AZE ENG
Facebook
Twitter Google Myspace
MİRASla yaradıcılıq müsabiqəsi
2-7-2016

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi 20-26 iyun tarixlərində araşdırma mərhələsini başa vurduğu "Kənd həyat tərzinin inkişafında qadınların rolu" layihəsi çərçivəsində yaradıcılıq müsabiqəsi elan edir. 

Layihənin rəhbəri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, layihənin eksperti Prof.Dr. Kübra Əliyeva, koordinatoru Şölə Bayramovadır. Layihənin məqsədi Azərbaycanda yaşayan əhalinin ahıl, tənha və aztəminatlı ailələrinin, xüsusilə qadınların sosial vəziyyətinin yaxşılaşması və onların asudə vaxtlarının səmərəli təşkilinə dair təşəbbüslərə dəstək verməkdir. Layihə Ağsu rayonunun Gəgəli, Bico və Qəşəd kəndlərində müxtəlif yaş kateqoriyaları və ictimai durumuna malik olan qadınların ev sənətkarlığı haqqında bilik və təcrübəsinin araşdırılması, həm yerli palaz və xalça toxuma, həm də Şirvan xalça məktəbinə xas olan çeşnilərin özünəməxsusluğunun öyrənilməsi, sahibkarlığın, turizm potensialının inkişafının tədqiqinə yönəlib. 

Müsabiqənin mövzusu “Kənd Həyat tərzi və qadınlar” olub, dörd əsas nominasiya nəzərdə tutulmuşdur.  

Müsabiqəyə foto, rəsm, hekayə və əl işləri olmaqla bu 4 kateqoriyadan istənilən birində iş təqdim oluna bilər. 

1. Kənd Həyat tərzi və qadınlar mövzusunda foto - Müsabiqəyə göndəriləcək fotolar .jpg formatında və yüksək keyfiyyətdə olmalıdır. Foto üzərində kəsmə, rəng, kontrast kimi bir sıra kiçik əməliyyatlar aparıla bilər. Lakin dəyişikliklər köklü surətdə olmamalı, redaktə işləri fotonun gerçək halını böyük qismdə əks etdirməlidir.

2. Kənd Həyat tərzi və qadınlar mövzusunda rəsm - Müsabiqəyə təqdim etmək istədiyiniz rəsmin əvvəlcə şəklini çəkib MİRASın mail ünvanına göndərirsiniz. Bu şəkillər dəyərləndirilməsi üçün münsiflər heyətinə təqdim olunacaq. Bəyənildiyi təqdirdə məktubla bu sizə bildiriləcək və öz rəsm işinizlə ofisimizə yaxınlaşıb onu təqdim edəcəksiniz.

3. Kənd Həyat tərzi və qadınlar mövzusunda hekayə - Müsabiqəyə təqdim olunacaq hekayələrin həcminə məhdudiyyət qoyulmur. 

4. Kənd Həyat tərzi və qadınlar mövzusunda əl işləri - Rəsm kateqoriyasında olduğu kimi eynilə burada da öz əl işlərinizin şəkillərini çəkib e-maillə göndərirsiniz. Ehtiyac olduğu təqdirdə onların özü ilə ofisimizə yaxınlaşmağınız sizə bildiriləcəkdir.

 İşlər miraspresscenter@gmail.com ünvanına 15 avqust tarixindən gec olmayaraq göndərilməlidir. Məktubun mövzu hissəsinə “müsabiqə” yazılmalı, ondan aşağıda qalan hissədə isə iştirakçının adı və soyadı qeyd edilməlidir.

Təqdim olunacaq işlərin sayına məhdudiyyət qoyulmur. Hər kateqoriya üzrə qalib gəlmiş ilk 3 yer sertifikat və dəyərli hədiyyələrlə mükafatlandırılacaqdır. 

Qeyd edək ki layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.

Oxunub : 4831