AZE ENG
Facebook
Twitter Google Myspace
"Ağsuda tərəkəmə obaları" araşdırma tanıtım seminarı keçirilib
27-11-2018

Noyabrın 27-də Ağsu rayonu Pirhəsənli kənd tam orta məktəbində "Ağsuda tərəkəmə obaları" araşdırma tanıtım seminarı keçirilib. Seminar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra edilən “Ağsuda tərəkəmə ənənələrinin araşdırılması, kitabın nəşri və seminarların keçirilməsi” layihəsi çərçivəsində aparılan araşdırmaların təqdimatına həsr olunub. Seminarda əsasən Pirhəsənli kənd tam orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib.

Seminarı giriş sözü ilə açan Pirhəsənli kənd tam orta məktəbinin direktoru Şakərəm Zeynalov araşdrımaların nəticəsi olan tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin "Ağsuda tərəkəmə obaları: Axtaçılar, padarlar, kəngərlilər və qaraqoyunlular" monoqrafiyası haqqında fikrini bölüşüb. O, qeyd edib ki, tərəkəmələrdən olan kəngərlilər həm də müasir Pirhəsənli kəndinin əsasını qoymuşlar.

Araşdırmalar haqqında təqdimatla çıxış edən tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli bildirib ki, Şirvanın kəngərli tərəkəmələri əslində üç obadan ibarət olmuşdur. Onlardan biri Ağsu rayonunun Pirhəsənli kəndinin əsasını qoyan Pirhəsənli kəngərliləri, digər ikisi isə Kürdəmir rayonunun Böyük Kəngərli və Bala Kəngərli obalarıdır. Bəzi ehtimallara görə, 1782-ci ildə Quba xanı Fətəli xan Qarabağa yürüşü zamanı sosial bazasını genişləndirmək məqsədilə bəzi elatları Şirvana gətirmişdir. Maraqlıdır ki, Pirhəsənli Kəngərlisi obası həm Şirvanda, həm də Qarabağda eyniadlı Pirhəsənli kəndlərini salmışlar. Ağsu rayonunun böyük kəndlərindən olan Pirhəsənli kəndi XIX əsrin əvvəllərində Şirvan əyalətinin Xançoban mahalına, sonralar isə Şamaxı qəzasının Xançoban dairəsinə daxil olmuşdur. Pirhəsənli kəndi həm də dini ocaqların mərkəzidir.

Layihənin eksperti fəlsəfə üzrə fəlsəfə doktoru Elmira Abasova qeyd edib ki, Xançoban mahalının Axtaçı, Qaraqoyunlu, Padar, Pirhəsənli obalarının əhalisinin 1831, 1849, 1864, 1873 və 1886-cı illər üzrə siyahıya alınması tam dəqiqliklə araşdırılıb.

Pirhəsənli kənd tam orta məktəbinin tarix müəllimi Rəşad Zərbəliyev seminarın əhəmiyyətini yüksək qiymətləndirərək gələcəkdə də tarix mövzulu seminar və dəyirmi masaların keçirilməsinin nəinki məktəblilərin, eləcə də müəllimlərin yeni elmi ədəbiyyat və nəşrlər haqqında dünyagörüş və düşüncələrini inkişaf etdirəcəkdir. O, türk kimliyini vurğulayaraq, milli-mənəvi dəyərlərin aşılanmasında tərəkəmə obaları haqqında araşdırmaların önəmli olmasını qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi tərəfindən yaradılmış Xançoban folklor ansamblı (Ruslan Adgözəlov, Pərviz Osmanov, Dadaş Məmmədov, Cahid Mikayılov, Elsevər Rəsulov və Elməddin Quliyev) milli vətənpərvərlik mövzusunda musiqi parçaları ilə çıxış edib.

Məktəblilər tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilliyə suallar ünvanlayıblar. Sualları cavablandıran müəllif məktəblilərə imzalı kitablarını hədiyyə edib.

"Ağsuda tərəkəmə obaları" araşdırma tanıtım seminarları Ağsu rayonunun Qaraqoyunlu, Padar Gülmalı və Gəgəli kəndlərində də keçiriləcəkdir.

Oxunub : 8552