AZE ENG
Facebook
Twitter Google Myspace
Ştruqa şəhərində "Ohrid-Vodiçi-2019" konfransı keçirilib
23-1-2019

17-19 yanvar 2019-ci il tarixində Makedoniya Respublikasının Ştruqa şəhərində “Ohrid-Vodiçi - 2019: Kimlik, mədəni irs və turizm müasir gündəlik həyat və qlobal proseslərin əhəmiyyətli elementləri kimi” VII beynəlxalq elmi-praktiki konfrans baş tutmuşdur.

Konfrans Makedoniyanın Evro-Balkan Universiteti (Skopye), Sosial Mədəni Antropologiya İnstitutu, Türkiyənin Səlcuq Universitetinin Türk Əl Sənətləri Araşdırma və Tətbiqetmə Mərkəzi, Macarıstanın Mütərəqqi Tədqiqatlar İnstitutu və Azərbaycanın MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilmişdir.

Tədbirdə Avropanın 11 ölkəsindən (Azərbaycan, Türkiyə, Makedoniya, Macarıstan, Bolqarıstan, Albaniya, Serbiya, Rusiya, İtaliya, Bosniya və Hersoqovina, Böyük Britaniya və s.) 50-dən çox alim və tədqiqatçı məruzələrlə çıxış etmişdir.

Tədbiri giriş sözü ilə açan Konfransın Təşkilat Komitəsinin sədri, Dr. Deyan Metodiyeski deyib ki, müxtəlif amillər turizmi dövlət və özəl iqtisadiyyat, mədəni irs, identiklik və hətta qlobal proseslər üçün münasib etmişdir. Turizm insan cəmiyyətini ələ almaqdadır. Demək olar ki, bütün cəmiyyətlərdə insanlar turizmlə bağlıdırlar. Dünya İqtisadiyyatının qloballaşmasından, səyahət və daşımalar üçün beynəlxalq şəbəkələrin təkmilləşməsindən sonra alimlər və tədqiqatçılar üçün maraqlı olan müəyyən tədqiqat obyektləri turistlər üçün də əlçatan oldu. Eyni zamanda, turizm bir çox antropoloq, politoloq, sosioloq və əlbəttə ki, davamlı inkişaf, ətraf mühitin mühafizəsi ilə məşğul olan ekoloqların və digər insanların diqqət mərkəzində olan iqtisadi inkişaf və ictimai-siyasi dəyişikliklərin, onlarla bağlı proseslərin katalizatorudur.

Azərbaycan nümayəndə heyəti adından MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli çıxış edərək Azərbaycan heyətinin yeddinci dəfədir ki, bu ənənəvi konfransda iştirak etdiyini bildirib. O, qeyd edib ki, Makedoniya və Azərbaycan münasibətləri son illərdə xeyli inkişaf edib. Azərbaycanda Makedoniya dostu qurumlardan biri kimi tanınan MİRAS İctimai Birliyi yeni əməli işlərin görülməsində maraqlıdır. 2019-cu ildə MİRAS İctimai Birliyi Böyük Balkan mədəni irs turunu təşkil etməyi planlaşdırır, eləcə də Tərəkəmə Çərşənbəsi IV Beynəlxalq Folklor Festivalına makedoniyalı folklor qruplarını dəvət edir.

Daha sonra Makedoniya Parlamentinin deputatı Prof.Dr. Rubin Zemon, Makedoniya Evro-Balkan Universitetinin direktoru Dr. Aleksandar Manasiyevski, Macarıstan Mütərəqqi Tədqiqatlar İnstitutunun direktoru Prof.Dr. Ferenk Misslivets, Rusiya Elmlər Akademiyası Etnologiya və Antropologiya İnstitutunun əməkdaşı Prof.Dr. Viktor Şnilerman çıxış etdilər. Makedoniyanın Vevçani qəsəbəsinin Drim Kol folklor qrupu milli musiqi və rəqsləri ifa ediblər.

Konfransın bölmə iclaslarında antropologiya, etnologiya, turizm, incəsənət tarixi, folklor, sosiologiya və s. mövzularda məruzələr dinlənilmişdir. Konfransda Azərbaycan Dövlət Pedaqoji Univeristetinin dosenti Dr. Nazilə Abdullazadə “Namiq Kamal və Əliağa Vahid yaradıcılığında insan hüquqları motivləri”, Naxçıvan Dövlət Universitetinin dosenti Dr. Nəzakət İsmayılova “Naxçıvan bölgəsində milli təhsil institutlarının yaranması və dərsliklərin nəşri", Naxçıvan Dövlət Universitetinin müəllimi Dr. Vüsalə İsmayılova “Azərbaycan florasının nadir bitkisi Xarı bülbül Tarixi Qarabağ mədəni irsi kimi”, Azərbaycan Dövlət Pedaqoji Univeristeti Şamaxı filialının müəllimi Dr. Fariz Xəlilli "Tarixi Şirvan bölgəsi və sufizm tarixi" mövzusunda məruzə etmişlər.

Tədbir çərçivəsində qonaqlar YUNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilmiş Ohrid şəhəri və onun tarix-mədəniyyət abidələri, Ştruqada Drim çayında həyata keçirilən Epifaniya mərasimi, Bitola şəhərində Atatürkün xatirə muzeyi ilə yaxından tanış olmuşlar. Makedoniyanın Dövlət naziri Elvin Həsən və Makedoniya Parlamentinin deputatı Enes İbrahimlə görüşən Azərbaycan nümayəndə heyəti Azərbaycan-Makedoniya Dostluq və Əməkdaşlıq Cəmiyyətinin fəaliyyəti, Skopye və Bakı şəhərlərinin qardaşlaşması, Makedoniya və Azərbaycan Universitetləri arasında tələbə mübadiləsi, turizm şirkətlərinin qarşılıqlı turlar təşkil etmələri, Azərbaycanda Nəsimi ilində Makedoniya sufizm irsinin tanıdılması istiqamətində təkliflər səsləndirmişdir.

Oxunub : 7345