu. Hesabat xarakterli görüşü giriş sözü ilə Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli açaraq, Gözdən Əlillər üçün Respublika Kitabxanası ilə əlaqələrin tarixçəsindən danışdı. 2013-cü ildə ilk görüşdən və ekskursiyadan başlanan əməkdaşlığın və Kitabxananın müdir müavini Tofiq Balayevin mütəmadi olaraq MİRAS-ın dostu kimi tədbirlərdə fəal iştirak etdiyini söylədi. Sonra tədbir İctimai Birliyin üzvü, səsli kitabların montajını həyata keçirən Orxan Qəmbərovun hazırladığı aksiyaya həsr olunmuş videoçarxla davam etdi.
Hörmətli yazıçımız, mərhum İslam Səfərlinin “Göz həkimi” pyesi üzərində qurulmuş videoçarx görmə imkanları məhdud olan insanların arzularını ifadə etməklə, xeyirxah oxucuların da duyğularını səsləndirdi və gözləntilərini əks etdirdi.
Videoçarxın güclü emosional təsirindən sonra, söz aksiyanın iştirakçılarından biri və əlaqələndiricisi MİRAS üzvü Gülşən N.Hüseynovaya verildi. O, il ərzində görülən işlər barədə hesabat verməklə yanaşı, böyük həvəslə çalışaraq 10 səsli kitab yazdıran “xeyirxah oxucu”ları təqdim etdi. Natiq həmçinin bu sahədə dünya praktikasına diqqəti cəlb etdi, rəqəmli brayl, çap olunmuş brayl, audiokitabların hazırlanması istiqamətində fəaliyyətin genişləndirilməsinin vacibliyini qeyd etdi. 10000-dən artıq zəngin kitab fonduna malik Kitabxananın istifadəçillərinin səsli kitablara böyük ehtiyacı olduğunu deyən G.Hüseynova son dövrlərdə dövlətin fiziki imkanları məhdud olan insanlara diqqətini vurğuladı və Kitabxananın zirzəmidən çıxıb, yeni, hər cür şəraiti olan binaya, geniş səsyazma studiyasına malik olmasını arzuladı. Həmçinin səsini yoxlatdıran, lakin studiya imkanlarının məhdudluğu ucbatından səsli kitab yazdıra bilməyən oxucuların növbəti ildə istəklərinə nail olacağına ümid bəslədiyini söylədi. Sonda yaratdıqları şəraitə görə Miras İctimai Birliyinin sədri Fariz Xəlilliyə və Gözdən Əlillər üçün Respublika Kitabxanasının müdir müavini Tofiq Balayevə təşəkkür edərək, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin üzvləri kimi birliyin missiyalarından birini həyata keçirməyə yardımçı olduqlarına görə özlərini xoşbəxt hiss etdiklərini bildirdi.
Gözdən Əlillər üçün Respublika Kitabxanasının müdir müavini Tofiq müəllim Balayev çıxışında Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin Azərbaycanda ilk dəfə belə bir xeyirxah aksiyanı həyata keçirdiyini bildirdi və buna görə Fariz müəllimin rəhbərliyi ilə bütün kollektivə təşəkkür etdi. Tofiq müəllim bu sahədə ABŞ, Rusiya Federasiyası və Türkiyənin təcrübəsinə toxundu. Sözügedən ölkələrdə səsli kitabların da məhz könüllülər tərəfindən təmənnasız həyata keçirildiyini söylədi. O həmçinin ABŞ-da səsli kitabların türmələrdə yazılmasının geniş tətbiq olunduğunu qeyd etdi. Bu gün studiyada vaxt məhdudiyyətinin bir problem olmasını desə də, daha böyük çətinliyin məhz səsləndirilən kitabların montajı ilə bağlı olduğunu vurğuladı. Natiq çıxışında Orxan Qəmbərovun bu sahədə onlara kömək etməsindən razılıqla danışdı, lakin səsləndirilən kitabların istifadəçilərə operativ çatdırılması üçün bir neçə montajçıya ehtiyac olduğunu və könüllülərə bu sadə proqramı sürətlə öyrədə biləcəyini dedi.
