AZE ENG
Facebook
Twitter Google Myspace
MİRAS “Təmiz kənd” sorağındadır
22-4-2014

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin əməkdaşları 19-21 aprel 2014-cü il tarixlərində Ağsu rayonunun Çiyni, Gəgəli və Ülgüc kəndlərində olublar. Məqsəd birliyin həyata keçirdiyi yeni layihə çərçivəsində həmin kəndlərin yerli icmalarının nümayəndələri ilə görüşlərin keçirilməsi, eyni zamanda ekoloji və etnoqrafik durumun monitorinqi və araşdırılması olub. Layihə sosial, iqtisadi və mədəni səviyyəsi eyni olmayan üç kəndin - Ağsu rayonunun Çiyni, Ülgüc və Gəgəli kəndləri timsalında ekoloji təmiz və etnoqrafik baxımdan cəlbedici kənd mühitinin yaradılmasına və bu kəndlərin başqa kənd yerlərinə nümunə olmasına yönəlib.
Belə ki, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi bu ilin mart ayından “Təmiz kənd - yerli icmaların iştirakı ilə ekoloji və etnoqrafik identikliyin qorunması və davamlı inkişafı” adlı layihə həyata keçirməyə başlayıb.
Layihə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə gerçəkləşdirilir.
Layihə şərçivəsində Çiyni kəndində keçirilən görüşdə kənd bələdiyyəsinin sədri Teyyub İsmayılov, kəndin ziyalıları, ağsaqqallar, gənclər, müəllim və məktəblilər, uşaq bağçasında çalışan tərbiyəçilər iştirak ediblər. Keçirilən sorğuda fəal iştirak edən yerli icma nümayəndələri kənddəki ekoloji durum, adət-ənənələr, başqa kəndlərlə oxşar və fərqli cəhətləri, eləcə də unudulmuş təsərrüfat sahələrinin bərpası perspektivləri ilə bağlı öz fikirlərini bildiriblər.
Gəgəli kəndində də layihə icraçılarını kənd bələdiyyəsinin sədri Eldəniz Cəlilov qarşılayıb və sorğunu ilk olaraq özü cavablayıb. İçməli su qıtlığından əziyyət çəkən kənd camaatı layihəyə böyük maraq göstərib. Yazılı və şifahi sorğulara həvəslə qatılan yerli icma nümayəndələri layihənin icrası üçün hər cür köməyə hazır olduqlarını bildiriblər.
Ülgüc kəndinin tabeçiliyində olduğu Ağsu şəhər bələdiyyəsinin sədri Əlməhəmməd Usubəliyev də kənddə sorğu və monitorinq aparılması üçün MİRAS əməkdaşlarına şərait yaradıb. Ülgüc kəndinin sakinləri də kənddəki ekoloji duruma öz münasibətlərini, yaşadıqları yerin daha da abadlaşdırılması üçün təkliflərini bildiriblər.
Layihə icraçıları hər üç kənddə monitorinq və müşahidələr aparıb, müvafiq fotoçəkilişlər ediblər.
Növbəti mərhələdə ekspertlər vəziyyəti qiymətləndirdikdən sonra həmin kəndlərin bələdiyyə işçiləri, yerli icmaların nümayəndələri üçün maarifləndirici təlimlər keçiriləcək. Təlimlərdə məişət tullantılarının ətraf mühitə, insan sağlamlığına, eləcə də bölgənin ümumi inkişafına mənfi təsirləri və onların aradan qaldırılması yollarından bəhs olunacaq, bu istiqamətdə müvafiq tövsiyyələr işlənib hazırlanacaq. Daha sonra kənd ictimaiyyətinin nümayəndələrindən ibarət könüllü qrupları yaradılacaq. Ekspertlərin təlimatları əsasında kəndlərdə təmizlik işləri aparılacaq və gələcəkdə ekoloji təmiz kənd mühitinin saxlanması yolları axtarıb tapılacaq.
Layihə çərçivəsində görülən işlərə MİRAS İB-nin üzvlərindən ibarət könüllülər də cəlb olunub.
Layihənin rəhbəri MİRAS İB-nin sədri, Azərbaycan Müəllimlər İnstitunun elmi işlər üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillidir.
 

Oxunub : 3729