AZE ENG
Facebook
Twitter Google Myspace
Gənclər Qafqaz İslam Ordusu yolu ilə Bakıya yürüş etdilər
14-9-2013

2013-cü il sentyabrın 12-13-də MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi "Gənclərə tanıtım - Qafqaz İslam Ordusu yolu" mədəni irs turu təşkil edib. Qafqaz İslam Ordusunun Bakını azad etməsinin 95 illiyinə həsr olunmuş mədəni irs turunun iştirakçıları Gəncə-Göyçay-Ağsu-Şamaxı-Hökməli-Güzdək-Bakı (Şəhidlər Xiyabanı) marşurutu ilə hərəkət ediblər. Onlar XX əsrin əvvəllərində Azərbaycan xalqının erməni daşnakları və rus bolşevik qüvvələrinə qarşı apardığı mübarizəsində qardaşlıq yardımına yetişən və Azərbaycanın dövlət müstəqilliyini qazanmasında, istiqlalının qorunmasında həlledici rol oynayan Qafqaz İslam Ordusunun şərəfli döyüş yolunu izləməyə nail olublar.
Mədəni irs turu sentyabrın 12-də Qafqaz İslam Ordusunun ilk qərargahının yerləşdiyi Gəncə şəhərindən başlanıb. Gəncə Dövlət Universitetinin professoru Etibar Allahverdiyev Gəncə şəhərində yerləşən 3 qərargah (Avropa oteli (Köhnə Karvansaray), Bağbanlar məhəlləsi və Gəncə körpüsü (1896-cı il)), Milli Şuranın iclas zalı (Gəncə Dövlət Aqrar Universitetinin akt zalı), Azərbaycan Cümhuriyyəti Hökumətinin binası və Fətəli xan Xoyskinin iş otağı (Universitet Muzeyinin binası) haqqında geniş məlumat verib. Mədəni irs turuna Gəncədə fəaliyyət göstərən Xəzər Tədris Mərkəzinin müəllim və tələbələri də qatılıb.
İştirakçılar həmin gün Qafqaz İslam Ordusunun ikinci əsas qərargahının yerləşdiyi Göyçay şəhərinə gəliblər. Göyçay Tarix Diyarşünaslıq Muzeyinin direktoru Bəsti Sultanova qərargahın yerləşdiyi Sadıq ağa və Həzrət bəy qardaşlarının evi (hazırda İmam Xomeyni İmdad Cəmiyyətinin Göyçay şöbəsi yerləşir), Göyçayın Bozdağdan bolşevik-daşnak qüvvələri tərəfindən top atəşinə tutulduğu zaman parçalanmış, lakin 4 yerdən yenidən pöhrələnmiş çinar ağacı, eləcə də Türk əsgəri və soyqırım abidəsi haqqında geniş məlumat vermişdir.
Tura qatılanlar axşam Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksinə gəlmiş, orada gecələmişlər.
Sentyabrın 13-də səhər iştirakçılar Qafqaz İslam Ordusunun üçüncü əsas qərargahının yerləşdiyi Ağsu rayonunun Külüllü kəndi ərazisindəki Bilal əfəndi məscidinə gəliblər. Bilal əfəndinin nəvəsi Elşad Sadıqov qərargahın məsciddə yerləşməsi və ailə qəbiristanlığında türk əsgərlərinin də dəfn edildiyi haqqında maraqlı məlumatlar verib.
Tura qatılanlar yol boyunca Şamaxı rayonunun Şərədil kəndini (ordu qərargahının alaçıqları bir müddət orada yerləşib), Qobustan (Mərəzə) rayonunun Acıdərə kəndində Qafqaz İslam Ordusu zabitinin qəbrini, Türk şəhidliyi abidəsini, Abşeron rayonu Hökməli qəsəbəsində ordunun iri toplarının yerləşdiyi ərazini ziyarət ediblər.
İştirakçılar sonra Qafqaz İslam Ordusunun dördüncü əsas qərargahının yerləşdiyi Abşeron rayonu Güzdək qəsəbəsinə gəliblər. Güzdək qəsəbə bələdiyyəsinin sədri Həsən Hacağayev Güzdək kəndində qərargahın yerləşdiyi evləri, dəvəlikləri göstərmiş, qərargah, səhiyyə bölüyü və nişangah haqqında danışıb. Dəfələrlə qərargahın təyyarələrlə bombalandığını, yerli sakinlərdən də ölən və yaralananların olduğunu bildiriblər.
“Gənclərə tanıtım - Qafqaz İslam Ordusu yolu” mədəni irs turunun iştirakçıları sonda Şəhidlər Xiyabanına gəlib, Vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizi yad ediblər, onların ruhuna dualar oxuyub, qəbirləri üzərinə gül dəstələri qoyublar. Xiyabandakı Türk şəhidliyini ziyarət edən gənclər, Gəncədən Bakıya gəldikcə topladıqları gül dəstələrini abidə önünə qoyublar.
MİRAS İctimai Birliyinin sədri Fariz Xəlilli görülən işin əhəmiyyətindən və mədəni irs turunun davamlı olmasını istədiklərindən bəhs dib, bu layihəyə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyi, Qafqaz Universiteti Qafqaz Araşdırmaları İnstitutu, “Yeni yol” Gənclərin Maariflləndirilməsi İctimai Birliyi, Gəncə Xəzər Tədris Mərkəzi, eləcə də “AzərTac” Azərbaycan Dövlət Teleqraf Agetnliyinin dəstək verdiyini qeyd edib. Azərbaycan Texniki Universitetinin İctimai fənlər kafedrasının müdiri, professor Şikar Qasımov Qafqaz İslam Ordusunun haqq işindən, gənclərin vətənpərvərlik hissinin gücləndirilməsində belə turların zəruri olmasından danışıb.
Sonda mədəni irs turunun iştirakçılarına Qafqaz İslam Ordusu və general Nuru Paşa haqqında kitab, jurnal və disklər hədiyyə edilib.

Oxunub : 4375