AZE ENG
Facebook
Twitter Google Myspace
Tehranda UNESCO-nun Regional Toplantısı keçirilib
7-9-2017

29-30 avqust 2017-ci il tarixlərində İranın paytaxtı Tehran şəhərində UNESCO-nun Tehran Bölgə Ofisi İran Milli Kitabxana və Arxivləri İdarəsi və UNESCO İran Milli Komissiyasının dəstəyi ilə "Yazılı irsin qorunması və ona çıxışın təmin olunması üzrə əməkdaşlığın artırılmasına dair regional toplantı" keçirib. Toplantının məqsədi "Yazılı irsin qorunması və ona çıxışın təlim olunması ilə əlaqədar UNESCO tövsiyələri"ni müzakirə etmək və yenidən nəzərdən keçirmək, Dünya Yaddaşı Proqramı çərçivəsində son nailiyyətlər və təcrübələri bölüşmək, bu sahədə regional əməkdaşlığı inkişaf etdirmək və dəstəkləmək üçün konkret imkanları müəyyən etmək idi. Toplantıda Azərbaycan, Hindistan, İran, Pakistan, Qazaxıstan, Türkiyə və Özbəkistan Dünya Yaddaşı Proqramı üzrə milli komitələrinin nümayəndələri ilə yanaşı, UNESCO-nun bölgə nümayəndəliklərinin rəhbərləri də iştirak edirdilər. Toplantıda Azərbaycanı AMEA Elm Tarixi İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli təmsil edib.

Toplantını İran Milli Kitabxana və Arxivləri İdarəsinin rəisi, Dünya Yaddaşı Proqramı İran Milli Komitəsinin sədri Dr. Əşrəf Boroucerdi açaraq, İran Milli Komitəsinin fəaliyyəti və nailiyyətlərindən bəhs edib. Bildirib ki, İranın 9 işi Dünya Yazılı İrsi, 12 işi Regional Yazılı İrsi, 48 işi Milli Yazılı İrsi kimi qeydə alınıb. Sonra UNESCO Tehran Bölgə Ofisinin direktoru Kuisch Laroche, UNESCO İran Milli Komissiyasının baş katibi Dr. Nəsrullah Nasiri Heydəri, Pakistan nümayəndə heyətinin üzvü, Prof.Dr. Arif Noşahi açılış məruzəsi ilə çıxış ediblər. Toplantıya UNESCO Banqkok Bölgə Ofisinin Rabitə və İnformasiya üzrə məsləhətçisi Misako İto və UNESCO Tehran Bölgə Ofisinin Rabitə və İnformasiya üzrə proqram təminatçısı Tiva Kamran sədrlik edirdilər. Ölkələrin Dünya Yaddaşı Proqramı çərçivəsində nailiyyət və təcrübələri haqqında Dr. Süsən Asili (İran), Dr. Fariz Xəlilli (Azərbaycan), Dr. Rameş Gaur (Hindistan), Gövhər Bekbalakova (Qazaxıstan), Məhəmməd Bəxş Səngi (Pakistan), Dr. Bahattin Yalçınkaya və Əsra Hatipoğlu Aksoyoğlu (Türkiyə), Ümidə Teşabayeva (Özbəkistan) məruzə ediblər. Dr. Fariz Xəlilli bildirib ki, Azərbaycanda yazılı irsin milli sərvət kimi toplanması və qorunması hələ Azərbaycanın ilk respublikası olan Xalq Cümhuriyyəti dövründən həyata keçirilməyə başlamışdır. 1919-cu ildən Parlamentin nəzdində fəaliyyət göstərən muzey Sovet dövründə Azərbaycan Dövlət Muzeyinə çevrildikdən sonra sənədli mənbələr, əlyazmalar və nadir kitablar orada toplanmış və tədricən yeni qurumlar yarandıqca sənədli irs onlara təhvil verilmişdir. 

Sovet İttifaqının ilk illərində sənədli irsə münasibət birmənalı olmamışdır. Salman Mümtaz kimi ziyalılar əksəriyyəti türk, ərəb və fars dillərində olan əlyazmaları indiki Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fonduna cəlb etmişlər. Repressiya illərində minlərlə ziyalının həbs olunması və güllələnməsi qorxu yaratmış, insanlar ərəb və latın qrafikalı əsərləri ya yandırmış, ya torpağa basdırmış, ya da itib batmasına çalışmışdır. Stalinin ölümündən sonra Sovet İttifaqı rəhbərliyi güllələtdiyi bəzi ziyalılara bəraət vermiş, tədricən sənədli irsin toplanmasında nisbətən canlanma yaranmışdır. Hal-hazırda Azərbaycan Milli Elmlər Akademiyasına bağlı olan Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi və Mərkəzi Elmi Kitabxanada, Azərbaycan Respublikası Milli Arxiv İdarəsində, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində, Azərbaycan Milli Kitabxanasında, eləcə də digər dövlət qurum və şəxsi kolleksiyalarında çoxsaylı sənədli irs nümunələri saxlanılır və qorunur. Tibb tarixçisi Prof.Dr. Fərid Ələkbərlinin səyi nəticəsində 2005-ci ildə UNESCO Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda mühafizə olunan orta əsrlərə aid üç tibb əlyazmasını - Rüstəm Cürcaninin «Zəxireyi-Nizamşahi» («Nizamşahın azuqələri»), İbn Sinanın «Əl-Qanun fit-tibb» («Tibbi qanun»), Əbülqasım Zəhravinin cərrahiyyəyə dair «Əl-məqalə əs-səlasun» («Otuzuncu traktat») əsərlərinin əlyazmaları Dünya Yaddaşı proqramının reyestrinə daxil edib. Fariz Xəlilli qeyd edib ki, Azərbaycan Milli Dünya yaddaşı komitəsini yaratmağı planlaşdırır. Bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası birgə işləyir.  

Daha sonra Misako İto "Yazılı irsin qorunması və ona çıxışın təlim olunması ilə əlaqədar UNESCO tövsiyələri", Avstraliya Dünya Yaddaşı Milli Komitəsinin sədri Dr. Roslyn Russell isə ölkə və regional səviyyələrdə UNESCO tövsiyyələrinin tətbiq olunması haqqında məruzə edib.

Toplantıda Dünya yazılı irsinin müəyyən edilməsi, təqdim olunması, qorunması, rəqəmsallaşdırılması və ona çıxışın təmin olunması məsələsində regional əməkdaşlığın əhəmiyyəti xüsusilə vurğulanmışdır. Ortaq layihələrin həyata keçirilməsi məqsədilə regional təlimlərin təşkil olunması qeyd edilmişdir. Münaqişə zonalarında yazılı irsin qorunması məsələsi qəbul edilən sənədlərdə əksini tapmışdır. Müzakirələrdən sonra iştirakçı ölkələrin nümayəndələri 2018-2019-cu illər üçün təklif olunan “Qərbi və Mərkəzi Asiyada Yazılı irsə dair UNESCO Tövsiyələrinin tətbiq olunması üzrə Regional fəaliyyət planı”nı qəbul etmişlər.

 
Oxunub : 3200