Layihə Respublika Gözdən Əlillər Kitabxanası ilə əməkdaşlıqda həyata keçirilir.
Layihə çərçivəsində MİRAS İctimai Birliyinin üzvləri könüllü olaraq görmə qabiliyyəti məhdud olan insanlar üçün kitabların səsləndirilməsində iştirak edir. Mayın 22-də MİRAS İB-nin üzvlərlə iş üzrə koordinatoru Nicat Nuriyevin rəhbərliyi ilə kitabxanaya gedən bir qrup MİRASçı oradakı şəraitlə tanış olublar və layihəyə start veriblər.
Kitabxana direktorunun müavini Tofiq Balayev bildirib ki, hazırda Azərbaycanda 20000-dən artıq görmə qabiliyyəti məhdud olan insan var. Onlar ən müxtəlif mövzularda olan kitablar üçün kitabxanaya müraciət edirlər. Lakin Gözdən Əllillər Kitabxanasında audiokitabların sayı tələbatdan çox azdır. Odur ki, yeni audiokitabların hazırlanmasına ehtiyac var. T.Balayev “Xeyirxah oxucu” layihəsini ən böyük xeyirxahlıq hesab etdiyinini və MİRAS-ın bu layihəsini alqışladıqlarını bildirib.
Qeyd edək ki, layihə çərçivəsində iştirakçılara audiokitabların hazırlanması, montaj və s. proseslər də öyrədiləcək.
|