AZE ENG
Facebook
Twitter Google Myspace
MİRASın Şamaxıda seminarı
21-5-2016

Mayın 19-da Şamaxı Tarix Diyarşünaslıq Muzeyində "Muzeylər və mədəniyyət landşaftları" mövzusunda silsilə tədbirlər çərçivəsində "Muzeylər və arxeologiya" seminarı keçirilib. Seminarın əsas məqsədi muzey əməkdaşları, tələbə və məktəblilərə Azərbaycan arxeologiyası, aparılan son araşdırmalar, Şamaxı və ətraf rayonlarda arxeoloji tədqiqatlar, muzeylərə arxeoloji artefaktların cəlb edilməsi və sərgilənməsi, muzey işçiləri və yerli sakinlərin vəzifələri haqqında geniş məlumat verməkdir.

Seminarda Şamaxı Tarix Diyarşünaslıq Muzeyinin əməkdaşları, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının tələbələri, Şamaxı şəhəri 9 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Seminarda MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, Ağsu arxeoloji ekspedisiyasının üzvü, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli "Muzeylər və arxeologiya" mövzusunda məruzə edib.

Seminarı Şamaxı Tarix Diyarşünaslıq Muzeyinin direktoru Məleykə Kamilova açıb, iştirakçıları Beynəlxalq Muzeylər həftəsi münasibətilə təbrik edib. O, Fariz Xəlillinin Şamaxı Tarix Diyarşünaslıq Muzeyinin ekspozisiyasını tərtib etdiyini, Muzeyin kataloqunun müəllifi olduğunu qeyd edib.

Seminar iştirakçıları muzeyin həyətində qurulmuş sərgi ilə tanış olublar, qısa məlumat verilib. Daha sonra Muzeyin konfrans zalında seminar davam edib.

Fariz Xəlilli Azərbaycanın rayon muzeyləri içərisində Şamaxı Tarix Diyaşünaslıq Muzeyinin istər eksponatları, istərsə də tərtibatı baxımından fərqləndiyini, kataloqunun iki dildə (Azərbaycan və ingilis) nəşr olunduğunu bildirib. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev muzeyin ekspozisiyası ilə tanış olub. Bir il sonra Şamaxı Rəsədxanasının təmirdən sonra açılışı zamanı muzeyin ekspozisiyanı yenidən xatırlayıb. 

Şamaxıda iki ekspedisiyanın (Şamaxı və Şamax-Ağsu) fəaliyyət göstərdiyini, Şamaxı şəhəri və Gülstan qalası ətrafında tədqiqatların aparıldığı vurğulanıb. Orta əsr Ağsu şəhərində 2010-2012-ci illərdə aparılan tədqiqatların da XVIII əsr Şamaxı tarixi ilə bağlı olduğunu, aşkar olunan şəhər qalıqlarının (qala divarı, meydan, hamam, Cümə məscidi, buzxana, su xətləri, küçələr, yaşayış evləri, sənətkar emalatxanaları və s.) Şamaxının topoqrafiyası haqqında da fikir yaratdığını bildirib.

Yerin təkinin dövlətə məxsus olması, vətəndaşların arxeoloji qalıqlara həssas yanaşması, muzeylərlə sıx əməkdaşlıq, təbliğat işlərində yaxından iştirak etmək kimi məqamlara diqqət çəkən məruzəçi özünün arxeologiyaya gəlməsi və bu sahədə yeniliklər barədə danışıb. İştirakçıların sualları cavablandırılıb. 

Sonda Fariz Xəlilli Verona və Konya şəhərlərində keçirilmiş konfransların materiallarının toplandığı kitabları muzeyə hədiyyə edib.

Oxunub : 4926