AZE ENG
Facebook
Twitter Google Myspace
İsmayıllı Elmi Araşdırmaları konfransı
22-5-2016

İsmayıllı rayonu inzibati vahid kimi 1931-ci il noyabr ayının 24-də təşkil olunub. 85 ildir ki, bu bölgə ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edir, elm, ədəbiyyat, mədəniyyət, incəsənət, təhsil sahəsində fərqlənən yetirmələri ilə tanınır. Rayon həyatı üçün bayram olan bu günün qeyd olunmasına hazırlıqla əlaqədar tədbirlər planı hazırlanıb, həyata keçirilməsi forma və məzmunca müxtəlif tədbirlərlə təmin olunur.

İsmayıllı Rayon İcra Hakimiyyətinin İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci ilə birgə təşkil etdiyi elmi konfrans bu tədbirlərin ən diqqətçəkəni olub. 

Konfransın plenar iclası 20 may 2016-cı il tarixdə Qala sarayında açılıb. Tədbiri giriş nitqi ilə kollecin direktor əvəzi, filologiya üzrə fəlsəfə doktoru Sevda Qasımova açıb. Rayon İcra Hakimiyyətinin başçısı, əməkdar elm xadimi Mirdaməd Sadıqov “İsmayıllı 85 ildə” mövzusunda məruzə edib. Məruzədə rayonun siyasi tarixində ən əhəmiyyətli mərhələlər olan Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin İsmayıllıya səfərlərindən ətraflı bəhs edilib. Qeyd olunub ki, bölgənin əhalisi əməksevərliyi, milli-mənəvi dəyərlərə əsaslanması, vətənsevərliyi, dövlət siyasətinə sədaqəti, verilən qiymətə layiq fəaliyyəti ilə seçilir. Rayonun 85 illiyi ilə əlaqədar onun inkişafında xidməti olan hər kəs bugünkü nəsillərə tanıdılır. Bölgənin 85 illiyinə həsr olunmuş kitab buraxılmasına hazırlıq görülür. Rayonun tarixi yerlərinə, yaşayış məskənlərinə gənclərin səfərləri, tarixi öyrənmələri sistemli hal alır.

Tarix elmləri doktoru, Televiziya və Radio Şurasının sədr müavini, Girdiman dövlətinin kamil tədqiqatçısı, professor Qafar Cəbiyev İsmayıllının müasir tarixinə, yaxın keçmişinə obyektiv qiymət verib. İndiki İsmayıllı ərazisində baş vermiş tarixi prosesləri şərh edib. Onun çıxışında bugünkü İsmayıllının təməli, özülü çox aydın hiss edilib.

AMEA Memarlıq və İncəsənət İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Kübra Əliyeva, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiya üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Həbibə Əliyeva, Azərbaycan Texniki Universiteti İctimai fənlər kafedrasının müdiri, professor Şikar Qasımov, Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, Bilik fondunun əməkdaşı Hacı Nərimanoğlu, jurnalist İntiqam Mehdizadə, veteran jurnalist Valeh Salehov və başqaları çıxış ediblər. İsmayıllının 85 illik tarixinin müxtəlif mərhələlərinə toxunan natiqlər onun müasir tarixinə xüsusi diqqətlə yanaşıblar. Qeyd ediblər ki, Prezident İlham Əliyevin qayğısı sayəsində bugünkü gənclik Azərbaycanın daha xoşbəxt həyatını yaşayacaq.

Plenar iclasdan sonra konfrans üç bölmə üzrə - “İqtisadiyyat, ekologiya və turizm”, “Mədəniyyət və filologiya”, “Tarix etnoqrafiya, sosiologiya və din” mövzularında davam etdirilib. Bölmə iclaslarına Mədəniyyət mərkəzinin konfrans zalı, Kollecin akt zalı və Tarix-diyarşünaslıq muzeyi ev sahibliyi edib.

Konfrans Mədəniyyət mərkəzinin akt zalında yekunlaşdırılıb. Moderatorlar bölmə iclaslarının nəticələri barədə hesabat veriblər.

Sonda rayon mədəniyyət və turizm şöbəsinin hazırladığı konsert proqramı nümayiş etdirilib.

Oxunub : 4970