AZE ENG
Facebook
Twitter Google Myspace
"Mədəni irsin öyrənilməsinə ədəbi təhlillər" mövzusunda onlayn seminar
8-5-2020

Mayın 7-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, onun "Orta əsr Ağsu şəhəri" və "Gəncə" Dövlət Tarix Mədəniyyət Qoruqlarının, "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə "Mədəni irsin öyrənilməsinə ədəbi təhlillər" mövzusunda onlayn seminar keçirilib.

Onlayn seminarda AMEA Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva və "Orta əsr Ağsu şəhəri" Dövlət Tarix Mədəniyyət Qoruğunun direktoru, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin məruzələri dinlənilib. Səadət Şıxıyeva məruzəsində Nəsiminin Haqq aşiqi olması haqqında danışıb. Onun Sovet dövründə təqdim edildiyi kimi olmadığını, Allaha inandığını və ona sevgisini izhar etdiyini bildirib. Səadət Şıxıyeva Nəsiminin şeirlərində sevimli ifadəsi olan "mən"lə yanaşı və əlaqədə "Haqq" sözlərinin işlədilmə tezliklərini ölçdüyünü, "Haqq" kəlməsinin "mən" qədər tez-tez işlədildiyini qeyd edib. Nəsiminin şeirlərində Haqq Allahın mahiyyəti, zatı anlamında işlənir. "Haqq" sözü "mən"lə eyniləşəndə "aşiqi-vasil" mənasına gəlir. O, qeyd edib ki, Nəsiminin Fəzlullaha eşqinin arxa planında da Allaha məhəbbət durur.

Fariz Xəlilli isə məruzəsində qeyd edib ki, xəlvətilik ənənəsinin əsası Azərbaycanda Pensər və Şıxakəran xanəgahlarında Seyid Cəmaləddin və İbrahim Zahid tərəfindən qoyulmuşdur. Xəlvətilik ənənəsi Şamaxının Avaxıl və Məlhəm xanəgahları vasitəsilə Pir Ömər və Əxi Mirim tərəfindən Şirvanşahlar dövləti hüdudlarında inkişaf etdirilmişdir. Ağsuda tərəkəmələr, Şamaxıda sənətkarlar arasında geniş yayılan xəlvətilik Bakı xanəgahından Seyid Yəhya vasitəsilə bütün dünyaya yayılmışdır. Azərbaycanın Şirvan, Qarabağ, Quba, Dərbənd, Gəncə, Təbriz və digər bölgələrində alim və şairlərin dəstəyi ilə xəlvətilik xanəgahları mühüm psixoloji və pedaqoji mərkəzlər halına gəlmişdir. Fariz Xəlilli qeyd edib ki, biz bu xanəgahların maddi-mədəni irsini öyrənməklə Azərbaycanın zəngin orta əsr tarixinə yenidən baxa biləcəyik.

Müzakirələrdə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qoruqların idarəolunmasına və istifadəsinə nəzarət sektorunun müdiri Mahir Qəhrəmanov, təşviqat işlərinin rəhbəri Yasəmən Döymə, "Gəncə" Dövlət Tarix Mədəniyyət Qoruğu Nizami filialının müdiri Gülnarə İsmayılova, AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Nailə Bayramova, ADPU Şamaxı filialının dekanı Qahirə Şahbazova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dekan müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Seyidəhmədli, Muğla Sıtkı Koçman Universitetinin magistri Aidə Məlikova və digər iştirakçılar çıxış ediblər. Onlar sufilik və hurufiliyin fərqli tərəfləri, monqol və teymuri hakimiyyətinə qarşı sufi və hürufilərin mücadilə məsələsi, tərki-dünyalığa münasibət, hürufiliyin simvolikası, yəhudi mistisizmi ilə hürufiliyin əlaqəsi, sufi ənənələrinin davamlılığı və hazırki vəziyyəti haqqında suallar ünvanlayıblar.

 
Oxunub : 3221