Aksiya çərçivəsində səsli kitabları montaj edən MİRAS üzvü Orxan Qəmbərov aksiyaya böyük həvəslə qoşulduğunu və montaj işini həvəslə yerinə yetirdiyini söyləməklə yanaşı, Birliyin ofisində bir meqabayt həcmi olan proqramı istəyənlərə öyrətməyə hazır olduğunu bildirdi. O eyni zamanda səsli kitabların montajının özəlliklərindən də danışdı və qeyd etdi ki, kitabı düzgün montaj etmək üçün bəzən onu oxumaq belə lazımdır. Çünki dinləyicilərimizə keyfiyyətli, səhvsiz kitablar təqdim etməliyik ki, onlara rahat olsun.
Fariz müəllim daha sonra sözü “Brailleteknik” Şirkətinin direktoru, görmə imkanları məhdud insanlarla iş üzrə mütəxəssis, əlillərin psixoloji reabilitasiyası üzrə Azərbaycan Müəllimlər İnstitutunda, TİSSA məktəbində mühazirələr oxuyan Bəybala İbadullayevə verdi. Bəybala müəllim diqqəti aksiyanın sosial-mədəni əhəmiyyətinə cəlb etdi, əlillərə yanaşmada həssas məqamları açıqladı, bu işə böyük həvəslə, təmənnasız, yaradıcılıqla qoşulan könüllülər qrupuna minnətdarlığını bildirdi. Bəybala müəllim Azərbaycan Dövlət Pedaqoji Universitetinin defektologiya fakültəsinin tələbələrinin, eyni zamanda Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsinin tələbələrinin bu aksiyaya cəlb edilməsinin faydalı olacağını qeyd etdi. Hətta Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində aksiya ilə bağlı “Dəyirmi masa” və ya seminarın keçirilməsini də məqsədəuyğun saydı. Natiq sonda önu da aksiyanın bir iştirakçısı kimi qəbul etməyi və danışıq, artikulyasiya ilə bağlı xeyirxah oxuculara hər zaman məsləhətlər verməyə hazır olduğunu bildirdi.
İctimai Birliyin sədri Fariz Xəlilli maraqlı təkliflərə görə Bəybala müəllimə təşəkkür etdi və bu barədə birlikdə layihələrin həyata keçirilməsini mümkün hesab etdi. Kitabxananın əməkdaşı Nazlı xanım Əliyeva sözünə MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliiyinə göstərdiyi dəstəyə görə təşəkkürlə başladı və istifadəçilərin ehtiyaclarından bəhs etdi. Nazlı xanım kiçik yaşlı balaların nağıllara, səsli uşaq ədəbiyyatına böyük ehtiyacının olduğunu, bədii əsərlərin səsləndirilməsində radio-tamaşa formatından istifadənin məqsədəuyğunluğunu, orta və ali məktəb tələbələrinin isə dərsliklərə, müxtəlif dillərdə, xüsusən rus və ingilis dillərində sözlüklərə, lüğətlərə daha çox tələbatlarının olduğunu qeyd etdi. O həmçinin kitabxananın balaca istifadəçiləri arasında istedadlı, şeirə, ədəbiyyata maraq göstərən uşaqların çoxluğunu deyərək, onlara istiqamət verən dərnəklərin yaradılmasını və peşəkar müəllimlərin cəlb edilməsini arzuladı.
Görmə imkanları məhdud olan daha bir tədbir iştirakçısı, kompyuter müəllimi Fərid Fərmanov isə olduqca qısa bir çıxış edərək hamıya təşəkkürünü bildirdi. O, hamının, bütün xeyirxah oxucuların səslərinin dəyərli olduğunu söylədi və onların hamısına səslərinə müvafiq və arzuları nəzərə alınmaqla materiallara müraciət etmələrinə şərait yaradılmasının vacibliyini qeyd etdi.
