Martın 2-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Gənclər Təşkilatının dəstəyi ilə Mədəni irs və Arxeoloji turizm elmi-praktik konfransı keçirilib.
Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin elmi işlər üzrə prorektoru, professor Vilayət Əliyev açıb. O, məruzəçiləri təqdim edib və Azərbaycan Dövlət Pedaqoji Universitetinin MİRAS İctimai Birliyi ilə ortaq fəaliyyətindən bəhs edib. Professor Vilayət Əliyev Azərbaycan arxeologiya elminin son nailiyyətlərindən və Azərbaycanda turizmin inkişafından danışıb.
Daha sonra Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Məleykə Hüseynova Azərbaycanda turizmin inkişaf perspektivləri və potensialı haqqında ümumi məlumat verib. Azərbaycanda son illərdə bu sahədə görülən işlərdən və gələcəkdə nəzərdə tutulan layihələrdən danışıb. O, 2014-cü ildə İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) dəstəyi ilə həyata keçirilən “Ümumi Mədəni İrs Şəhərləri” beynəlxalq arxeoloji turizm layihəsi haqqında geniş məlumat verib. Dörd ölkəni - Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistanı əhatə edən layihənin 2015-ci ildə də davam edəcəyi bildirilib. Bu layihə çərçivəsində təşkil olunacaq Arxeoloji düşərgələr gənclərin mədəni irs abidələrimizi tanımaları ilə yanaşı arxeologiyaya və qədim tariximizə olan maraqlarını da artıracaq.
MİRAS İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli öz məruzəsində səyahət etməyin və araşdırmaların insan həyatındakı əhəmiyyətindən danışıb. Dünyanın 20-dən çox ölkəsində 100-ə qədər şəhərə səyahət etdiyini bildirən məruzəçi mədəni irsə qayğının bir toplumun həm mədəni, həm də iqtisadi baxımdan inkişafında mühüm rol oynadığını qeyd edib. Yeni yaransa da arxeoloji turizmin artıq bir reallıq olduğunu və getdikcə bu sahəyə marağın artdığını, Azərbaycanda yeni arxeopark və arxeoloji turizm komplekslərinin yaradıldığını vurğulayıb. Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksi haqqında geniş məlumat verən Fariz Xəlilli ADPU tələbələrini Qafqaz Albaniyasına məxsus Mehrəvan qalasında Ağsu arxeoloji ekspedisiyasının təşkil edəcəyi arxeoloji düşərgəyə dəvət edib.
ADPU TGT-nin sədri Sahil Qələndərov elmi-praktik konfransın məruzəçilərinə minnətdarlıq edib, gənclərin mədəni irs abidələrini mütəmadi ziyarət edəcəklərinə və arxeoloji düşərgələrə qoşulacaqlarına inandığını bildirib.
|