AZE ENG
Facebook
Twitter Google Myspace
Ağsuda Ümumdünya Arxeologiya Gününə həsr olunmuş festival
24-7-2015

2008-ci ildən başlayaraq dünya arxeoloqları özlərinin peşə bayramlarını - Ümumdünya Arxeologiya Gününü qeyd edirlər. 2014-cü ildən etibarən bayram Azərbaycanda da qeyd olunur. Məlum olduğu kimi, ötən il Ümumdünya Arxeologiya Günü MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü ilə Ağsuda keçirilmişdi. Bu il isə, mirassevərlər arxeoloqların peşə bayramını daha fərqli formatda - festival səviyyəsində keçirdilər.
İyulun 24-də Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksində öz işinə başlayan festivalı giriş sözü ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Ağsu arxeoloji ekspedisiyasının rəhbəri professor Qafar Cəbiyev açdı:
Dünyanın bir sıra ölkələrində olduğu kimi Azərbaycanda da son illər arxeoloji tədqiqatlara diqqət artıb. Bu, hər şeydən öncə toplumun öz tarixi keçmişinə olan marağının artması ilə bağlıdır. Artıq hər kəs öz ulu əcdadlarının harada və necə yaşadığını, necə mübarizə apardığını, dünya sivilizasiyasınının formalaşmasında nə dərəcədə və hansı formada iştirak etdiyini öyrənməkdə maraqlıdır. Bəşəriyyətin yazıya qədərki tarixini və mədəni inkişaf səviyyəsini araşdırmaq və öyrənmək baxımından arxeoloji tədqiqatlar yeganə, həm də etibarlı mənbədir. Azərbaycan ərazisində tarixi keçmişimizin arxeoloji cəhətdən öyrənilməsi işinə öztən əsrin 20-ci illərindən başlanılıb. 40-cı illərədək aparılan tədqiqatlar dağınıq və sistemsiz xarakter daşıyıb. 40-cı illlərdən etibarən Gəncə, Mingəçevir, Qəbələ və Beyləqanda aparılan kompleks tədqiqatlar nəticəsində tariximizin bir çox qaranlıq məqamlarına aydınlıq gətirilib. Azıx mağarasının kəşfi ilə Azərbaycan dünya arxeoloqlarının diqqət mərkəzinə gəldi. Ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsilə tarixi keçmişimizə daha diqqətli və məsuliyyətli münasibət baxımından yeni dövr başladı. 70-80-ci illərdə Azərbaycan arxeoloqları tarixin müxtəlif dövrlərinə aid bir çox yeni abidələr aşkar etməklə bu sahədə yeni-yeni uğurlara imza atdılar. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində respulikada yaranmış xaos və hərc-mərclik şəraiti arxeologiya sahəsində də böhranlı vəziyyət yaranmasına səbəb oldu. O vaxta qədər fəaliyyət göstərən bütün arxeoloji ekspedisiyalar maliyyə problemləri üzündən öz fəaliyyətini dayandırdı. Yalnız ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdışı ilə bütün sahələrdə olduğu kimi arxeologiya elminin inkifın istiqamətində də yeni üfüqlər açdı. Beləliklə, yenidən Qəbələ, Gəncə, Şəmkir, Bərdə, Naxçıvan və başqa yerlərdə genişmiqyaslı arxeoloji tədqiqatlara start verildi. Prezident İlham Əliyevin bu sahəyə xüsusi qayğı və diqqəti sayəsində də son illər Azərbaycanda arxeoloji tədqiqatların miqyası və keyfiyyəti nəzərəçarpacaq dərəcədə artıb. Minnətdarlıq hissi ilə deməliyəm ki, hər il bu sahəyə dövlət büdcəsindən yetərincə vəsait ayrılır. Bundan əlavə, müxtəlif vaxtlarda ölkə prezidentinin xüsusi sərəncamları ilə də bir neçə dəfə arxeoloji tədqiqatları genişləndirmək məqsədilə böyük miqdarda əlavə vəsait ayrılıb. Tovuz rayonu ərazisindəki Göytəpə arxeoloji kompleksi və Salyan rayonu ərazisindəki Babazanlı abidəsi ilə bağlı ölkə prezidentinin xüsusi sərəncamları olub. Bütün bunlar ölkəmizdə arxeoloqlara və arxeoloji tədqiqatlara dövlət səviyyəsində maraq və diqqət göstərildiyindən xəbər verir. Təqdirəlayiq haldır ki, dövlətin və dövlət başçımızın bu sahəyə münasibəti qeyri-hökümət təşkilatlarının və ayrı-ayrı xeyriyyəçi insanların da tarixi keçmişimizə münasibətinə müsbət təsir edib. Bu cəhətdən Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyilə həyata keçirilən müxtəlif layihələri qeyd etmək olar. SEBA-nın Qəbələdə, Regionların İnkişafı İB-nin Şəmkirdə arxeoloji tədqiqatlara göstərdiyi qayğı və diqqəti yada salmaq yerinə düşər.
