AZE ENG
Facebook
Twitter Google Myspace
MİRAS İctimai Birliyi İdarə Heyətinin üzvləri Misir Mədəniyyət Mərkəzində görüş keçiriblər
27-11-2015

Noyabrın 26-da MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə Heyətinin üzvləri Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin nəzdindəki Misir Mədəniyyət Mərkəzinin qonağı olublar və "Azərbaycan-Misir əlaqələrində İslam tarixi və mədəniyyətinin yeri" mövzusunda müzakirələr keçirilib.
Misir Mədəniyyət Mərkəzinin rəhbəri Dr. Ahmed Sami Abdelfattah Elaydy əvvəlcə MİRAS İctimai Birliyi İdarə Heyətinin üzvlərini mərkəzin konfrans zalı, dərs otaqları, zəngin kitabxanası və səyyar sərgi materialları ilə tanış edib. Qeyd olunub ki, mərkəzdə ərəb dili və ədəbiyyatı tədris olunur, ödənişsiz danışıq klubu fəaliyyət göstərir. Kitabxanada 8000-dən çox ərəb, ingilis və azərbaycan dillərində kitablar toplanılıb, elektron kataloqlaşdırılıb və tələbələrin ixtiyarındadır.
Azərbaycan dilində təmiz danışan Dr. Ahmed Sami ərəb dünyasında tanınan azərbaycanşünas olub, çox sayda əsərləri ərəb dilinə tərcümə edib.
Mərkəzlə tanışlıqdan sonra dəyirmi masa ətrafında müzakirələr aparılıb. Mərkəzin indiyə qədər gördüyü işlər, Misir-Azərbaycan əlaqələri, ortaq dəyərlər haqqında geniş danışan Dr. Ahmed Sami Ayn Şəms Universitetində Azərbaycan dili və ədəbiyyatı bölməsinin olduğunu və 100-dən çox misirli tələbənin orada təhsil aldığını deyib. Qeyd olunub ki, Qarabağ həqiqətlərinin, Xocalı soyqırımının tanıdılması üçün Misirdə geniş işlər görülür.
MİRAS İctimai Birliyinin sədri Dr. Fariz Xəlilli əvvəlcə İdarə Heyətinin üzvlərini təqdim edib. Daha sonra birlik və mərkəz arasında əməkdaşlıq protoklounun imzalanmasında maraqlı olduqlarını bildirib. İndiyə qədər istər Misir alimlərinin Azərbaycanda keçirilən konfranslarda iştirakı, eləcə də MİRAS üzvlərinin Misirdə müxtəlif kurslar keçməsi kimi fəaliyyətlər baş tutub. Misirli doktorant Mona Zedanın istər Gənclərin Mədəni İrs və Turizm Forumunda, I Tərəkəmə Çərşənbəsi Folklor Festivalında iştirakını xatırladıb. Qarabağda Bərdədən olan orta əsr mütəfəkkirlərindən İbrahim Gülşəninin Qahirədəki xanəgah və məktəbini yada salan Fariz Xəlilli Azərbaycanın maddi və mənəvi irsinin Misirdəki izlərinin geniş araşdırılmasına böyük ehtiyac olduğunu deyib.
Professor Qafar Cəbiyev Ağsuda aparılan arxeoloji tədqiqatlardan, İslam arxeologiyasının dünyada genişləndiyini və Azərbaycanın da Ağsu, Şəmkir və Qəbələnin timsalında yaxşı öyrənildiyini xatırladıb. O, Misir Mədəniyyət Mərkəzinin əməkdaşlarını Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksinə dəvət edib.
Professor Şikar Qasımov müstəqillik illərində Azərbaycan və Misirin geniş əlaqələrindən danışıb. Qalubiyyə vilayəti və Abşeron rayonunun qardaşlaşmasını, bu istiqamətdə görülən işləri də təqdir edib.
Daha sonra MİRAS İctimai Birliyinin nəşrləri Misir Mədəniyyət Mərkəzinin kitabxanasına hədiyyə edilib.

Oxunub : 3568