Mart ayının 16-da Ağsu rayonunun Gəgəli kəndində öz işinə başlayan I Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı mart ayının 17-18-də də davam edib. MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, AMEA Folklor İnstitutu, Ağsu rayonu İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən festivala Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan və Misirdən 150-yə qədər iştirakçı qoşulub. Festivalın proqramına müxtəlif folklor qruplarının çıxışı, sərgi-yarmarka, oturma gecəsi və axır çərşənbə tonqalları, eləcə də Orta əsr Ağsu şəhəri turu daxildir.
Əvvəlcə Aşıq Rza Mamedov (saz), Abgül Adgözəlov (qoşanağara), Şöhrət Əliyev (nağara), Mirzə Mirzəyev və İdris Tağıyevdən (zurna) ibarət Şamaxı folklor qrupu yaddaqalan proqramla çıxış ediblər. Daha sonra Pərviz Osmanovun rəhbərlik etdiyi Ağsu musiqi qrupu, Gəgəli kəndindən olan gənc müğənni Ağadadaş Talışov və Bico kəndini təmsil edən Aşıq Amilin ifa etdiyi musiqi parçaları maraqla qarşılanıb.
Türkiyədən festivala qoşulmuş şair Muharrem Yenigün Türkiyənin şərq bölgələrindəki, xüsusilə Qars və İğdır tərəflərdə Novruz adətlərindən, yeddi ləvindən bəhs edib. Novruz ənənələrinə həsr etdiyi yeni şeirlərini səsləndirib. Misirli müsiqişünas Mona Zedan isə ərəb xalq musiqisi parçalarından ibarət geniş repertuarla çıxış edib.
Bədii hissə yenidən Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbin şagirdlərinin ifasında məzhəkəli tamaşa ilə davam edib. Tamaşanın ssenarisini məktəbin direktoru Sabit Abdullayev, quruluşunu Uşaq birliyi təşkilatının rəhbəri Nərgiz Quliyeva hazırlayıb.
MİRAS Musiqi qrupunun üzvləri tarzən Mehman Mikayılov, kamança ifaçısı Cahandar Mikayılov və Elnur İbrahimov, xanəndələr Ruslan Adgözəlov, Nurlan Namazov və Tahir Şəfiyev xüsusi proqramla çıxış ediblər.
Festivala dünyada məşhur olan fotoqraflar - Məmməd Rəhimov, Mirnaib Həsənoğlu və Rauf Umudov (Azərbaycan), Ahmet İnamçer və Ahmet Serdar (Türkiyə), Kakha Pkakhadze və Nino Mghebrishvili (Gürcüstan) qatılıblar. Onlar festivalı izləyərək maraqlı fotolar çəkiblər. Gələcəkdə bu fotoları sərgiləmək və kataloqunu nəşr etmək nəzərdə tutulur.
Festival zamanı "yumurta döyüşdürmə" müsabiqəsi keçirilib. Bütün yumurta döyüşdürənlərə qalib gələn Gəgəli kənd sakini Davud İslamov birinci yeri tutub. Xonça müsabiqəsində isə MİRAS üzvü Tofiqə Cəfərli qalib gəlib.
Sərgi-yarmarkada AzGranata Şirə və Şərab Emalı Müəssisəsinin məhsulları, Bico və Qəşəd kəndlərində toxunan xalçalar, Gəgəli kəndində toxunan palazlar, müxtəlif kəndlərdən sərgiyə gətirilmiş etnoqrafik əşyalar, Bakıda və Ağsuda yaşayan rəssamların əsərləri, heykəltəraş Vüqar Quliyevin daş və dəmir oksidindən hazırladığı miniatür heykəllər, Zaqatalanın Mamrux kəndində və Ağsuda hazırlanan tikmələr, əl işləri, kənd təsərrüfatı məhsulları (yerli bal, motal pendiri, kənd yumurtası, sarımsaq və s.), eləcə də Orta əsr Ağsu şəhəri və Mehrəvan qalasından aşkar olunmuş arxeoloji materiallar nümayiş etdirilib.
Martın 17-də axşam çağı iri tonqallar qalanıb, qonaqlar və kənd sakinləri tonqaldan keçiblər. Səmaya dilək balonları və şamallar atılıb. Axır çərşənbə aşı yeyildikdən sonra əvvəlcədən ayrılan evlərdə səhərə qədər oturulub, əyləncəli proqramlar icra edilib, evlərə qurşaqlar atılıb, yatanlar tikilib.
Səhərin alatoranlığında oturulan evlərin həyətində mal-qara iki od arasından keçirilib. Qədim inanclara əsaslanan bu ənənə bütün kənd sakinləri tərəfindən davam etdirilir.
Festivalın son günü fəal iştirak edən nümayəndələrə sertifikatlar təqdim edilib.
|