AZE ENG
Facebook
Twitter Google Myspace
XIX Beynəlxalq Dədə Qorqud Mədəniyyət və Sənət Festivalı başa çatdı
12-6-2013

XIX Beynəlxalq Bayburt Dədə Qorqud Mədəniyyət və Sənət Festivalı çərçivəsində keçirilən Azərbaycan mədəniyyəti gününün yadda qalan tədbirlərindən biri Bayburt Konağında nümayəndə heyətinin şərəfinə verilən ziyafət idi. Ziyafətdə Azərbaycan nümayəndə heyəti ilə yanaşı, Bayburt valisi Hasan İpək, Bayburt bələdiyyəsinin sədri Hacı Ali Polat, BEKDER-in sədri Mete Emir, Bayburtun vəzifəli şəxsləri və şəhər sakinləri, Off road və yamac paraşütü yarışları üçün Bayburta gəlmiş idmançılar və başqaları iştirak edirdilər. Ziyafətdə qonaqlara Azərbaycanın baş aşpazı Tahir Əmiraslanovun tələbəsi, Bakıdakı Hilton otelinin aşpazı Ziya Şahbazovun hazırladığı Azərbaycan mətbəxinə məxsus yeməklər və şirniyyatlar təqdim olunmuşdur. Ziyafətin rəsmi hissəsində BEKDER-in sədri Mete Emir, Bayburt bələdiyyəsinin sədri Hacı Ali Polat, Bayburt valisi Hasan İpək çıxış etmişlər. MİRAS İctimai Birliyinin sədri Fariz Xəlilli Bayburtda Azərbaycan mədəniyyət gününün təşəbbüskarı olan Millət vəkili Qənirə Paşayevanın salamını çatdırdı və yaxın günlərdə Bayburtun da yer aldığı yeni kitabını Bayburtda təqdim etmək istədiyini bildirdi. Fariz Xəlilli XXI Beynəlxalq Bayburt Dədə Qorqud Mədəniyyət və Sənət Festivalının 2015-ci ildə Azərbaycanda keçirilməsinə kömək göstərilməsi üçün Festivalın Təşkilat Komitəsinə müraciət etdi. Ziyafətin bədii hissəsində aşıq Rəna Quliyeva, professor Abbas Seyidov sazla, xanəndələr Gültəkin Qarabağlı və Nicat Allahverdiyev muğam parçaları ilə (onları tarda Mehman Mikayılov, kamançada Bəxtiyar Hüseynov müşaiyyət edirdi) çıxış etdilər. Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəqs qrupu maraqlı rəqs proqramı təqdim etdilər. Ziyafətin sonunda tədbir iştirakçıları birlik və bərabərlik mesajı verərək dilək fənərləri yandırdılar.

Bayburt qalasını və Bayburt Baksı Müasir İncəsənət Muzeyini ziyarət edən Azərbaycan nümayəndə heyəti festival çərçivəsində keçirilən Çoruh çayında raftinq, peşəkarlar arasında off road və yamac paraşütü yarışlarına da qatılmışlar.
Festivalın son günündə nümayəndə heyəti Aydıntəpə yeraltı şəhər abidəsini ziyarət etdikdən sonra Aydıntəpə yaylasına çıxmışlar. Yaylada festivalın yekun tədbiri keçirilmiş, XX Beynəlxalq Bayburt Dədə Qorqud Mədəniyyət və Sənət Festivalının daha möhtəşəm və rəngarəng keçirilməsi üçün önəmli fikirlər səsləndirilmişdir.

Oxunub : 4146