Professor Qafar Cəbiyev daha sonra MİRAS İctimai Birliyinin təşəbbüsü və dəstəyilə son illər Ağsuda aparılmış arxeoloji tədqiqatlar və kanservasiya işlərindən də ətraflı bəhs edərək bildirib ki:
- Məlum olduğu kimi, Ağsuda arxeoloji tədqiqatlar 2010-cu uldən başlayıb. Bu müddət ərzində Ağsu şəhər yerində 15 min kv.metrdən çox ərazi arxeoloji cəhətdən tədqiq olunub, şəhərin qala divarlarının bir hissəsi, sənətkarlar məhəlləsi, Cümə məscidi, dövrünün ən möhtəşəm tikililərindən olan nəhəng anbar-buzxana, hamam kompleksi, su təchizatı və kanalizasiya şəbəkəsi aşkar edilərək tədqiq olunub. Oradan tapılmış qızıl holland dukatlarından ibarət dəfinə xüsusilə elmi ictimaiyyətin böyük marağına səbəb olub. Orta əsr Ağsu şəhəri ilə paralel olaraq şəhərin Şıxməzid məhəlləsindəki 16-cı əsrə aid Xanəgah kompleksinin aşkar edilərək tədqiqi də Ağsu arxeoloji ekspedisiyasının uğurları siyahısına daxil edilməlidir. Ağsu arxeoloji ekspedisiyası artıq 3-cü ildir ki, rayonun Bəyimli kəndi yaxınlığındakı ilk orta əsrlər dövrünə aid 12 hektar ərazini əhatə edən Mehrəvan şəhər yerində tədqiqatları davam etdirir. Məlumat üçün bildirək ki, Qafqaz Albaniyası dövlətinin ən qüdrətli dövrünün şəhərlərindən olan Mehrəvan şəhəri və onun yeri barəsində elmi ictimaiyyət son vaxtlaradək tam məlumatsız idi. Oradan tapılmış bir-birindən maraqlı yeni materiallar, o cümlədən Sasani, Roma, Bizans pulları, yerli alban sikkələri, mədəni və ticarət əlaqələri yolu ilə müxtəlif ölkələrdən gətirilmiş məişət və zinət əşyaları, tikinti qalıqlar, istehsalat ocaqları və çoxsaylı sənətkarlıq nümunələri Mehrəvan şəhərinin tarixi barəsində bir çox mətləblərdən xəbər verir. Xüsusi razılıq hissi ilə deməliyəm ki, birbaşa MİRAS İB-nin təşəbbüsü, dəstəyi və təşkilatçılığı ilə təkcə Azərbaycanda deyil, həm də ayrı-ayrı ölkələrdə Ağsu materiallarının tədqiqi, təbliği və nəşri ilə bağlı şox mühüm işlər görülüb. Ağsu tədqiqatları əsasında Milan Politexnik Universitetində iki magistr dissertasiyası müdafiə olunub. 4-cü Beynəlxalq Avrasiya Arxeologiyası Konfransı Ağsuda keçirilib. Son olaraq, məmnunuq hissi ilə deməliyəm ki, görülən bu işlərin nəticəsi olaraq, Ağsu Arxeoloji Turizm Kompleksi təkcə Azərbaycanın deyil, dünyanın marağında olan nümunəvi elmi və turistik mərkəzə çevrilib.
