AZE ENG
Facebook
Twitter Google Myspace
"Mənim Azərbaycanım, yaxud ömrün yadda qalan anları" kitabının təqdimatı keçirilib
11-5-2024

Mayın 10-da Bakı şəhərində Kitabevim.az kitab mərkəzində tarix elmləri doktoru, professor Qafar Cəbiyevin "Mənim Azərbaycanım, yaxud ömrün yadda qalan anları" kitabının təqdimatı keçirilib. Təqdimatda tarixçilər, jurnalistlər, ictimai xadimlər, müəllimlər və tələbələr, geniş ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 

Təqdimatı "Miras" mədəni irsin öyrənilməsinə kömək ictimai birliyi idarə heyətinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli açaraq bu gün Ümummilli Lider Heydər Əliyevin doğum günü olduğunu, xalqımızın onun əziz xatirəsini ehtiramla yad etdiyini bildirib. Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Fariz Xəlilli professor Qafar Cəbiyevin əsərində Ümummilli Liderin fəaliyyəti ilə bağlı məqamları qələmə aldığını, Azərbaycanda elmin, mədəniyyətin, təhsilin inkişafına göstərdiyi qayğını tərənüm etdiyini vurğulayıb.

 
Professor Qafar Cəbiyev kitabın ərsəyə gəlməsi ilə bağlı xatirələrini, kitabı hazırlayarkən memuar yazmağın çətinliyini, bu sahədə də qələmini sınamasından yaranan sevinicini bölüşüb. Hər xatirənin yazılmasını çox götür-qoy etdiyini, memuar yazmağın təsvir qabiliyyəti ilə yanaşı, cəsarət də istədiyini bildirib. Qafar Cəbiyev təqdimatda iştirak edənlərə minnətdarlıq edib. 
 
Təqdimat mərasimində sənətşünaslıq doktoru, professor Kübra Əliyeva, fizika-riyaziyyat elmləri doktoru Vüqar Əliyev, tarix elmləri doktoru Şirin Bünyadova, “Təzadlar”  qəzetinin baş redaktoru Asif Mərzli, tarix elmləri doktoru Vəfa Quliyeva, tarix elmləri namizədləri Elmira Abbasova, Həbibə Əliyeva, Tohid Məmmədov, coğrafiya elmləri namizədi Natiq Qubadoğlu, istefada olan zabit dostları İsrael Rəsulov, Fəda Ağayev, yetirmələri Əfqan Qasımzadə və Şəbnəm Əliyeva çıxış edərək “Mənim Azərbaycanım, yaxud ömrün yadda qalan anları” kitabının məziyyətləri və professor Qafar Cəbiyevin elmi-pedaqoji fəaliyyəti barədə ürək sözlərini bildirmişlər. 
 
Sonra Qafar Cəbiyev iştirakçılar üçün kitabını imzalayıb.
 
Oxunub : 7419