AZE ENG
Facebook
Twitter Google Myspace
Azərbaycan arxeologiyasında Qafar Cəbiyev məktəbi
27-7-2020

Azərbaycan arxeologiyasının öyrənilməsində ilk orta əsrlər dövrü, eləcə də Qafqaz Albaniyası dövrünə aid arxeoloji abidələrin tədqiqi elmimizin başlıca məqsədlərindəndir. Bu sahədə müxtəlif dövrlərdə ayrı-ayrı mütəxəssislər sistemli elmi araşdırmaları ilə seçilmişdir. Azərbaycanın ilk orta əsrlər arxeologiyasının tədqiqi ilə məşğul olan, bu sahədə özünəməxsus elmi əsərləri ilə seçilən arxeoloq alimlərimizdən Qafar Cəbiyevin müasir Azərbaycan arxeologiyasında xüsusi yeri vardır. Hörmətli professorumuz Qafar Cəbiyevin 2011-2014-cü illərdə dissertantı, hal-hazırda isə onun elmi məsləhətçiliyi ilə doktorantı olaraq bir cümlə ilə bunu söyləməyi özümə borc bilirəm: Qafar Cəbiyev Azərbaycan arxeologiyasında xüsusi izi olan bir məktəbdir. Mən bu məktəbin məzunu kimi onu deyə bilərəm ki, istər elmi rəhbərim olduğu müddətdə, istərsə də elmi məsləhətçi kimi hər zaman Qafar Cəbiyevin məsləhətlərindən faydalanaraq onları tədqiqatlarım zamanı tətbiq etmişəm. 

Azərbaycanın ilk orta əsrlər arxeologiyasında əsas məsələlərdən biri də müstəhkamların, yəni istehkam tipli abidələrin öyrənilməsidir. Bu dövrə aid eyni tip abidələrin tədqiqində Qafar Cəbiyevin əməyi danılmazdır. Avropa arxeologiyasında ayrıca bir mövzu olan bu araşdırmalar müasir Azərbaycan arxeologiyasında da artıq ixtisaslaşmaya doğru irəliləyir. Arxeologiyada “qala-şəhər” termini ilk orta əsrlər arxeologiyası üçün səciyyəvidir və bunu məhz Qafar Cəbiyev öz sistemli arxeoloji tədqiqatları ilə göstərmişdir. Təkcə Torpaqqala (Bəyimli) abidəsinin arxeoloji baxımdan öyrənilməsi buna bariz nümunədir. Qeyd etdiyim kimi, Qafar Cəbiyev arxeoloji məktəbinin bir yetirməsi olaraq ilk orta əsr istehkamlarının tədqiqində mənim üçün də bir yol açıq olmuşdur. Tərkəş müstəhkamında (Oğuz rayonu) arxeoloji tədqiqatlar zamanı hər zaman Qafar müəllimdən məsləhətlər alaraq, istehkam tipli abidələrin və qalaların arxeoloji qazıntısı zamanı hansı metod və üsullardan istifadə etmək lazım olduğunu, nə zaman və necə tətbiq etməyin zəruriliyini öyrənmişəm. Buna görə hər zaman dəyərli alimimiz Qafar Cəbiyevə minnətdaram. 
Azərbaycan arxeologiyasında, xüsusilə də Qafqaz Albaniyasının arxeoloji abidələrinin və tarixinin öyrənilməsində mühüm məsələlərdən biri də onun tarixi-coğrafiyası olmuşdur. Bu baxımdan hamıya məlum olduğu kimi Qafar Cəbiyevin Girdiman tarixinin və tarixi coğrafiyasının, eləcə də, Girdimanın antik və ilk orta əsr abidələrinin tədqiqi özünəməxsus yer tutur. Qeyd etdiyimiz kimi, Albaniyanın tarixi coğrafiyası və onun əyalətlərinin-vilayətlərinin ayrı-ayrılıqda sistemli şəkildə öyrənilməsi də Qafar Cəbiyev məktəbinin məhsuludur. Bu məktəbin yetirməsi kimi hal-hazırda mən də Qafar müəllimin rəhbərliyi və elmi məsləhətləri ilə Qafqaz Albaniyasının Kambisena əyalətinin tarixi, tarixi coğrafiyası və arxeoloji abidələrinin öyrənilməsi ilə məşğul oluram. Əgər fikir versək görərik ki, Qafar Cəbiyevin özünün və rəhbərlik etdiyi gənc arxeoloqların elmi işlərinin heç biri təsadüfi adlarla adlanmayıb, əksinə, Azərbaycan arxeologiyasının, onun dövlətçilik tarixinin, alban dövrü abidələrinin öyrənilməsi baxımdan əhəmiyyətli mövzular olmaqla yanaşı, həm də milli strategiyaya uyğun vətənpərvərliyi ilə seçilir. Qafar Cəbiyev məktəbi gənc arxeoloq yetişdirməklə yanaşı, Azərbaycan elminə həm də əsl vətənpərvər elmi tədqiqatçılar bəxş edir. 
Qafar müəllimlə birlikdə apardığımız arxeoloji qazıntılar isə həmin məktəbin sanki praktikasıdır. Zaman-zaman müxtəlif abidələrdə Qafar Cəbiyevin rəhbərliyi ilə aparılan arxeoloji qazıntıların iştirakçısı kimi qazıntı dövründə elmi baxımdan çox mühüm məsələlərin tədqiqində istifadə olunan metodlara yiyələnməklə yanaşı, həmin üsul və metodları öz tədqiqatlarımda da tətbiq edərək nailiyyətlər əldə etmişəm. Bu da öz növbəsində Qafar Cəbiyev məktəbinin məhsuludur – cümləsini əminliklə söyləməyə əsas verir. 
Qafar Cəbiyevin arxeoloji tədqiqatlarının uğurla nəticələnməsi hər zaman Respublika rəhbərliyinin də diqqət mərkəzində olmuşdur. Ötən il orta əsr Ağsu şəhərinin tarixi-arxeoloji baxımdan öyrənilməsinə dərin dövlət dəstəyi kimi onun qoruq elan olunması, bu il Şamaxıda Avaxıl kəndində Pir Ömər Sultan abidəsinin tədqiqi zamanı Cənab Prezident İlham Əliyevin və xanımı Birinci Vitse-Prezident Mehriban Əliyevanın abidəyə səfəri, oraya göstərdiyi diqqət buna bariz nümunədir. 
Qafar Cəbiyev vətənpərvər alim, Azərbaycan arxeologiyasında özünəməxsus məktəb yaratmış arxeoloq, albanşünas və girdimanşünas tədqiqatçı, ən başlıcası dəyərli insani xüsusiyyətləri ilə seçilən bir şəxsiyyətdir. Azərbaycan arxeologiyasında Qafar Cəbiyev məktəbinin yetirməsi olduğum üçün hər zaman fəxr edirəm. Qafar müəllimə hər zaman can sağlığı, bundan sonra da böyük uğurlar və nailiyyətlər arzu edirəm. İnanıram ki, onun rəhbərliyi ilə hələ torpaq altında yatan çox sirləri üzə çıxaracağıq. Qafar Cəbiyev məktəbinin gələcəkdə xeyli gənc arxeoloqu elmimiz üçün yetişdirəcəyinə əminəm. Qafar müəllimin 70 illik yubileyini və ad gününü ürəkdən təbrik edirəm!
 
Oxunub : 2724