AZE ENG
Facebook
Twitter Google Myspace
Gənclərin III Beynəlxalq Mədəni İrs və Turizm Forumu keçirilib
2-2-2018

Fevralın 1-də Bakıda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və YOCOCU Mədəni İrsin Konservasiyasında Gənclər Beynəlxalq Assosiasiyasının birgə təşkilatçılığı ilə Gənclərin III Beynəlxalq Mədəni İrs və Turizm Forumu keçirilib.

Forumun açılışında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Prof.Dr. Fərəh Əliyeva 2 fevral Gənclər günü ilə əlaqədar gənc tədqiqatçıları və məruzəçiləri təbrik edib. Forumun Universitetdə keçirilməsinin əhəmiyyətindən danışıb. Universitetlə MİRAS İctimai Birliyinin əməkdaşlığında maraqlı olduğunu, indiyə qədər birlikdə beynəlxalq kurslar, festivallar, seminarlar və konfransların təşkil edildiyini bilidirib.

İctimai Birliyin sədri Fariz Xəlilli çıxış edərək tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Qeyd edilib, iki günlük forumun keçirilməsinin məqsədi gəncləri bir araya gətirməklə müxtəlif ölkələr arasında mədəniyyət, mədəni irsin qorunması və öyrənilməsi, turizm və onun yeni sahələri istiqamətində əməkdaşlıq perspektivlərini genişləndirmək, yeni ideyaların mübadiləsinə və uğurlu təcrübələrin geniş tətbiqinə nail olmaqdır. MİRAS İctimai Birliyinin 8 illik fəaliyyətindən bəhs edən Fariz Xəlilli bu il həm Cümhuriyyətin 100 illiyi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyi, Naxçıvanının İslam Mədəniyyətinin paytaxtı olması ilə əlaqədar çoxsaylı tədbirlərin keçirilməsini planlaşdırdıqlarını bildirib.

AMEA-nın müxbir üzvü Cəfər Qiyasi, Prof.Dr. Kübra Əliyeva, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşı Pərviz Nəcəfov çıxış edərək gənclərə uğurlar arzu ediblər.

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin Azərbaycanın mədəni irsinin öyrənilməsi, mühafizəsi və təbliği sahəsində gördüyü işlərə dəstək verdiyi üçün Prof.Dr. Fərəh Əliyeva “MİRAS Mükafatı – 2018” ilə təltif olunub.  

Forumda Bülbülün Memorial Muzeyinin direktoru və Azərbaycan Turizm və Menecment Universitetinin dissertantı Fərqanə Cabbarova "Musiqi profilli muzeylərdə informasiya-texnologiya vasitələrindən istifadə", Gürcüstan Qafqaz İrsi Tədqiqat İnstitutunun əməkdaşları Fatma Ağacanova və Elnur Əliyev ""Qafqaz Arxivi" və "Əlverişli Kitabxana" layihələrinin Qafqaz üçün əhəmiyyəti", Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistri Dünya Məmmədli "Şəhər mədəniyyətinin formalaşmasında müasir texnologiyalar", Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistri Fatma Səmədova "İşğal altında olan memarlıq abidələrinin tədqiqi və təbliğində müasir texnologiyaların rolu", Bakı şəhəri 270 nömrəli tam orta məktəbin müəllimi Məhsəti Cəfərova və şagirdi Leylan Cəfərzadə "Mədəni irs və təhsil", Ağsu rayonu Gəgəli kəndi ümumi orta məktəbinin əməkdaşı Zaman Rəhimov "Tərəkəmə folklorunun araşdırılması və təbliği", Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Tərxan Paşazadə "Vikipediyada mədəni irs və turizm", Matrix Oasis turizm şirkətinin əməkdaşı Aidə Məlikova "Tarixi-mədəni turizmin ölkədə turizmin inkişafına təsiri və arxeoloji turizm", Azerbaijan Travel Agency şirkətinin direktoru Valeh Cəfərov "Sosial medianın turizm məhsullarının marketinqində rolu", Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının müəllimi Fəridə Əliyeva "Mədəni irs və turizmin inkişafında yeni trend - Arxeoməktəb", ADPU Quba filialının direktor müavini Aysel Şeydayeva və tələbə Azər Zahirov "Dünya tanıdıqca gözəlləşir: Quba turizmi", Uz Avto Baku şirkətinin İT mütəxəssisi Orxan Qəmbərov "Həvəskar fotoqrafiya və turizm", ADPU Şamaxı filialı TGT sədri Südabə Əlibəyli "Dağlıq Şirvanda kənd turizminin inkişaf prespektivləri", Bakı şəhəri 76 nömrəli körpələr evi və uşaq bağçasının tərbiyəçisi Könül Mirzəyeva "Məktəbəqədər yaşlı uşaqların inkişafında mədəni irs və turizm", Ağsu şəhəri 1 nömrəli məktəb-liseyin şagirdi Tünzalə Əsədova "Bölgə məktəblərində təhsilə innovativ yanaşma – Ağsutex" İtaliya YOCOCU Assosiasiyasının prezidenti Dr. Andrea Macchia və Prof.Dr. Bruno Canfreda "Yaşıl konservasiya nədir?", Türkiyənin Türk Kültür Fondu Mədəni İrsi Qoruma və Təbii Boya Laboratoriyasının Dr. Emine Torgan Güzel "Tekstil konservasiyası və təbii boyalar" mövzusunda məruzə ediblər.

 
Oxunub : 5856