AZE ENG
Facebook
Twitter Google Myspace
Girdiman bələdçi klubu İsmayıllı kəndlərində araşdırmalar aparır
27-9-2018

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi çərçivəsində İsrayıl Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin nəzdində tarix müəllimi Təranə Yusifovanın rəhbərliyi ilə yaradılan məktəblilərin Girdiman bələdçi klubu İsmayıllı kəndlərində sorğular keçirir və araşdırmalar aparır.

Ekspert, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin iştirakı ilə Diyallı, Talıstan, Xanagah, Lahıc, Basqal, Mücü, Sulut, Mollaisaqlı kəndlərində yerli sakinlər, müəllimlər, valideynlər və məktəblilər arasında sorğular keçirilmiş, həmin kəndlərin tarixi və folkloru araşdırılmışdır. Hacı Məcid əfəndi məscidi, Cavanşir qalası, Qız qalası, Lahıc Tarix-diyarşünaslıq muzeyi, Basqal İpək mərkəzi, Firdağ şəhəri, Haram qalası, Mollaisaqlı antik və ilk orta əsr nekropolunda olan klub üzvləri hazırlanan kataloqda həmin abidələrin təqdim olunması üçün məlumat toplamış və fotolar çəkmişlər. Hazırda kataloq nəşrə hazırlanır.

Girdiman bələdçi klubu İsmayıllının maddi və mənəvi irsinin öyrənilməsi və təbliğinə digər rayon və şəhərlərin məktəblilərini də cəlb etmək məqsədi ilə fotoqrafiya, əl işləri, rəssamlıq, esse yazısı və videofilm üzrə müsabiqə elan etmişdir. 

Müsabiqəyə foto, rəsm, əl işləri, esse yazılar, film və videoçarx nominasiyalarında iş təqdim oluna bilər.

1. Foto – Müsabiqəyə göndəriləcək fotolar jpg formatında və yüksək keyfiyyətdə olmalıdır. Foto üzərində kəsmə, rəng, kontrast kimi bir sıra kiçik əməliyyatlar aparıla bilər. Lakin dəyişikliklər köklü surətdə olmamalı, redaktə işləri fotonun gerçək halını böyük qismdə əks etdirməlidir.

2. Rəsm – Müsabiqəyə təqdim etmək istədiyiniz rəsmin əvvəlcə şəklini çəkib mail ünvanımıza göndərirsiniz. Bu şəkillər dəyərləndirilməsi üçün jüri heyətinə təqdim olunacaq. Bəyənildiyi təqdirdə məktubla bu sizə bildiriləcək və öz rəsm işinizlə İsrayıl Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinə təqdim edəcəksiniz.

3. Əl işləri – Rəsm kateqoriyasında olduğu kimi, eynilə öz əl işlərinin şəklini çəkib e-mail ünvanımıza göndərirsiniz. Bəyənildiyi təqdirdə əl işinizlə birlikdə məktəbimizə gəlməyiniz sizə bildiriləcəkdir.

4. Esse yazılar - Word formatında e-mail ünvanımıza göndərməlisiniz. Bəyənilən essenin müəllifinə məlumat veriləcək və məktəbə dəvət olunacaq.

5. Film – 2 dəqiqəlik videoçarx və ya 5 dəqiqəlik qısa film təqdim edə bilərsiniz.

İşlər "girdimanbeledchi@gmail.com" ünvanına 30 sentyabr 2018–ci il tarixdən gec olmayaraq göndərilməlidir. Məktubun mövzu hissəsinə “müsabiqə” yazılmalı, ondan aşağıda qalan hissədə iştirakçının soyadı, adı qeyd edilməlidir. Təqdim ediləcək işlərin sayına məhdudiyyət yoxdur. Hər kateqoriya üzrə qalib gəlmiş ilk 3 yerə diplom və bütün iştirakçılara sertifikat veriləcəkdir. Qaliblər Girdiman bələdçi klubunun 1 gecə 2 günlük düşərgəsinə qatılacaqlar. Təqdimat 14 oktyabr 2018-ci ildə Talıstan kəndində baş tutacaq.

 
Oxunub : 5192