AZE ENG
Facebook
Twitter Google Myspace
AMEA-nın müxbir üzvü Vəli Əliyev vəfat edib
10-1-2020

Vəli Əliyev 1936-cı ildə Şəki şəhərinin Daşbulaq kəndində anadan olmuşdur. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirmiş, 1966-cı ildə namizədlik, 1984-cü ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1994-cü ildə professor elmi adını almış, 2003-cü ildə isə AMEA-nın müxbir üzvü seçilmişdir.

O, 1959-cu ildə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda baş laborant kimi əmək fəaliyyətinə başlamış, 1960-cı ildə bu qurumda kiçik elmi işçi, 1971-ci ildə baş elmi işçi vəzifələrində çalışmışdır.

V.Əliyev Azərbaycanın tarixi və arxeologiyası sahəsində 300-ə yaxın elmi əsərin, o cümlədən 9 monoqrafiya və kitabın müəllifi idi. Onun Azərbaycanın qədim tarixinin arxeoloji tədqiqi sahəsinə həsr olunmuş “Azərbaycanın tunc dövrü boyalı qablar mədəniyyəti”, “Qədim Naxçıvan”, “Ağsunun tarixi səhifələri”, “Naxçıvan Azərbaycanın tarixi diyarıdır”. “Gəmiqaya”, “Naxçıvanın Qədim qala şəhərləri”, “Qədim Qarabağ” kitabları və digər bu kimi əsərləri elmi ictimaiyyətin rəğbətini qazanmışdır.

Alim Arxeologiya və Etnoqrafiya İnstitutunun “Naxçıvan Muxtar Respublikasının maddi mədəniyyəti” mövzusunun əsas tədqiqatçısı və Naxçıvan arxeoloji ekspedisiyasının rəhbəri idi. O, Naxçıvanda qədim və orta əsr abidələri üzrə elmi tədqiqat işləri aparmışdır.

V.Əliyev Azərbaycanın Milladan əvvəl II-I minillikləri əhatə edən qədim şəhər mədəniyyəti, ilk tunc dövrü Kür-Araz mədəniyyəti, orta tunc dövrü Boyalı qablar mədəniyyəti, son tunc və ilk dəmir dövrü Xocalı-Gədəbəy mədəniyyəti, Cənubi Azərbaycanın tunc dövrü mədəniyyətləri, qayaüstü təsvirlər və erkən piktoqrafik yazı mədəniyyəti, qədim tayfa ittifaqlarının dövlət qurumlarının təkamülü, Azərbaycan xalqının ilkin etnik formalaşması-etnogenezi, və s. mühüm problem məsələlər üzrə tədqiqatlar aparmışdır. Onun tərəfindən 1960-1980-ci illərdə aparılan gərgin və səmərəli axtarışlar sayəsində Naxçıvan Muxtar Respublikası ərazisində 500-dən artıq yeni tarixi abidə aşkar edilmişdir.

O, 1990-cı ildən  AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Tunc və ilk dəmir dövrü arxeologiyası şöbəsinin müdiri işləmişdir. Eyni zamanda, Azərbaycan Dövlət Pedaqoji Universitetində Ümumi tarix kafedrasının müdiri idi.

Arxeoloq Naxçıvan çayı vadisindəki Kültəpə adlı yaşayış yerlərində, Şərurda Ovçular təpəsi, Sədərək, Xələc, Maxta, Daşarx və b. eneolit-tunc dövrü abidələrində apardığı arxeoloji tədqiqatlarda əldə etdiyi faktiki materiallara əsaslanaraq Azərbaycanda, bütövlükdə Qafqazda, Ön Asiyada – Anadoluda, Suriyada və Fələstində e.ə. IV-III minilliklərdə geniş yayılmış Kür-Araz mədəniyyətinin qədim Naxçıvanda, Qarabağda və Urmuda yerli oturaq əkinçi-maldar tayfaların eneolit mədəniyyəti əsasında təkamül tapdığını müəyyən etmişdir.

Azərbaycanın erkən şəhər mədəniyyət abidələrinin tədqiqi Vəli Əliyevin adı ilə bağlı idi. O, Naxçıvandakı İkinci Kültəpə, Oğlanqala, Şahtaxtı-Govurqala, Qazançı qalası, Gilan-Plovtəpə ilkin şəhər mərkəzlərində, Naxçıvan şəhərinin tunc dövrü nekropolunda, Çalxanqala, Vayxır-Govurqala, Əznəburd və digər qədim qala-şəhər abidələrində müdafiə istehkamlarında apardığı arxeoloji tədqiqatlar əsasında Azərbaycanda e.ə. III-II minilliklərdə iri tayfa ittifaqlarına – erkən dövlət qurumlarına məxsus qədim şəhər mərkəzlərinin yarandığını sübut etmişdir.

AMEA-nın müxbir üzvü Vəli Əliyev Ordubad rayonu ərazisində Qapıcıq-Gəmiqaya zirvəsinin cənubunda, dəniz səviyyəsindən 3500–3700 m. yüksəklikdə qədim Boyalı Qablar mədəniyyətinin qayaüstü təsvirlərini – petroqlifləri (e.ə. IV-I minilliklər) aşkara çıxarıb tədqiq etmişdir.

Onun rəhbərliyi ilə 2 elmlər doktoru və 15 fəlsəfə doktoru hazırlanmışdır.

İctimai fəaliyyəti ilə tanınan Vəli Əliyev Azərbaycan Ağsaqqallar şurası, Pakistan və Mərkəzi Asiya elmi Assosiasiyası və "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin üzvü olmuşdur.

AMEA-nın müxbir üzvü Vəli Əliyevin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

Oxunub : 4058