AZE ENG
Facebook
Twitter Google Myspace
"Bakıdan Balkanlara Xəlvətilik" III Beynəlxalq Simpoziumu keçirilib
14-5-2018

May ayının 12-də Türkiyə Cümhuriyyətinin Amasiya şəhərində "Bakıdan Balkanlara Xəlvətilik" III Beynəlxalq Simpoziumu keçirilib. Simpoziumu Gənc Təsəvvüfçüləri Dəstəkləmə və Təkmilləşdirmə Dərnəyi təşkil edib. Türkiyə, Azərbaycan, Makedoniya, Bosniya və Hersoqovinadan 20 alimin sufizm və xəlvətiliyə dair müxtəlif mövzularda məruzəsi dinlənilib. Amasiyanın Yeni Kültür Mərkəzində baş tutan Simpoziumu Gənc Təsəvvüfçüləri Dəstəkləmə və Təkmilləşdirmə Dərnəyinin sədri Süxəndan Ərdin açaraq növbəti üçüncü simpoziumun Amasiyada keçirilməsinin önəmini, Amasiya sufiləri və xəlvəti sufi məktəbinin Amasiyada keçdiyi tarixi mərhələləri vurğulayıb. Sonra məktəblilər müxtəlif sufi şairlərin şeirlərindən ibarət kompozisiya təqdim ediblər.

Simpozium 4 bölmədə öz işini davam etdirib. Birinci bölmədə Prof.Dr. Beylü Dikeçligil "Padşah qonmaz saraya xanə məmur olmadan", Prof.Dr. Kazım Hacımejliç "Qazi Xosrov bəy və onun xəlvəti xanəgahı", Dos.Dr. Mücahid Qacar "Xəlvətilik haqqında ədəbiyyata baxış (xəlvətilik biblioqrafiyası)", Dr. Muradiyə Çimdikər "Şeyx Camal Xəlvətinin kamil insan anlayışı" və Nehri Aydinçə "Rumelili xəlvəti divan şairlərinə məxsus təsəvvüf ədəbiyyatına baxış" mövzusunda məruzə ediblər. İkinci bölmədə Prof.Dr. Ləvənt Bayraqdar "İnsanın rəşid edilməsində fəlsəfə və təsəvvüf bütünləşməsi", Dos.Dr. Əli Öztürk "Yəhya Şirvaninin xəlifələri öncəsi Anadoluda xəlvətilər", Dr. Rəşid Çavuşoğlu "Xəlvəti-Uşşaqi yolunda alim və sufi bir şair: Bəkir Sidqi Vüsali", Dr. Türkan Uymaz "Bügünkü konservatoriya təhsil sisteminin ənənəvi təsəvvüfi təhsil qurumları olan təkyələrdə tətbiq olunan incəsənət təhsili sistemi ilə müqayisə olunması" və Yeliz Kösə "Xəlvəti Ümmi Sənanın ölümü qavrayışı" mövzusunda çıxış ediblər. Üçüncü bölmədə Prof.Dr. Mehmet Dəmirçi "Son dövrlərdə İzmirdə xəlvəti-uşşaqilər", Dr. Fariz Xəlilli "Azərbaycanda xəlvəti pirlərinə aid mədəni irs", Mustafa Özçilək "Xəlvəti mənbələrində Yunis Əmrə", Eyyub Saleh "Xəlvətiliyin mərkəzi Öziçə və Şeyx Müslihəddin Öziçəli" və Sinəm Dilarə Çimdikər "Pir Məhəmməd Bəhaəddin Ərzincani Xəlvəti həzrətlərinin Məqamətül-arifin və Maarifüs-salikin adlı əsərinə əsasən təsəvvüfdə dost anlayışı", dördüncü bölmədə isə Prof.Dr. Safi Arpaquş "Hz. Mövlanə və mövləvi ənənəsində xəlvət", Dr. Mətin Haqverdioğlu "Hüsaməddin Hüseyn Yasarın "Amasiya tarixi"ndə Amasiyada xəlvətilik", Mehmet Veysi Dördbudaq “Camal Xəlvəti və amasiyalı mütəsəvvüf şairlərin güldəstəsi”, Özdən Aydın "Şəmsi Sivasi dərgahı" və Tuğçə Kanar "Xəlvətilərin əsərlərində rüya və ərz etmə ədəbi" mövzusunda məruzə ediblər.

Simpoziumun yekun iclasında çıxış edən dərnəyin fəxri sədri Həsən Şükrü Yayındaş gənclərin mənəvi tərbiyəsində ənənə və dəyərlərin əhəmiyyətindən danışıb. Növbəti simpoziumun Kosovo Respublikasının Yakova şəhərində keçiriləcəyi elan edilib. Sonra iştirakçılara sertifikat, plaket və hədiyyələr verilib.

Mayın 13-də simpozium iştirakçıları Amasiya şəhərinin tarixi yerləri və abidələrini, o cümlədən Azərbaycanla bilavasitə bağlılığı olan Pir İlyas, İsmayıl Şirvani və Həmzə Nigarinin türbələrini ziyarət ediblər.

 
Oxunub : 5652