AZE ENG
Facebook
Twitter Google Myspace
Ağarx kənd tam orta məktəbində "Orta əsr Ağsu şəhəri arxeoloji tədqiqatları" mövzusunda seminar keçirilib
19-12-2015

Dekabrın 18-də Ağsu rayonu Natiq Mirzəliyev adına Ağarx kənd tam orta məktəbində "Orta əsr Ağsu şəhəri arxeoloji tədqiqatları" mövzusunda seminar keçirilib. Seminarda məktəbin müəllim və şagirdləri yaxından iştirak edib.
Seminarı Ağarx məktəbinin direktoru Rasim Hüseynzadə açaraq, Ağsudan olan tarixçi, arxeoloq alim Fariz Xəlillini təqdim edib. Məktəbdə uşaqları oxuyan Ağarx, Bozavand və Qarabağlı kəndlərinin Orta əsr Ağsu şəhərinin yaxınlığında yerləşdiyini, kənd sakinlərinin hələ tədqiqatlardan öncə tez-tez təsərrüfat məqsədilə ərazidə olduqlarını, xalq arasında müxtəlif rəvayətlərin mövcudluğunu qeyd edib. Qazıntılardan sonra məktəblilərin mütəmadi olaraq sahəyə baş çəkdiklərini deyib.
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli Ağsunun iri məktəblərində tanıtım seminarları keçirmək arzusunda olduqlarını və Ağarx məktəbi ilə bunu başlatdıqlarını qeyd edib. Azərbaycanın zəngin tarixi bölgələrindən birinin Ağsu olduğunu, burada antik dövrün unikal bədii məmulatının aşkar olunduğu Nərgizava abidəsi, ilk orta əsrlərin mərkəzi şəhərlərindən Mehrəvan şəhər yeri, son orta əsrlərin paytaxt şəhəri Orta əsr Ağsu şəhərinin yerləşdiyini nəzərə çatdırıb. Fariz Xəlilli 2010-cu ilin mart ayından professor Qafar Cəbiyevin rəhbərliyi ilə Ağsu ekspedisiyasının apardığı arxeoloji qazıntı işlərindən bəhs edib, buzxana, məscid, hamam, sənətkarlıq emalatxanaları, su xətləri və daş döşənmiş küçələr haqqında danışıb. Nadir şah, Fətəli xan, Mustafa xan və dövrün digər hökmdarları, eləcə də Zülali, Haşimi, Ağa Məsih kimi şairlər haqda məlumat verərək şəhərin Ağsu, Yeni Şamaxı, Cəlalabad kimi tanındığını qeyd edib. Məktəblilərin öyrənməyə üstünlük vermələrini, səyahət və araşdırma meyilli olmalarını arzuladığını qeyd edən Fariz Xəlilli müəllimləri tarix dərslərini Orta əsr Ağsu şəhərindəki konfrans zalında keçməyə dəvət edib.
Sonda məktəbin kitabxanasına MİRAS İctimai Birliyinin nəşrləri təqdim olunub.
 

Oxunub : 4130