MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi 2010-cu ilin yanvarın 6-da yaradılıb. Həmin il martın 31-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyində rəsmi qeydiyyata alınıb. Birliyin əsas məqsədi mədəni irsin öyrənilməsi, mühafizəsi və təbliğinə kömək etməkdir.
Məqsədi: MİRAS İctimai Birliyi mədəni irsin öyrənilməsi üzrə elmi tədqiqat işlərinin aparılmasına, milli və mənəvi dəyərlərimizin öyrənilməsinə və təbliğinə, tarixi abidələrin və digər obyektlərin təmiri və bərpasına, yaddan çıxmış adət-ənənələrimizi öyrənilməsinə və gənc nəsilə çatdırılmasına kömək məqsədilə fəaliyyət göstərir.
Əsas vəzifələri: MİRAS İctimai Birliyi müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər və turlar təşkil edir, konfranslar, xeyriyyə marafonları, digər mədəni-kütləvi tədbirlər keçirir.
Layihələr. 2010-cu ilin mart ayında MİRAS İctimai Birliyinin müraciəti əsasında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşlarından ibarət birgə ekspedisiya Orta Əsr Ağsu şəhərində genişmiqyaslı arxeoloji tədqiqatlara başlayıb və yer altında zəngin mədəniyyətə malik şəhərin xarabalıqlarını aşkarlayıb. Həmin ərazidə Orta əsr Ağsu Şəhəri Arxeoloji Turizm Kompleksi yaradılıb. Bununla yanaşı, Nərgizava, Şıxməzid, Mehrəvan və Şamaxıdakı Dəmirçi abidələrində tədqiqatların aparılmasının təşəbbüskarı və dəstəkçisi olub.
2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycanda arxeoloji turizmin inkişaf etdirilməsi və təbliği” layihəsi, 2012-ci ildə Şuranın dəstəyi ilə “Azərbaycanda mədəni irsə ictimai münasibətin monitorinqi və yerlərdə maarifləndirmə işlərinin aparılması” adlı layihə, 2014-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “V.S. Training Center” Psixoloji Təlim Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən “Gənclər üçün Bədii Fotoqrafiya və Fotobərpadan Ustad Dərsləri” layihəsi, 2014-cü ilin martından Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Təmiz kənd - yerli icmaların iştirakı ilə ekoloji və etnoqrafik identikliyin qorunması və davamlı inkişafı” layihəsi və s. vardır.
Tədbirlər. MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi bir çox yerli və beynəlxalq elmi konfrans, simpozium və festivallarda iştirak edir, bu qəbildən olan tədbirlər təşkil edir. Bu konfranslara daxildir: Ağsu və Bakı şəhərlərində Respublika konfransları (2010; 2011), Amasiya, Bakı, Qazax və Şamaxı şəhərlərində Beynəlxalq Həmzə Nigari Simpoziumları (2012; 2014; 2017), Milan, Bakı və Konya şəhərlərində Beynəlxalq Türk Mədəniyyəti, İncəsənəti və Mədəni irsin mühafizəsi Simpoziumları (2012; 2013; 2014), Ağsu şəhərində IV Avrasiya Arxeologiyası Konfransı (2012), Ağsu və İsmayıllı şəhərlərində I MİRAS Rəssamlıq Simpoziumu (2013), Bakı şəhərində I Mədəni irs Olimpiadası (2013), Ohrid şəhərində “Azərbaycanın arxeoloji inciləri” fotosərgisi (2014), Ağsu şəhərində Mədəni İrsin Konservasiyasında Gənclər Beynəlxalq Şəbəkəsinin IV Beynəlxalq Konfransı (2014), Orta əsr Ağsu Şəhəri Arxeoloji Turizm Kompleksində arxeoloji sahələrin konservasiyası, bərpası və idarə olunması üzrə tələbə və gənc mütəxəssislər üçün YOCOCU Ağsu məktəbləri (2014; 2015), Malatya, Tarsus və Mersin şəhərlərində "Azərbaycan və Türkiyə: ortaq dəyərlər və tarix" konfransı və “Türk dünyasında ortaq dəyərlər" sərgisi (2014), Sarayevo və Dehli şəhərlərində Beynəlxalq Türk Sənətləri, Tarixi və Folkloru Konfransı (2014), Ohrid şəhərində III Beynəlxalq “Mədəni irs, Yerli iqtisadi inkişaf, Turizm və Media arasında Interdisiplinar əlaqələrə baxış” konfransı (2015); Bakı şəhərində Gənclərin Beynəlxalq Mədəni irs və Turizm forumları (2015; 2016). MİRAS İctimai Birliyinin üzvləri müxtəlif illərdə, Türkiyənin Bayburt şəhərində Beynəlxalq Dədə Qorqud Festivalında (2012; 2013), Misirin Qahirə şəhərində “Köhnə fotoların konservasiya-bərpası” üzrə təlimdə (2013), Rumıniyanın İaşi şəhərində “Arxeoloji irsin Mühafizəsində Cari Meyllər” mövzusunda beynəlxalq konfransda (2013), Fransanın La Rochelle şəhərində 32-ci Beynəlxalq Tarixdə və Arxeologiyada Təbii Boyaqlar (DHA) Konfransında (2013), İspaniyanın La Kaseres və Qalisiya şəhərlərində SOPA13 və SOPA14 - Beynəlxalq Mədəni İrsin Tədrisi və Sosiallaşdırılması Konfransında (2013; 2014), İstanbulda Avropa Arxeoloqlar Assosiasiyasının XX Konfransında (2014) və s. iştirak etmiş və Azərbaycanı təmsil etmişdir.
İnternet səhifələri: MİRAS İctimai Birliyinin internet səhifələri bunlardır: www.miras.az, www.archaeotourism.az, www.26fevral.az, www.agsunews.az, www.farizkhalilli.az.
MİRAS jurnalı. MİRAS İctimai Birliyi 2011-ci ildən MİRAS Elmi-Kütləvi jurnal nəşr edir. İndiyə qədər 7 sayı nəşr edilib.
MİRAS üzvləri. MİRAS İctimai Birliyinin 230 nəfərdən çox üzvü vardır.
MİRASın Musiqi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Ruslan Adgözəlovdur. |