AZE ENG
Facebook
Twitter Google Myspace
Makedoniyada 20 Yanvar faciəsi anılıb
21-1-2015

Makedoniyada III Beynəlxalq Mədəni İrs, Yerli İqtisadi İnkişaf, Turizm və Media arasında İnterdisiplinar Əlaqələrə Baxış Konfransında iştirak edən elm adamlarından ibarət Azərbaycan nümayəndə heyəti yanvarın 20-də Qazi Mustafa Kamal Atatürkün ata ocağının yerləşdiyi Kocacık kəndində olub, oradakı xatirə muzeyini ziyarət ediblər.
Daha sonra Kocacık kəndinin daxil olduğu Jupa bələdiyyəsində (əhalisi əsasən türklərdən ibarət olan yeganə bələdiyyədir) 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə Jupa bələdiyyəsinin sədr müavini Munir Bastri açıb. Tədbir iştirakçıları əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, Dr. Fariz Xəlilli Azərbaycan nümayəndə heyətinin Makedoniya səfəri və Azərbaycan-Makedoniya mədəni əlaqələrinin perspektivləri barədə məlumat verib. Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədr müavini, Prof.Dr. Qafar Cəbiyev "20 Yanvar faciəsi: səbəbləri, nəticələri və dərsləri" mövzusunda ətraflı məruzə ilə çıxış edib. AMEA Memarlıq və İncəsənət İnstitutunun direktor müavini, Prof.Dr. Kübra Əliyeva 20 yanvar faciəsi ilə bağlı xatirələrini bölüşüb.
Jupa bələdiyyəsinin sədri Arıyan İbrahim türklərin daha çox yaşadığı bu bölgəyə azərbaycanlıların ilk dəfə gəldiyini və bundan çox məmnun olduğunu bildirib. O, qeyd edib ki, Azərbaycanın son zamanlar iqtisadi sahədəki uğurları və Bakıda görülən böyük quruculuq işləri bizim ucqar kəndlərimizin sakinləri tərəfindən də televiziya vasitəsilə izlənilir. Qarabağ torpaqlarının erməni işğalı altında olmasına üzülür və inanırıq ki, bu problem lap yaxın vaxtlarda öz ədələtli həllini tapacaqdır. Amma bütün bunlara baxmayaraq bütövlükdə sakinlərimiz Azərbaycan haqqında olduqca az məlumatlıdırlar. Bu sarıdan qarşılıqlı səfərlərin, tanıtım tədbirlərinin keçirilməsinə ciddi ehtiyac vardır.
Tədbirin sonunda Jupa bələdiyyəsinin kitabxanasına Azərbaycanla bağlı kitab və jurnallar bağışlanılıb.
 

Oxunub : 3328