AZE ENG
Facebook
Twitter Google Myspace
“Arxeoloji abidələrin inklüziv turizm perspektivləri və əlillərin reabilitasiyasına dəstək” layihəsinin yekun tədbiri keçirildi
16-10-2015

15 oktyabr saat 11.00-da MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Arxeoloji abidələrin inklüziv turizm perspektivləri və əlillərin reabilitasiyasına dəstək” layihəsinin Nəticələr, Təkliflər, Tövsiyələr adlı kitabının, layihə çərçivəsində təklif olunan İnkluziv turların və layihə nəticələrinə dair yekun hesabatın təqdimatını keçirib. Layihə 2015-ci ilin aprel-sentyabr aylarında MİRAS İB tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə baş tutub.
Tədbirdə Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Saday Abdullayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi İlqar Qurbanov, Mədəniyyət və Turizm Nazirliyi Qeyri-Hökümət Təşkilatları ilə iş sektorunun əməkdaşı İsa Məmmədov, Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Gülşən Əliyeva, ADMİU-nun muzeyşünaslıq kafedrasının müdiri, dosent Yeganə Eyvazova, Universitetin Mətbuat və İnformasiya şöbəsi müdiri Nərmin Qaralova, Şirvan Folklor Qrupu rəhbəri İxtiyar Qocayev, onlayn media kanalı olan ARABAÇI TV-nin əməkdaşları İlham Məhərrəmov, Amid Həsənquliyev, MİRAS üzvləri və layihə könüllüləri iştirak edib.
Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh xanım Əliyeva açıq elan edərək tədbir iştirakçılarını salamlayıb. O, belə bir tədbirin rektoru olduğu Universitetdə keçirilməsindən məmnun olduğunu bildirib, layihədə əməyi keçən hər bir kəsə xüsusi təşəkkür edib.
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli bəhs edilən layihə və Azərbaycanda yeni sahə olan inklüziv turizm haqqında geniş məlumat verib. O bildirib ki, bu layihənin icrası zamanı aşkar olunub ki, bu sahədə məlumatsızlıq və çatışmazlıqlar mövcuddur, cəmiyyətin bununla bağlı maarifləndirilməsinə ehtiyac vardır. Layihə çərçivəsində 22-27 iyul 2015-ci il tarixlərində Şamaxı, Ağsu, İsmayıllı rayonlarında 100-ə yaxın obyektdə araşdırmalar aparılıb, təlimlər keçirilib, 135 nəfərin arasında sorğu keçirilib. Təlimlər zamanı sorğuların nəticəsinə uyğun seçilmiş mövzular ətrafında müzakirələr aparılıb, qaldırılan problemlər əlaqədar təşkilatların diqqətinə çatdırılıb. Azərbaycanda inkluziv turizm infrastrukturu planını və müvafiq tövsiyyələri özündə əks etdirən, dünya standartlarına uyğun hazırlanmış Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksinin inklüziv turizm layihəsi işlənib hazırlanıb. O, Ağsu, Şamaxı və İsmayıllı rayonlarına inklüziv turların təşkilinə başlanıldığını qeyd edib, bu haqda flayerləri iştirakçılara təqdim edib. Fariz Xəlilli eyni zamanda qeyd edib ki, Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksində İsmayıllı rayon Ailə və Uşaq Mərkəzi, Şamaxı şəhəri Psixonevroloji Xəstəxanası və GÜLSAM Əlillərin Reabilitasiyasına Dəstək İctimai Birliyinin üzvləri üçün ilk inkluziv tur da təşkil olunub.
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Saday Abdullayev öz çıxışında layihəni yüksək qiymətləndirib, Nazirliyin fiziki imkanları məhdud insanlarla apardıqları işlərdən bəhs edib. Yerlərdə də regional reabilitasiya mərkəzlərinin olduğunu nəzərə çatdırıb, əksər mərkəzlərin binalarında əsaslı təmir işlərinin aparıldığını qeyd edib. O sonda hər bir şəxsi bu tipli layihələrə dəstək verməyə çağırıb.
Layihənin eksperti Gülşən Hüseynova çıxış edərək, rayonda fiziki imkanları məhdud olan insanlar üçün mövcud olan şərait haqqında məlumat verib, bu istiqamətdə öz təklif və tövsiyyələrini iştirakçılarla bölüşüb.
Tədbirdə çıxış edən ARABAÇI TV-nin rəhbəri İlham Məhərrəmov fiziki imkanları məhdud insanların cəmiyyətə inteqrasiyasında inkluziv turizmin vacib rol oynamasını qeyd edib, belə bir layihə təşəbbüsü ilə çıxış etdiyi üçün MİRAS İctimai Birliyinə dərin minnətdarlığını bildirib. O, eyni zamanda fiziki imkanları məhdud insanların bu sahədə olan rastlaşdıqları çətinlikləri və müəyyən yerlərə gedib çatmaqda mövcud olan problemləri iştirakçıların diqqətinə çatdırıb.
ADMİU-nun muzeyşünaslıq kafedrasının müdiri, dosent Yeganə Eyvazova MİRAS İctimai Birliyi ilə əvvəldən akademik səviyyədə əlaqələrinin olduğunu bildirib. Bununla yanaşı, yaxın günlərdə Orta əsr Ağsu şəhəri Arxeoloji turizm kompleksində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri üçün İtaliya və Türkiyə bərpaçılarının ustad dərslərinin təşkil olunacağını və tələbələrin bunu həvəslə gözlədiyini qeyd edib. Habelə universitetdə "Əlilliyi olan insanlarla Muzeylərdə iş" adlı yeni bir dərsin keçilməsi də nəzərdə tutulub.
Layihədə iştirak edən bütün iştirakçılara və MİRAS könüllülərinə sertifikatlar təqdim olunub. Eyni zamanda Azərbaycanda birincisi elan olunmuş və iyul ayında keçirilmiş arxeologiya festivalı çərçivəsində arxeologiya sahəsinə aid şeir müsabiqəsinin bütün iştirakçılarına sertifikat verilib.
Tədbirin sonunda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh xanım Əliyeva və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlilli "Akademik Əməkdaşlıq Protokolu" imzalayıblar. Protokol müştərək və əməkdaşlıq şəraitində araşdırma və təhsil fəaliyyətlərinin həyata keçirilməsi, mədəni tədbirlərin təşkil edilməsi, qarşılıqlı əməkdaşlığın inkişafı üçün elm adamları, tədqiqatçılar, müəllim və idarəçilərin toplantı, gəzinti və turlarının təşkil edilməsi, tədris və araşdırma məqsədilə elmi nəşrlərin və digər materialların mübadiləsi, mədəni irsin araşdırılması, mühafizəsi və təbliği istiqamətində konfrans, seminar, simpozium, sərgi, festival, film və digər fəaliyyətlərin həyata keçirilməsi, tələbələrin təhsillərini inkişaf etdirmək məqsədilə qarşılıqlı olaraq Azərbaycanda və müxtəlif ölkələrdə təcrübə keçmələrinə dəstək olunması, tələbələr üçün kurs, seminar və mədəni tədbirlərin həyata keçirilməsi, Orta əsr Ağsu şəhərində tələbə və magistrlərin təcrübə keçməsi üçün səyyar laboratoriyanın yaradılması və digər məsələləri əhatə edir.
 

Oxunub : 4959