Festivalın açılışında MİRAS İB-nin sədri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli çıxış edərək Ümumdünya Arxeologiya Günü münasibətilə Ağsu arxeoloji ekspedisiyasının üzvlərini, bütövlükdə Azərbaycan arxeoloqlarını təbrik edərək deyib:
- Mənim üçün çox xoşdur ki, artıq neçə illərdir ki, arxeoloqlarla bir yerdə çalışıram. Bu illər mənim üçün də, mirassevərlər üçün də son idərəcə faydalı dövr olub. MİRAS İB arxeoloji tədqiqatlara, ümumiyyətlə mədəni irsimizin öyrənilməsinə və təbliğinə yönələn bütün təşəbbüslərdə bundan sonra da iştirak etməyi özünə borc bilir. Zaman-zaman Azərbaycan tarixini saxtalaşdırmaq, tarixi həqiqətlərimiz ört-basdır etmək məqsədilə yadellilər tərəfindəm keçmiş mədəni irsimizə şox böyük ziyan vurulub. Bir çox qiymətli tarixi yadigarlarımız dağıdılıb, sındırılıb, talan edilərək başqa ölkələrə aparılıb. Zaman yetişib ki, həmin itkiləri imkan daxilində bərpa edək. Olanlarımızı daha böyük sevgi və məsuliyyətlə qoruyaq, tədqiq və təbliğ edək. Dövlət də, elmi idarələr də bu sahədə öz üzərlərinə düşən vəzifələri icra edir. İndi vətəndaş cəmiyyəti və QHT-lər də bu şərəfli missiyanın içərisində olmalıdır. Belə bir kəlam var: yüz eşitməkdənsə, bir görmək yaxşıdır. Odur ki, festival iştirakçılarını Ağsuda arxeoloji tədqiqatların 5 ili mövzusundakı foto-sərgi ilə tanış olmağa dəvət edirəm.
Festival çərçivəsində Ağsu arxeoloji ekspedisiyasının rəisi, professor Qafar Cəbiyev Orta əsr Ağsu şəhəri, Şıxməzid arxeoloji abidəsi və Kəlağayılı kənd ərazisindən aşkar olunan tapıntıların nir qismini müvafiq akt əsasında Ağsu rayon Tarix Diyarşünaslıq Muzeyinə təhvil vermişdir. Beləliklə, Ağsu rayon Tarix Diyarşünaslıq Muzeyinin arxeoloji fondu nəzərəçarpacaq dərəcədə artmışdır.
Bundan sonra festival iştirakçıları Fariz Xəlillinin bələdçiliyi ilə həm sözügedən sərgi, həm də Orta əsr Ağsu şəhəri Turizm kompleksi ilə tanış olublar.
Tədbirin bədii hissəsində MİRAS folklor ansamblının ifasında muğam dəstgahı (Mehman Mikayılov (tar), Cahandar Mikayılov (kamança), Ruslan Adgözəlov (xanəndə)), gənc şairlərin (Taleh İbadov, Bəhruz Hüseynov, Sevinc Abdullayeva, Cavanşir Qasımzadə, Hüseyn Mirzəyev, Elşad Mustafayev, Kamal Abdullayev, İlahə Tehran, Təhminə Səmədova, Vüqar Haqverdiyev) arxeologiya mövzusunda şeirləri səsləndirilib.
Daha sonra festival çərçivəsində arxeologiya elmi, Azərbaycanda aparılan arxeoloji tədqiqatlar, arxeoloqların həyatına dair suallardan ibarət viktorina keçirilib. Viktorina qaliblərinə hədiyyələr təqdim edilib.
Festival fiziki imkanları məhdud insanlar üçün inkluziv tur, Bəyimli kəndi yaxınlığındakı qazıntıda praktik məşğələlərlə davam etdiriləcək.
 

Oxunub : 3004