Görüşü böyük diqqətlə dinləyən, sənətşünas-alim, professor Kubra Əliyeva çıxışında aksiyadan gec xəbər tutduğundan heyfsləndiyini bildirdi, lakin onu da aksiya iştirakçısı kimi qəbul etməyi xahiş etdi. Böyük əhəmiyyətə malik bu aksiyanın mənəvi tərəflərinə toxunan Kubra xanım II Ağsu Rəssamlıq Simpoziumunda çəkiləcək rəsm əsərlərinin “Kubra Art and Design” MMC-də satışa çıxarılmasını və əldə olunan vəsaitin Kitabxanaya avadanlıqların alınmasına, beləliklə səsli kitabların sayının artırılmasına yönəldilməsi kimi maraqlı təkliflər verdi və Bəybala müəllimin seminarın təşkili ilə bağlı fikrini dəstəklədi.
Fariz müəllim aksiya çərçivəsində görülən işlərə toxunaraq oxucuların bu işi davam etdirmək əzmini təqdir etdi və sözü təəssüratlarını bölüşmək üçün “xeyirxah oxucular” – MİRAS üzvləri Nailə Həsənovaya və Vüsalə Bəşirovaya verdi. Hər iki xanım bu işə böyük həvəslə qoşulduqlarını bildirdilər və onlara yaratdıqları şəraitə görə İctimai Birliyin və Kitabxananın rəhbərliyinə təşəkkür etdilər. Nailə Həsənova hələ uşaqlıqda görmə imkanları məhdud nənəsinə kitab oxuduğunu və bir zamanlar bunu digərləri üçün də etmək istəyini söylədi. Aksiya çərçivəsində “Orta əsrlər tarixi” test kitabını və Əminə Özkan Şənlikoğlunun “Mariya” kitabını oxuduğunu və böyük həyəcan keçirtdiyini dedi. Bakı Uşaq Teatrının aktrisası Vüsalə Bəşirova isə Çingiz Abdullayevin “Unudulmuş röya” kitabını oxuduğunu bildirdi və böyük məmnuniyyətlə balacalara nağıllar oxumağa hazır olduğunu söylədi. Aksiyaya böyük məmnuniyyətlə qoşulduğunu bildirən Vüsalə Bəşirova imkan daxilində bu işlə mütəmadi məşğul olacağını da qeyd etdi.
Görüş iştirakçılarına üz tutan Fariz Xəlilli onların fikirlərini eşitmək istədiyini bildirdi. Ağacoyma ustası, rəssam, MİRAS üzvü Ələkbər Məmmədov bir zamanlar hazırladığı musiqinin müşayiəti ilə yazılmış “Azərbaycan nağılları” audiokassetlərini böyük məmnuniyyətlə Kitabxanaya hədiyyə etmək istəyini bildirdi. MİRAS üzvü, rəqqas Elçin müəllim Allahverdiyev isə uşaqlara təmənnasız rəqs dərsləri verməyə hazır olduğunu söylədi. Gənc heykəltaraş, MİRAS üzvü Vüqar Quliyev müxtəlif rəssamların rəsm əsərlərinin səsləndirilməsi üzərində işləməyi və bunu layihə şəklində həyata keçirib, kitabxanaya verməyi təklif etdi.
Tədbir MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlillinin və Gözdən Əlillər üçün Respublika Kitabxanasının müdir müavini Tofiq Balayevin “xeyirxah oxucu” qrupuna MİRAS İctimai Birliyinin təşəkkürnamələrinin təqdimatı və xatirə fotoşəklin çəkilməsi ilə başa çatdı.
Görüş iştirakçıları tədbirdən böyük ruh yüksəkliyi və bu mövzuda işləmək həvəsi ilə ayrıldı. Biz xeyirxah oxucuların isə bir arzumuz var - 2015-ci ildə səsli kitabları artıq vaxt məhdudiyyəti olmayan, zizəmidə deyil, ixtisaslaşdırılmış binası olan kitabxananın müstəqil studiyasında yazdırmaq və xeyirxah oxucuların, peşəkar qiraətçilərin birləşdiyi komanda ilə kitabxananın fondunda olan bütün kitabları səsləndirməklə, dinləyicilərimizin elmə, biliklər aləminə səyahətinə şərait yaratmaq, onların cəmiyyətə inteqrasiyasına kömək etmək istiqamətində vətəndaş cəmiyyətinin nümayəndəsi olaraq dövlətimizə kömək etmək.


 

Oxunub : 3210